Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2258/2023 11.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 11 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 45 (qırx beş) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ər-arvad olmaqla onun həmkəndliləridirlər. 2021-ci ildə cavabdehlərin oğlu Şahlarla şərik mal-qara alveri etmişdir. Həmin vaxt Şahların müxtəlif şəxslərə xeyli borcu qalmışdır. Bu səbəbdən bankdan 10000 manat kredit götürərək Həsən və Cahanın razılığı ilə Şahların başqa şəxslərə olan borcunu ödəmişdir. Bundan sonra Həsən və Cahan onun pulunun bir hissəsini qaytararaq qalan 2500 manat məbləği borclu qalmışlar. Tələb etməsinə baxmayaraq cavabdehlərdən pulunu ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf etməyərək göstərmişdir ki, Cavabdeh2 onun arvadıdır. Həmkəndlisi Afiyəddin 2021-ci ildə onun oğlu Şahlarla birlikdə bazarda mal-qara alveri etmişlər. Həmin vaxt Şahların xeyli borcu yaranmışdır. Adına 3000 manat kredit götürərək Afiyəddinə vermiş, sonuncu isə həmin məbləği Şahların başqa şəxslərə olan borcunun əvəzində ödədiyini demişdir. Bundan sonra Afiyəddin bankdan kredit götürərək Şahların borclarını ödədiyini onlara demişdir. Afiyəddinin ona və arvadı Cavabdeh2 borc vermədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək və Cavabdeh1 izahatını təsdiqləyərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehlərin əsassız varlanmaları, iddiaçıya zərər vurmaları, pul ödəmələri barədə üzərinə hər hansı bir öhdəlik götürmələri məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. Hər iki tərəfin məhkəmədə verdikləri izahatdan məlum olmuşdur ki, cavabdehlər iddiaçıdan borc almamışlar. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı 2500 manat tələbinə dair iddiası rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən ödədiyi dövlət rüsumu əvəzində 45 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 45 (qırx beş) manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2258/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2258/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver