Məhkəmə qərarları › İş №2(013)-1657/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1657/2024

25.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1657/2024 25.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kreditin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikah dövründə "xxxx" ASC-dən götürdüyü 1500 manat və "xxxx" ASC-dən götürdüyü 1350 manat kreditin yarı hissəsi olan 1425 manat məbləğində pulun alınb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, birgə nikahdan iki övladlarının olduğunu, ailə ehtiyaclarının ödənilməsi üçün birgə nikah dövründə “X1” ASC-dən 1500 manat və "xxxx" ASC-dən isə 1350 manat məbləğində kredit götürdüyünü, daha sonra aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulduğunu, birgə nikah dövründə götürdüyü kreditin hazırda onun tərəfindən ödənildiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, onun iddia tələbində göstərilən iddiaçının götürdüyü kreditlərdən xəbəri olmadığını və həmin kreditlərin ümumi ailə ehtiyaclarına sərf olunmadığını, iddiaçının həmin kreditlərin nə üçün götürdüyünü və nəyə xərclədiyini bilmədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 may 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 09 mart 2022-ci il tarixli 1306sNARb/22 nömrəli müqavilə üzrə 1523.1 manat borcu var Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 37.3-ci maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Göründüyü kimi, iddiaçı qeyd olunan borcun hər iki tərəfin, yəni cavabdeh ilə birgə borcu olduğunu iddia edirlərsə, artıq bu halda iddiaçı götürülən kreditin ailənin ehtiyaclarının qarşılanmasına sərf edildiyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutlar yoxdur. Həmçinin, məhkəmə tərəfindən İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da İddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikah dövründə "xxxx" ASC-dən götürdüyü 1500 manat və "xxxx" ASC-dən götürdüyü 1350 manat kreditin yarı hissəsi olan 1425 manat məbləğində pulun alınb ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar