Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2241/2023 25.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 25 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3380 manat və ödənilmiş dövlət rüsumu əvəzində 53,80 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmiş və aralarında dostluq münasibətləri olmuşdur. Elburus 2020-ci ilin yay aylarında onun işlətdiyi Quzanlı qəsəbəsində yerləşən «Azercell» mağazasına gələrək toy etdiyini bildirib toydan sonra qaytarmaq şərti ilə ondan 3000 manat borc almışdır. Bundan təxminən bir həftə sonra Elburus yenidən ondan 380 manat borc almışdır. Elburus hər iki dəfə ondan mağazasının işçiləri X4 və X1 yanında pul almışdır. Elburus aldığı pulu qaytarmamış, bu səbəbdən dəfələrlə Elburusun qulluq etdiyi N saylı hərbi hissəyə gedərək pulunu tələb etmişdir. Tələb etməsinə baxmayaraq Elburus müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X4 göstərmişdir ki, İddiaçı məxsus Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən «Azercell» mağazasında satıcı işləyir. Xəyyam 2020-ci ildə həmin mağazada onun yanında Cavabdeh 3000 manat borc vermişdir. Təxminən 7-10 gün sonra Elburus yenidən mağazaya gələrək Xəyyamdan 380 manat borc almışdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X2 bildirmişdir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən İddiaçı məxsus «Azercell» mağazasında satıcı işləyir. Cavabdeh 2020-ci ildə mağazaya gələrək onun yanında Xəyyamdan 3000 manat borc almışdır. Təxminən bir həftə sonra Elburus yenidən mağazaya gələrək Xəyyamdan 380 manat borc almışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 3380 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulu qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İş üzrə dindirilmiş şahidlər iddiaçının cavabdehə nə vaxt, harada və hansı şəraitdə borc verdiyini təsdiq etmişlər. Həmin şahidlərin ifadəsi ilə iddiaçının izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəblərdən məhkəmə şahidlərin həqiqəti danışdığı, cavabdehin iddiaçıya 3380 manat borclu olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 53,80 manat məbləğində dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 3380 manat və ödənilmiş dövlət rüsumu əvəzində 53,80 manat – cəmi 3433 (üç min dörd yüz otuz üç) manat 80 (səksən) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2241/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2241/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver