Məhkəmə qərarları › İş №2(013)-2060/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2060/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2060/2024 18.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə 18 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-1859/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Uşaq böyüdükcə 100 manat alimentin uşağın tələbatını ödəmədiyini qeyd etmklə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq cavabdehlə qarşılaşmaq istəmədiyindən məhkəmə iclasına gəlmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qimində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək heç bir yerdə işləmədiyini, ayrıldıqdan sonra başqa qadınla evləndiyini və himayəsində iki azyaşlı uşağının olduğunu, ikinci arvadının vəfat etdiyini iki azyaşlıya özünün baxdığını, aliment artırılacağı təqdirdə ödəyə bilməyəcəyini qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-1859/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehdən Mələk adlı uşağın saxlanması üçün 100 manat aliment tutulması qət edilmişdir. AZE № 18154524 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin xx.xx.2012-ci ildə Mələk adlı uşaqları olmuşdur. AZ-İİİ № 548642 saylı və AZ-İV 301344 saylı doğum haqqında şəhadətnamələrin surətindən Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2015-ci ildə Əli və xx.xx.2019-cu ildə Əminə adlı uşaqları olmuşdur. AZ-İİ № 248603 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X5 DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17-7/2-7- 20108/2024 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 1667.1.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 1667-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh uşağı Mələyin yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulub İddiaçıyə verilməsini məqsədə uyğun hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-1859/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş Mələk adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 18 sentyabr 2024-cü il tarixli 2(013)-2060/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. İddiaçı iddiasının qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar