Məhkəmə qərarları › İş №2(013)-1556/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1556/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1556/2024 04.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə 04 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(047)-435/2023 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(047)-435/2023 saylı qətnaməsinə əsasən cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü İlduzə və xx.xx.2021-ci il təvəllüdlü Dəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat aliment tutulmuşdur. Göstərilən məbləğin uşaqların tələbatını ödəmədiyini, uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini, cavabdehin uşaqların saxlanmasında ona köməklik etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək fəhlə işlədiyini, iki qardaşının şəhid olduğunu, hər ay hər uşağa görə ödədiyi 140 manat alimentin 10 manat ödənilməsinə etiraz etmədiyini, çox artırılacağı təqdirdə ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmədə elan olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(047)-435/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş İlduzə və xx.xx.2021-ci ildə anadan olmuş Dəniz adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV № 207671 saylı və AZ-İV № 597586 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci ildə İlduzə və xx.xx.2021-ci ildə Dəniz adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, cavabdehin gəlirləri barədə tərəflərin sübut təqdim etmədiyini nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh uşaqları İlduzə və Dənizin yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat - cəmi 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsini məqsədə uyğun hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, həmçinin İddiaçı müdiasiya üçün ödədiyi 50 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(047)-435/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş İlduzə və xx.xx.2021-ci ildə anadan olmuş Dəniz adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Dəyişdirilmiş alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 04 sentyabr 2024-cü il tarixli 2(013)-1556/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. İddiaçı mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar