Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2012/2025 03.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – övladı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin və pul tələbi barədə mülki işə 03 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 4000 manat, bir ədəd «Miss-mac» markalı, 583 əyarlı, 40 qram çəkidə boyunbağı, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, yaşıl qaşlı və bir ədəd eyni çəki və əyarlı qırmızı qaşlı qızıl üzük və ya onların dəyəri olan 6000 manat – ümumilikdə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 ildən çoxdur ki, iddiaçı ilə cavabdehin mehrban əlaqələri var. Cavabdeh 2023-cü ilin sentyabr ayında iddiaçının yaşadığı evə gələrək yaxınlarının toyunda iştirak edəcəyini bildirib onda olmaqla mənəvi dəyəri yüksək olan qızıl-zinət əşyalarını toyda taxmaq üçün iddiaçıdan istəmişdir. Cavabdeh qızılları toydan sonra dərhal gətirəcəyini demişdir. İddiaçı inanaraq bir ədəd «Miss-mac» markalı, 583 əyarlı, 40 qram çəkidə boyunbağı, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, yaşıl qaşlı və bir ədəd eyni çəki və əyarlı qırmızı qaşlı qızıl üzüyü bir neçə günlük istifadə etməsi üçün cavabdehə vermişdir. Bundan başqa cavabdeh iddiaçıdan 4000 manat borc almışdır. Lakin 2 ildən artıqdır cavabdeh iddiaçıdan aldığı qızılları və pulu qaytarmır. Dəfələrlə iddiaçı cavabdehlə əlaqə saxlayaraq qızılları və pulu tələb etmiş, lakin heç bir nəticə olmamışdır. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən M.Q.Bəşirova iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, Cavabdeh onlarla uzun müddət dostluq etmiş və aralarında normal münasibət olmuşdur. Anası inanaraq Röyaya pul və qızıllar vermişdir. Röyaya pul və qızıl verilməsi barədə heç bir sübutun olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəf bir ədəd «Miss-mac» markalı, 583 əyarlı, 40 qram çəkidə boyunbağı, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, yaşıl qaşlı və bir ədəd eyni çəki və əyarlı qırmızı qaşlı qızıl üzüyün mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. İdiaçının nümayəndəsi məhkəmədə izahat verərkən cavabdehə pul və qızıl verilməsi barədə heç bir sübutun olmadığını bildirmişdir. Göstərilən səbəbdən İddiaçı əmlak tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın 4000 manat pul tələbinə dair hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddiaçının 4000 manat tələbi təmin oluna bilməz. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əmlak və 4000 manat pul tələbinə dair əsassız hesab edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı ödənilmiş dövlət rüsumu əvəzində 100 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 4000 manat, bir ədəd «Miss-mac» markalı, 583 əyarlı, 40 qram çəkidə boyunbağı, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, yaşıl qaşlı və bir ədəd eyni çəki və əyarlı qırmızı qaşlı qızıl üzük və ya onların dəyəri olan 6000 manat – ümumilikdə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2012/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2012/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver