Məhkəmə qərarları › İş №2(013)-232/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-232/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-232/2024 06.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Cavabdeh Yusif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Yusif oğluna qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Yusif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli, 2(013)-491/2011 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilmiş alimentin miqdarı hər ay, hər uşağa görə 235 manat müəyyən edilməklə cəmi 470 manat sabit pul miqdarında tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia ərizəsində İddiaçı ilə Cavabdeh Yusif oğlu aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli, 2(013)-491/2011 saylı qətnaməsi ilə pozulduğunu və birgə nikahlarından doğulmuş 2 övladının iddiaçının himayəsinə verildiyini, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında qət edildiyini, hazırki dövrdə alimentin miqdarınin uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşaqların böyüdüyünü və gündəlik tələbatlarının da artdığını, Cavabdeh Yusif oğlunun imkanının yaxşı olduğunu, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək güstərməkdən imtina etdiyini göstərilmişdir. İddiaçıdan xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram daxil olmuş və İddiaçı teleqramda onun hazırda işi ilə əlaqədar Gəncə şəhərində yaşadığı üçün üzürlü səbəblərdən məhkəmə hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəyini, həmin iclasları onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakın edən Cavabdeh Yusif oğlu izahatında bildirdi ki, o, hazırda heç bir yerdə işləmir, onun maddi imkanı o qədər də yaxşı deyil, gəliri yoxdur. İddiaçının qeyd etdiyi miqdarda aliment ödəməyə onun maddi imkanı yoxdur. Onun başqa nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan da himayəsində bir azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşağı var. Hazır ki ailəsini çətinliklə saxlayır. Odur ki, qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011ci il tarixli, 2(013)-491/2011 nömrəli qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə, tərəflər arasında xx.xx.2007-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində №174 ilə qeydə alınmş nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqlar anası, İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Yusif oğlunun qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, № 234882 nömrəli X3 surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 anası İddiaçı, atası isə Cavabdeh Yusif oğludur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan AZ-İİ seriyalı, № 594962 nömrəli X3 surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 anası İddiaçı, atası isə Cavabdeh Yusif oğludur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Laçın rayon İH başçısının Kürdhacı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh Abdullayev X9 rayonu, Hacıbədəli kəndi ərazisində yaşayır və hazırda heç bir yerdə işləmir. İş materiallarında olan Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 626134 X4 sürətindən görünür ki, Cavabdeh Yusif oğlu ilə X8 arasında xx.xx.2013-cü il tarixdə, 25 nömrə ilə qeydə alınmış nikah bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşaqların hüquqlarını müdafiə edən qanun normalarını əsas götürüb, həmçinin Cavabdeh Yusif oğlunun hazırda heç bir yerdə işlməməsini, onun ailəsinin və himayəsində bir azyaşlı uşağının olduğunu, həmin uşağında minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alıb İddiaçı iddia tələbini qismən təmin edərək təyin edilmiş alimentin miqdarının hər ay, hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğdə dəyişdirilməsini (artırılmasını) məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)- 491/2011 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Yusif oğlundan İddiaçı xeyrinə hər ay, hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 06 fevral 2024-cü il tarixli, 2(013)-232/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)-491/2011 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Yusif oğlundan İddiaçı xeyrinə hər ay, hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 06 fevral 2024-cü il tarixli, 2(013)-232/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Cavabdeh Yusif oğlundan 40 (qırx) manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar