Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1634/2024 04.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Mersedes Benz-230” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 9500 manat və həmin avtomobilin əsaslı təmirinə çəkdiyi 4000 manat, cəmi 13500 manat pulun alınaraq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun şəhid ailəsi olduğunu, Cavabdeh isə onun qohumu olduğunu, onun Bakı şəhəri, Binəqədi rayonu ərazisində sexi olduğunu, xx.xx.2020-ci il tarixində, həmin sexdə 2-ci qrup Qarabağ Qazisi olan oğlu Cəmaləddin üçün “Mersedes Benz-230” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili 9500 manat pul məbləğinə aldığını, şahidlərin yanında Cavabdeh ona söz verərək Ağdam rayonuna gələcəyini və avtomobili onun adına qeydiyyata aldıracağına söz verdiyini, özünün Şahmurada inandığını və razlaşdığını, daha sonra isə avtomobilin əsil sahibinin X3 olduğunu və həmin şəxsin kredit borcu olduğu üçün avtomobilin üzərinə həbs qoyulduğunu, bütün bu problemlərin həll edilməsi üçün Şahmuradın ondan möhlət istədiyini, özünün yenə razılaşdığını, lakin Cavabdeh yenə də vədinə əməl etmədiyini və bu günə kimi avtomobilin sənədlərini ona vermədiyini və avtomobili onun adına keçirmədiyini, onun isə avtomobildə çox saylı nazasığlar olduğu üçün təmir etdirdiyini və buna 4000 manat pul xərclədiyini bildirdi və iddianln təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia tələbinə qarşı etiraz daxil olmuş və həmin etirazda göstərilmişdir ki, Cavabdeh etibarnamə əsasında istifadəsində olan avtomobili iddiaçının oğlu Camaləddin ilə razılaşdıqları məbləğə satmışdır, lakin sonra həmin avtomobilə dair başqalarının borcları çıxmışdır. İddiaçının oğlu Camaləddin həmin avtomobili istifadə etmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, İddiaçı “Mersedes Benz-230” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh alaraq onun yanında avtomobilə görə 9500 manata pul vermişdir. Sonra məlum olmuşdur ki həmin avtomobil X2 adına olmuş və həmin şəxsin kredit borcu olduğu üçün avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh həmin avtomobili iddiaçının adına sənədləşməni vəd versə də buna əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, İddiaçı “Mersedes Benz-230” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh alaraq onun yanında avtomobilə görə 9500 manata pul vermişdir. Sonra məlum olmuşdur ki həmin avtomobil X2 adına olmuş və həmin şəxsin kredit borcu olduğu üçün avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh həmin avtomobili iddiaçının adına sənədləşməni vəd versə də buna əməl etməmişdir. Məhkəmə iddiaçının izahatını və çıxışını, şahid izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tərəfindən iddiaçıya iddianın avtomobilin əsaslı təmirinə çəkdiyi 4000 manat pulun tutulması hissəsinin təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddianın həmin hissəsinə dair məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9500 manat pul tutularaq İddiaçınin xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 105 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1634/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1634/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver