Məhkəmə qərarları › İş №2(013)-1779/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1779/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1779/2023 12.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 12 oktyabr 2023-cü ildə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" KB ASC-nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında sonuncunun ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh 35 ay müddətinə illik 27,60 faizlə 4500 manat kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixə 3935,19 manat əsas borcu qalmış, faiz, cərimə və komisyon borcu olmamışdır. Qeyd olunanlara əsasən "xxxx" KB ASC-nin xeyrinə Cavabdehdən 3935,19 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzində 59,76 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Z.M.Osmanov məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək göstərmişdir ki, Toğrul adlı dostunun xahişi ilə banka ünvanlanmış ərizəni imzalamışdır. Bundan sonra bank ona 4500 manat kredit xətti açmış və Toğrul həmin məbləğdən 3500 manat bankomatdan kart vasitəsi ilə çıxarmışdır. Toğruldan 2700 manat pulu geri almış, lakin qalan 800 manatı ala bilməmişdir. Hazırda kredit kartının onun istifadəsində olduğunu qeyd etməklə iddianın təmin olunmasına razı olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsi və digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 35 ay müddətinə illik 27,60 faizlə 4500 manat kredit xətti açılmışdır. "xxxx" KB ASC-nin təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, Cavabdeh banka 3935,19 manat əsas borcu qalmış, faiz, cərimə və komisyon haqqı borcu olmamışdır. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirirşin surətindən görünür ki, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh 35 ay müddətinə illik 27,80 faizlə 4500 manat kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 3935,19 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3935 (üç min doqquz yüz otuz beş) manat 19 (on doqquz ) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 59 manat 76 qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar