Məhkəmə qərarları › İş №2(013)-1712/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1712/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1712/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi – övladı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: T.A.Həmzəyeva rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 500 (beş yüz) manat, 38 (otuz səkkiz) manat və bank uçot dərəcəsinə uyğun olaraq iki il üçün faizlərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonu Göytəpə kəndindən məcburi köçkün kimi Ağdam rayonu Xındırıstan kəndində yaşayır. Cavabdeh 2022-ci ildə pula ehtiyacı olduğu üçün ondan və mərhum əri Mirzədən 500 manat borc pul istəyərək tez bir zamanda qaytaracağına söz vermişdir. Aralarında qohumluq münasibəti olduğundan və mərhum əri Mirzənin Elçinin əmiləri və atası ilə dostluq münasibətində olduğundan etibar edərək Elçindən hər hansı bir yazılı qəbz almamışlar. Elçinin iddiaçıya borclu olması barədə etirafedici səs yazılarını disk şəklində iş materialına əlavə edilmişdir. Cavabdeh borc aldığı pulu tez müddətdə qaytaracağına söz vermişdir. İddiaçı dəfələrlə Cavabdeh borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən E.M.Rəhimova iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh onun valideynlərindən üç il bundan əvvəl 500 manat borc almış və hazırki vaxta qədər heç bir məbləğ qaytarmamışdır. Elçinin onun mərhum atasına qızıl vermədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, mərhu Mirzə Həmzəyevdən 2023-cü ildə 500 manat borc almış və qızıl girov qoymuşdur. Sonradan Mirzəyə 200 manat qaytarmış, lakin qızılını geri almamışdır. İddianın 300 manat hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 500 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin məbləği qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı, istərsə də cavabdeh tərəf T.A.Həmzəyevanın müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. T.A.Həmzəyeva iddiasının 38 manat və bank uçot dərəcəsinə uyğun olaraq iki il üçün faizlərin tələbinə dair hissəsini əsaslandırmadığından, məhkəmə iddianın həmin hissədə rədd olunmasına qənaətinə gəlmişdir. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı ərizəsində qeyd etməsinə baxmayaraq, hazırki tələbi irəli sürərkən dövlət rüsumunu ödəməmişdir. T.A.Həmzəyeva məcburi köçkün olduğundan dövlət rüsumunun ödənilməsindən azad olmuşdur. Cavabdeh məhkəmədə izahat verərkən iddiaçı tərəfdən 500 manat aldığını etiraf etmiş, 200 manat qaytardığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat alınaraq X3 verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. X1 Cavabdeh qarşı olan iddiasının qalan - 38 (otuz səkkiz) manat və bank uçot dərəcəsinə uyğun olaraq iki il üçün faizlərin tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar