Məhkəmə qərarları › İş №2(013)-1746/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1746/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1746/2024 07.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Zeynallı Asiman Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması tələbi barədə mülki işə 07 avqust 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində xx.xx.2008-ci ildə anadan olmuş Nurlan, xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlə arasında olan nikah 2018-ci ildə pozulmuş, hər iki uşaq onun himayəsində qalmışdır. 2018-ci ildə məhkəmə hər ay cəmi 200 manat aliment tutulması barədə qərar qəbul etmişdir. 2019-cu ildə alimentin məbləği azaldırılaraq hər ay 40 manata endirilmişdir. Uşaqlarını saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, əmək qabiliyyəti olmayan 2-ci qrup əlil kimi hər ay 220 manat pensiya alır. Aliment məbləğini artırmaq üçün imkanı yoxdur. Hər ay aldığı 220 manat pensiyadan əlavə qazancının olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-2801/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2008-ci ildə Ağdam RİHB-nın Mərzili ərazi nümayəndəliyində 22 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların anası İddiaçı himayəsində saxlanması, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərək həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(013)-2801/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi, dəyişdirilmiş alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 09 aprel 2019-cu il tarixli 2(013)- 672/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Həmin işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 saylı arayışından və tibbi arayışların surətindən görünür ki, Cavabdeh əmək qabiliyyətsiz olmaqla uşaqlıqdan ikinci qrup əlil olmuş və hər ay 61 manat pensiya almışdır. Əlillik haqqında arayışdan görünür ki, Cavabdeh hazırda «oliqoreniyanın debillik dərəcəsi, doğuş travmasından sonra» diaqnozu ilə müddətsiz ikinci qrup əlil və əmək qabiliyyətsiz kimi 220 manat pensiya alır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(013)-2801/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək ondan xx.xx.2008ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin vaxtdan Cavabdeh əmək qabiliyyətsiz olmaqla uşaqlıqdan ikinci qrup əlil olmuş və hər ay 61 manat pensiya almışdır. Cavabdeh hazırda «oliqoreniyanın debillik dərəcəsi, doğuş travmasından sonra» diaqnozu ilə müddətsiz ikinci qrup əlil və əmək qabiliyyətsiz kimi 220 manat pensiya alır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi qəbul olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olması, onun qazancının qeyri-müntəzəm, dəyişən olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Belə olan halda Cavabdeh uşaqlarının saxlanması üçün aliment Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsinə əsasən tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda üç və daha çox uşağa görə hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarının 8.5-ci bəndində qeyd edilmişdir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2008-ci ildə anadan olmuş Nurlan, xx.xx.2010cu ildə anadan olmuş Cəmil adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)- 672/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar