Məhkəmə qərarları › İş №2(013)-1724/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1724/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1724/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mal-qara almaq üçün ödədiyi 900 manat pulun, mal-qaranın müalicəsi üçün xərclədiyi 150 manat pulun, cəmi 1050 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ailə üzvüləri ilə birlikdə Tərtər Rayon Köçərli kəndində yaşayır. 2020-ci ildə Vətən Müharibəsinə könüllü olaraq qoşulmuş və qələbə gününədək döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. Müharibədə iştirakı ilə bağlı Ali Baş Komandan, cənab İ.Əliyev tərəfindən bir sıra orden və medallar ilə təltif olunmuş, həmin təltifnamələrlə bağlı sənədlərin surətlərini ərizəyə əlavə etmişdir. 2025-ci ilin aprel ayının 18-də Bərdə rayon ərazisində yerləşən Mal Bazarından, əvvəllər tanımadığı, Ağdam Rayon Qardağlı kənd sakini, Cavabdeh 900 manat dəyərində bir baş inək balası (xalq dilində buzov) almış, heyvanı alarkən heyvanın ayaqlarının çirkli, mal təzəyinə batmış olduğunu görüb Sərvandan heyvanın qarınının ağrıyıb ağrımamağını, bayırsaqlarında hər hansısa bir xəstəliyinin olubolmamasını soruşmuşdur. Sərvan isə ona bildirmişdir ki, heyvanı bazara gətirərəkən avtomobil çoxlu silkələdiyinə görə heyvan özünü batırıbdır, narahat olmasın heç bir xəstəliyi yoxdur. Həmin vaxt Sərvana bildirmişdir ki, heyvanda hər hansısa bir xəstəlik olsa heyvanı qaytarıb özünə verəcək və verdiyi 900 manatı geri alacaqdır. Sərvan da razılaşmış, bundan sonra satın aldığı 1 baş heyvana görə Sərvana 900 manat pul vermiş və heyvanı avtomobilə mindirib yaşadığı Tərtər Rayon Köçərli kəndinə yaşadığı evə gəlmişdir. Evə gəlib çatarkən heyvanın yenidən özünü batırdığını görüb narahat olduğunı görə Sərvana zəng edərək vəziyəti bildirmiş, Sərvan ona bildirmişdir ki, narahat olma elə-belə xəstəlikdir. Filan dəva-dərmanı, iynəni eləsin keçəcək. Sərvana inanıb onun dediyi müalicəni 3 gün davam etdirmiş, müalicənin heç bir xeyri olmadığı üçün Sərvanla danışaraq heyvanı qaytarmaq istədiyini bildirmiş və onun yaşadığı Qardağlı kəndinə getmişdir. Sərvandan aldığı bir baş heyvanı onun tövləsinə salaraq verdiyi 900 manatı tələb etmiş, Sərvan müxtəlif bəhanələr etməklə yanaşı tanımadığı bir nəfəri ora dəvət edərək özünün şəriki kimi təqdim etmiş, 900 manatı verməkdən imtina etmişdir. Bundan sonra heyvanı Sərvanın tövləsində qoyaraq, onun videosunu çəkərək Sərvangildən çıxmişdır. Sərvan onun pulunu qaytarmır ki, rəhmətə getmiş atasının qəbir üstü daşının pulunu verə bilisin. Maddi imkanı pis olduğuna görə atasının qəbrinin üstünü düzəltdirə bilmir. Sərvana verdiyi 900 manat pulu və heyvanın müalicəsinə xərclədiyi 150 manat pulu vermədiyi üçün Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, onun şikayəti əsasında Sərvanın izahatını almışlar və ona isə məktub vermişlər ki, mülki qaydada məhkəmədə iddia qaldırsın. Həmin vaxtdan və ondan sonra da dəfələrlə pulunu istəməyinə baxmayaraq Sərvan borclu olduğu pulu qaytarmır. Odur ki, məsələnin sivil qaydada həll olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehdən 1000 manata satmaq istədiyi buzovu 900 manata almışdır. Cavabdeh satarkən buzovun sağlam olmasını ona bildirmişdir. Buzovu alıb evə gətirmiş, onun xəstə olmasını görmüş, dərhal satıcı Sərvana bu barədə demişdir, həmçinin buzovun vəziyyətini video çəkiliş edərək ona göndərmişdir. Cavabdehin göstərişləri ilə heyvanı dava-dərman etmişdir. 2 gün heyvanı müalicə etmiş, baytar həkimləri Cəfər həkim və Qələmmirzə adlı həkimlərə vəziyyəti demişdir. Həkimlər aparılan müalicələrlə və dərmanlarla tanış olandan sonra heyvanın bağırsaqlarında problem olmasını bildirmişlər, dərmanların güclü təsir edən dərman olmasını bildimişlər, müalicənin fayda verməyəcəyini demişlər. Bundan sonra cavabdehlə yenə də danışmış, cavabdeh demişdir ki, buzovu gətirsin, pulunu verəcək. Buzovu cavabdehin qapısına gətirmiş, buzovu ona təhvil vermiş, cavabdeh isə buzovu sağaldacağını, yaxud sağalmasa pulunu qaytaracağına söz vermişdir. Belə razılaşmışlar. Lakin sonra buzov ölmüş, cavabdeh buzovun pulunu verməmişdir. Buzovun müalicəsinə 150 manat pul xərcləmişdir. 44 günlük Qarabağ müharibəsinin qazisidir, 80 manat pensiyası və anasının aldığı pensiya ilə dolanırlar. Cavabdehin hərəkətləri nəticəsində zərərə məruz qalıb. Ona görə də pulunun qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etmədi. Göstərdi ki, tanıdığı bir şəxsin fermasından həmin buzovu satmaq məqsədi ilə almış, satmaq üçün bazara çıxarmış, 1100 manata satmaq istəmişdir. İddiaçı buzovu ona satmasını təkid etmişdir. 1100 manata razılaşmışlar, sonradan isə 1000 manata razılaşmışlar, ancaq buzovu Şükürə 900 manata, yəni 100 manat zərərinə satmışdır, 6-7 günlük buzov satılarkən sağlam olmuşdur. Şükür buzova yaxşı baxmadığından buzov xəstələnmiş, aldığı vaxtdan 3 gün keçəndə buzovu qaytarmışdır. Buzovun sağalması üçün özü 176 manat özü pul xərcləmişdir. Buzov qaytarılandan 1 gün sonra ölmüşdür. Hesab edir ki, vəziyyətin belə yaranmasında heç bir təqsiri yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini bir daha xahiş edir. Şahid qismində izahat verən X4 göstərdi ki, Şükürün xahişi ilə idarə etdiyi VAZ-06 markalı avtomaşınla buzovu Sərvanın qapısına aparıb düşürmüşdür. Sərvan buzovu götürmüş, demişdir ki, heyvanı sağaldacaq, yaxud da sağalmasa pulunu verəcək. Şahid qismində izahat verən X2 göstərdi ki, Sərvanın atasıdır. Sarvan mal-qara alveri edir. Buzovu evə gətirəndə evdə olmayıb. Sonra evə gələndə buzova sistem vururmuşlar. Buzov sağalmamış və onlarda tələf olmuşdur. İddia tərəfinin təqdim etdiyi video göorüntülərdən görünür ki, buzovun müalicəsi ilə bağlı dərmanlar alınmış, müalicəsi aparılmış, lakin buzov 3-4 gün ərzində tələf olmuşdur. Məhkəmə tərəfləri və şahidləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il təvəllüdlüdür. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Köçərli Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 96 saylı, 30 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin kənddə yaşayır. Bərdə Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətdə göstərmiş olduğu xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 20 may 2023cü il tarixdə verilmiş M/V 120493 saylı Vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli, 2717 saylı Sərəncamı ilə verilmiş İ-5721 saylı Azərbaycan Respublikası Medalı Vəsiqəsinin surətindən görünür ki, İddiaçı “X3 Görə” medalı ilə təltif edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 21 aprel 2022-ci il tarixli, 250 S saylı Sərəncamı ilə verilmiş İ-76113 saylı Azərbaycan Respublikası Medalı Vəsiqəsinin surətindən görünür ki, İddiaçı “X1” medalı ilə təltif edilmişdir. Göründüyü kimi tərəflər aralarında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 900 manat müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam olaraq ödəmiş, cavabdeh isə iddiaçıya bir baş buzov satmışdır. Cavabdeh satdığı buzovun sağlam olduğunu bildirmiş, iddiaçıya zəruri və düzgün məlumat verməmiş, buzovun sağlamlığı ilə bağlı alıcıya heç bir rəsmi sənəd təqdim etməmişdir. Məlum olmuşdur ki, cavabdehin iddiaçıya satdığı buzov heyvanı xəstə olmuş və həmin heyvan satıldıqdan 3-4 gün ərzində tələf olmuşdur. İddiaçı ona satılmış buzovun xəstə olması ilə bağlı Cavabdeh buzovun alındığı günü məlumat vermiş, Cavabdeh göstərişlərinə uyğun olaraq buzovun müalicəsi üçün onun dediyi dərmanları almış, buzovun müalicəsi üçün lazım olan bütün hərəkətləri etmiş, həkimlərlə əlaqə saxlamışdır. Cavabdeh buzovu müalicə etməsini iddiaçıya tövsiyyə etmiş, buzovun sağalmayacağı təqdirdə pulunu ödəyəcəyini ona bildirmişdir. Cavabdeh buzovun xəstəliyi ilə bağlı buzovun satıldığı gün məlumatlandırılmışdır. Buzov 3-4 gün ərzində müalicə edilmiş, lakin müalicələr fayda verməmiş, buzov tələf olmuşdur. Cavabdeh buzovun ölümünün səbəbini iddiaçının buzova yaxşı baxmaması ilə əlaqələndirir, özünün bu işdə təqsiri olmamasını bildirir. Lakin göründüyü kimi buzov alındıqdan sonra həmin gün xəsələnmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heyvan almaq üçün cavabdehə ödədiyi 900 manat məbləği cavabdehdən geri istəməkdə haqlıdır. İddiaçı buzovun müalicəsi üçün xərclədiyi 150 manat pulu da tələb edir, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmir ki, məhkəmə iddia tələbinin həmin hissəsini təmin etməyəcək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 617.1-ci maddəsində göstərilmişdir ki, satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.2-ci maddəsində qeyd olunmuşdur ki, pərakəndə alqı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Həmin Məcəllənin 617.3-cü maddəsində göstərilmişdir ki, alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 617.4-cü maddəsinə əsasən alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Qeyd olunan Məcəllənin 624.1-cü maddəsində göstərilmişdir ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki, : /624.1.1/ keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin, /624.1.2/ alış qiyməti mütənasib surətdə azaldılsın, /624.1.3/ malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın, /624.1.4/ malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Məcəllənin 624.4 maddəsinə görə bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 608-ci maddəsində göstərilmişdir ki, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsində qeyd olunmuşdur ki, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır : /609.2.1/ cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə, /609.2.2/ qaramalda heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə, /609.2.3/ davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. Həmin Məcəllənin 612.1.3-cü maddəsində göstərilmişdir ki, müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. Məcəllənin 612.3-cü maddəsinə görə əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 613.1-ci maddəsində qeyd olunmuşdur ki, alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı müharibə veteranı olduğundan qanunla dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş həcminə müvafiq olaraq, yəni 30 manat məbləğində pul MPM-nin 119-cu maddəsinin tələbləri baxımından cavabdehdən alınıb dövlət nəfinə verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh heyvan almaq üçün ödənilmiş 900 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, tələbin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh – heyvan almaq üçün ödədiyi 900 /doqquz yüz/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Dövlət rüsumu kimi ödənilməli məbləğ olan 30 /otuz/ manat pul Cavabdeh tutulub dövlət nəfinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar