Məhkəmə qərarları › İş №2(013)-1868/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1868/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1868/2025 24.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 935.00 manat əsas borc və 96.90 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 93.00 manat cərimə borcu olmaqla cəmi 1124.90 manat borcun və 31.25 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC-nin Tərtər filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 24478 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən cavabdehin illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə cəmi 935.00 manat məbləğində qalıq əsas kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanın icrasının təmin edlməsi məqsədilə restrukturizasiya edilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə heç bir ödəniş etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin bu günə əsas borc üzrə 935.00 manat, faiz borcu üzrə 96.90 manat, gecikdirilmiş məbləğə görə hesablanmış 93.00 manat cərimə borcu yaranmışdır. Cavabdeh bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar edilmələrinə baxmayaraq yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddələrinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 05 (beş) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 31.25 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 935.00 manat əsas borc, 96.90 manat faiz borcu və 93.00 manat cərimə borcu olmaqla cəmi 1124.90 manat borcun və 31.25 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 935.00 manat əsas borc və 96.90 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 93.00 manat cərimə borcu olmaqla cəmi 1124.90 (bir min bir yüz iyirmi dörd manat doxsan qəpik) manat borc və 31.25 (otuz bir manat iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar