Məhkəmə qərarları › İş №2(013)-185/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-185/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-185/2024 27.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi – atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 27 mart 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 7506 (yeddi min beş yüz altı) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 2506 manat alınıb ona verilməsi bardə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, özünə məxsus Mercedes Benz E-200 markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsindən keçərkən qarşıdan gələn Baic markalı avtomobilin sürücüsü sonradan adının Cavabdeh olduğunu bildiyi şəxs idarəetməni itirərək onun hərəkət zolağına çıxmış, o, hadisədən yaynmaq üçün avtomobili öz hərəkət zolağının kənarına çəksədə Baic markalı avtomobil onun avtomobilinin yan hissəsini vurmuş və onun avtomobili elektrik dirəyinə dəyərək dayanmışdır. Hadisə nəticəsində onun avtomobilinə 7506 manat ziyan dəymişdir. Həmin məbləğin 5000 (beş min) manatını sığorta şirkətinin verdiyini, qalan 2506 manatı isə tələb etməsinə baxmayaraq cavabdehin ödəmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən Y.Y.Abdullayev iddianı etiraf etməyərək oğlu Cavabdeh təqsiri nəticəsində İddiaçı avtomobilənə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənildiyini, Vüsalın başqa pul ödəməyə imkanının olmadığını qeyd edərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağcabədi Avtoservis və Ticarət Müəssisəsi MMC-nin xx.xx.2023-cü il tarixli 05 saylı rəyindən görünür ki, İddiaçı avtomobilinə 7506 manat ziyan dəymişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus avtomaşınla Cavabdeh idare etdiyi avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində İddiaçı avtomobilinə 7506 manat ziyan dəymiş, həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Belə olan halda Cavabdeh İddiaçı vurduğu 7506 manat zərərin qalan 2506 manat hissəsini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu 45,06 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 2506 (iki min beş yüz altı) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 45,06 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev edən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar