Məhkəmə qərarları › İş №2(013)-206/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-206/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-206/2025 13.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2900 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, 2024-cü ilin iyul ayında əvvəllər tanımadığı Cavabdeh2 onun evinə gələrək, qardaşı Cavabdeh1 onun yanında işləməsini təklif etdiyini və özünün buna razı olaraq, özünə məxsus X2 HMK 1028 markalı traktoru sürücü kimi işləməsi üçün Cavabdeh1 etibarnamə verdiyini, həmin ilin sentyabır ayında ona zəng edərək, Bərdə şəhərində iş olduğunu bildirdiyini, aradan 3-4 gün keçdikdən sonra qardaşı Arazla onun yanına getdiklərini və həmin zaman Anarın traktorun motorunun yaxşı işləmədiyini, qardaşının motorist olduğu üçün kolso adlı hissənin xarab olduğunu və troktoru onun həyətinə aparmağı bildirdiyini, özünün başqa ustalarla əlaqə saxladığını və həmin ustaların yanacaq nasosunda problem olduğunu bildirdiklərini, troktoru Arazın həyətinə apardıqlarını, bundan sonra traktorun bəzi hissələrini dəyişdirməyi təklif etdiyini və öz qardaşının və onun qardaşı Anarın şahidliyi ilə 1850 manat zapçast alması üçün, əlavə olaraq 1050 manat əlmuzdu üçün ona pul verdiyini, motorun hissələrini dəyişsələr də, troktorun işləmədiyini, daha sonra benzin nasosunun xarab olduğunu və bunun üçün 150 manatı qardaşı Anarın yanında verdiyini, beləliklə qardaşların onu 3050 manat xərcə saldıqlarını və həmin məbləği onlardan tələb etsədə, heç bir nəticəsinin olmadığını və məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında iddianın əsasız olduğunu, İddiaçı dediklərinin həqiqətə uyğun olmadığını, İddiaçı məxsus X2 HMK 1028 markalı traktorun xarab olduğunu və onun isə həmin traktoru təmir etdiyini, iddiaçı Şirazın Qəhrəmanovun tələb etdiyi məbləği traktorun təmirinə xərcləndiyini, həmin traktora ehtiyat hissələri alındığını, təmirdən sonra traktorda heç bir problem olmadığını, traktorun normal işlədiyini, bir müddətdən sonra İddiaçı ilə onun qardaşı Cavabdeh1 arasında başqa işlə əlaqədar mübahisə olduğunu, bundan sonra İddiaçı ona və qardaşı Anara şər, böhtan ataraq əsasız olaraq pul tələb etdiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın əsasız olduğunu, İddiaçı ilə onun razılığına əsasən X2 HMK 1028 markalı traktoru işlətdiyini, daha sonra traktorun xarab olduğunu və qardaşı Arazın həmin traktoru təmir etdiyini, iddiaçının verdiyi bütün pulların da traktorun təmirinə xərcləndiyini, təmirdən sonra traktorda heç bir problem olmadığını, traktorun normal işlədiyini, bir müddətdən sonra İddiaçı ilə onun arasında başqa işlə əlaqədar mübahisə olduğunu, bundan sonra İddiaçı ona və qardaşı Araza şər, böhtan ataraq əsasız olaraq pul tələb etdiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. İddiaçı ona məxsus traktorun təmiri üçün Cavabdeh2 onun yanında 2000 manat məbləğində pul verdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə tərəfindən İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da İddiaçı şahid İddiaçı başqa məhkəməyə digər heç bir dəlil-sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, şahid X1 izahatında göstərilənlər iddianın təmin olunmasına əsas ola bilməz. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh2 İddiaçı sifarişi əsasında sonuncuya məxsus X2 HMK 1028 markalı traktoru təmiri üçün ehtiyat hissələri alaraq həmin traktoru təmir etmiş və təmirdən sonra traktor normal işləmişdir. Digər Cavabdeh1 isə qeyd olunan traktorun təmirinə dair heç bir öhdəliyi yaranmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 2900 manat məbləğində pulun alınb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar