Məhkəmə qərarları › İş №2(013)-230/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-230/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-230/2024 07.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofifisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və əmlaka pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notarial Ofifisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofifisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-517 reyester nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, birgə nikah dövründə Abşeron rayon Mehdiabad qəsəbəsində əldə olunmuş ümumi əmlakları sayılan 0.03 ha torpaq sahəsinin ½ hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddanı müdafiə edərək, İddiaçı ilə Cavabdeh1 xx.xx.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, onların birgə nikahdan iki övladlarının olduğunu və həmin uşaqların artıq yetkinlik yaşına çatdıqlarını, daha sonra tərəflər arasında olan nikahın Ağsu Rayon Məhkəməsinin 2(016)-25/2022 saylı qətnaməsinə əsasən pozulduğunu, tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2013-cü il traixli Alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsini satın aldıqlarını, iddiaçının həmin torpaq sahəsinin bölünməsi üçün dəfələrlə Cavabdeh1 müraciət etdiyini, lakin Cavabdeh1 tərəfindən bu məsələ ilə bağlı heç bir müsbət addım atılmadığını, daha sonra isə Cavabdeh1 tərəfindən sözügedən torpaq sahəsinin 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofifisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 17500 manat qarşılığında Cavabdeh2 satıldığını, baş verən alqı-satqı zamanı 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofifisi əmlakın M.Abbasovanın və Cavabdeh1 birgə nikah dövründə əldə etdiklərini nəzərə almayaraq, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 satıldığını təsdiq etdiyini və bunun qeyriqanuni olduğunu nəzərə alaraq həmin həmin alqı-satqının etibarsız hesab edilməklə bunun əsasında verilmiş çıxarışın ləğv edilməsini və həmin əmlakdan iddiaçının payına düşən ½ hissənin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddanı qəbul etməyərək, birgə nikah dövründə əldə etdikləri bütün var-dövləti, daşınar və daşınmaz əmlakı iddiaçı N.Abbasovaya qoyub getdiyini, bütün bunların qarşılığında isə ona yalnız, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin qaldığını və bu barədə iddiaçı ilə qarşılıqlı razılığa gəldiklərini, hətta həmin puldan 3000 manat istədiyini, özünün isə buna etiraz etməyərək 1500 manatı nəğd, 1500 manatı isə poçtla ona göndərdiyini, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdiyini də, bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın əsasız olduğunu, onun Cavabdeh1 mülkiyyətçisi olduğu Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini 17500 manat qarşılığında satın aldığını, bu barədə 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofifisində onun ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin bağlandığını, onun həmin əmlakı alan zaman Cavabdeh1 keçmiş həyat yoldaşı ilə mübahisələrinin olduğunu bilmədiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan qeydiyyat nömrəsi **********6, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən «Çıxarış»ın sürətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17500 manat qiymətinə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır və həmin müqavilə 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 14 yanvar 2022-cı il tarixli, 2(016)-25/2022 saylı qətnaməsinin sürətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan 10 avqust 2005-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli AZ-İ № 394363 “X2 Şəhadətnamə”nin sürətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında olan nikah, Ağsu Rayon Məhkəməsinin 14 yanvar 2022-cı il tarixli, 2(016)-25/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********12 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 17.09. 2013-cü il tarixli 4Ə-07-2114 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 və X4 paylı mülkiyyətində olan 0.155 ha torpaq sahəsindən özgəninkiləşdirilmişdir) alınmış, 5 saylı Bakı “asan xidmət” mərkəzində Notarial Ofifisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-517 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdır. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülki Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə daşınmaz əmlakı əldə edənin vicdanlılığı prezimpsiyası müəyyən edilmişdir. Belə ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. O şəxs vicdanlı sayıla bilməz ki, alqı-satqı anında alqı-satqının predmeti barəsində 3-cü şəxslərin iddiaları barədə məlumatı olsun və həmin iddialar sonradan təmin olunmuş olsun. Hazırkı halda, Cavabdeh1 ilə Cavabdeh2 ilə sözügedən alqı-satqı müqaviləsini bağlayarkən iddiaçının hər hansı iddiası olmamışdır. İddiaçı həmin torpaq sahəsi ilə iddia qaldırarkən isə artıq qeyd olunan alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla da, Cavabdeh2 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əldə etdiyi torpaq sahəsinə dair vicdanlı alıcı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofifisinə qarşı Cavabdeh1 və Cavabdeh2 arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notarial Ofifisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-517 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, birgə nikah dövründə Abşeron rayon Mehdiabad qəsəbəsində əldə olunmuş ümumi əmlakları sayılan 0.03 ha torpaq sahəsinin ½ hissəsinə pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar