Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2085/2025 20.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə mülki işə 20 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 1800 (bir min səkkiz yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təxminən 2024-cü ildə iddiaçının qonşusu və həmkəndlisi cavabdeh X4 Mehdiyevin yanına gələrək Xankəndi şəhərində aya zəhmət haqqı kimi 5000 manata iş oldugunu, həmin işin iddiaçıya məxsus Sprinter maşını ilə Xankəndində yerləşən tekstil fabrikinin işçilərini səhər iş yerinə gətirməkdən və aparmaqdan ibarət olduğunu bildirmişdir. Bu iş iddiaçıya uyğun oldugundan ailəsini dolandırmaq üçün İddiaçı həmin işlə razılaşmışdır. İlk ayı razılaşdıqları kimi cavabdeh tərəfindən zəhmət haqqı kimi iddiaçıya 5000 manat ödənilmişdir. Sonralar ikinci ayı həmin pulun hissə-hissə ödəməklə aralarında 1600 manat pulu qalmışdır. Bundan başqa cavabdeh iddiaçıdan və digər işçilərdən işdə qalmaq adı ilə 200 manat pul almışdır. Müəyyən vaxt keçdikdən sonra cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq həmin borcun 550 manatını vermək istəmiş, lakin iddiaçı cavabdehlə razılaşmamış və borcun tam qaytarılmasını tələb etmişdir. Cavabdeh 1800 manatın qaytarılması öhdəliyini bu vaxta qədər müxtəlif bəhanələrlə icra etməkdən boyun qaçırır. Dəfələrlə edilmiş müraciətlər və xəbərdarlıqlar heç bir nəticə verməmişdir. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etmiş və ərizəsi əsasında Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Ağdam Rayon Polis Şöbəsinin iddiaçıya ünvanladığı 23 may 2025-ci il tarixli məktubda mübahisənin mülki xarakter olduğu bildirərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Xankəndi şəhərində beş maşın işləmişlər. Onu Nurəddin işə götürmüşdür. Rəsmi müqaviləsi olmamış, Xankəndi tekstil şirkətində işləmişdir. Birinci ay 5000 manat əmək haqqı almış, sonra hissə-hissə pul almış, lakin 1600 manat əmək haqqı verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, onu Samirə adlı qadın tekstil şirkətinə işə götüzdürmüşdür. Əvvəl əmək haqqını almış, sonradan isə şirkətdə 8500 manat pulu qalmışdır. Əmək haqqını ala bilmədiyindən müxtəlif yerlərə şikayət etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdeh X2 qarşı 1800 (bir min səkkiz yüz) manat məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2085/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2085/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver