Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2076/2023 01.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 01 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(002)-199/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31 mart 2021-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd elektron qolbaq, 01 ədəd “Attenti” markalı mobil nəzarət qurğusu (********), 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə məhkumun mobil qurğusuna baxış keçirilərkən mobil qurğunun yararsız vəziyyətə salındığı müəyyən olunmuşdur. Məhkum mobil qurğunun suya düşdüyünü bildirmişdir. Belə olan halda cavabdehin məsuliyyətsizliyindən elektron nəzarət vasitəsinin yararsız hala düşdüyünü qeyd etməklə Cavabdeh mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğində vəsaitin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru Ruhiyyə Məmmədova məhkəməyə ərazi ünvanlayaraq iddianı müdafiə etdiyini, iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılaraq tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllıəsinin 185-ci maddəsinə əsaən işə iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh tətbiq olunmuş elektron nəzarət vasitəsi yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. iş materiallarından görünür ki, Cavabdeh mobil nəzarət qurğusunu yarasız vəziyyətə salmaqla delikt törətmiş və iddiaçıya ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğu üçün təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik alınaraq Dövlət Xəzinədarlıq agentliyinin hesabına keçirilsin. Cavabdeh 42,77 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2076/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2076/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver