Məhkəmə qərarları › İş №2(013)-2335/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2335/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2335/2024 06.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı və cavabdehlərdən Cavabdeh1nın iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və onun zamini Cavabdeh1 3000 manat borcun və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam Rayon Mərkəzi X4 X2 Ftiziatrik Kabinetinin müdiri vəzifəsində işləyir. Rəhbərlik etdiyi Ftiziatrik Kabinetdə həkim işləyən Cavabdeh2 2023-cü ilin iyun ayında vacib pul lazım olduğunu bildirərək ona 5000 manat borc verməyini xahiş etmiş, həmin vaxt pulu olmadığı üçün, həm də Cavabdeh2 o dərəcədə yaxından tanımadığı üçün pulu cavabdehə verməmişdir. Bir neçə gün sonra Cavabdeh2 digər Cavabdeh1la gələrək bu dəfə 3000 manat borc istəmiş, Cavabdeh2 bildirmişdir ki, 2000 manat pulu artıq özü tapıb, 3000 manat vacib lazımdır. Cavabdeh1 etibar etdiyi və o, xahiş etdiyi üçün qızının dişinin müalicəsinə topladığı 3000 manatı Cavabdeh2 borc kimi vermiş, Cavabdeh2 2023-cü ilin iyun ayında ondan aldığı 3000 manat həmin borcu həmin ilin sentyabr ayında qaytaracağını öhdəsinə götürmüşdür. Ancaq Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi bu günədək yerinə yetirməmiş, dəfələrlə özü və tibb bacısı Aygun Əliyevanın vasitəsi ilə borcunun qaytarılmasını Cavabdeh2 tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh2 hər dəfə Bakı şəhərindəki evini satıb borcunu verəcəyini bildirsə də, yenə də vədinə əməl etməmişdir. Çoxsaylı telefon danışıqları zamanı da Cavabdeh2 ona 3000 manat borcu olmasını etiraf etmiş və tezliklə pulu qaytaracağına söz vermişdir. Göründüyü kimi Cavabdeh2 və onun zamini Cavabdeh1 aldıqları 3000 manat borc məbləğini qaytarmaqdan əsassız olaraq imtina etmişlər. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh2 və onun zamini Cavabdeh1 borclu olduqları 3000 manat pul və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 50 manat məbləğ alınaraq ona verilməlidir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı bir daha iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh ondan borca pul istəsə də əvvəl ona pul vermək istəməmişdir. Lakin Cavabdeh2 bir neçə dəfə ona xahiş etmiş, ona yalvararaq və sonra digər Cavabdeh1la onun yanına xahişə gələrək təkidlə pul istəmiş, ondan əl çəkməmişdir. Cavabdeh1 da ona bildirmişdir ki, yazıq qadındır, əri vəfat edib, ehtiyacı var, həm də əmək haqqı alır, pulu qaytaracaq, Cavabdeh2 borc versin. Cavabdeh1 zamin olduğu və ona etibar etdiyi üçün topladığı 3000 manat pulu Cavabdeh2 borc kimi vermiş, Cavabdeh2 şəxsiyyət vəsiqəsinin surətini telefon vasitəsi ilə ona göndərmişdir ki, narahat olmasın. Cavabdeh2 pulu 2-3 aya qaytaracağına söz vermiş, lakin indiyədək pulu verməmişdir. Dəfələrlə onun yanına adam göndərmiş, zənglər etmiş, lakin heç bir faydası olmamışdır. Cavabdeh2 ilə telefon danışıqları var, orada cavabdeh borcu etiraf edir, qaytaracağını bildirir. Cavabdeh xəstəxanada işləyir, 1200 manat əmək haqqı alır, həmçinin 2ci qrup kimi də təqaüd də alır. Tibb bacısı Aygun Əliyeva da bu işlərdən məlumatlıdır. Cavabdeh2 ardınca çoxlu saylı adamlar xəstəxanaya gəlib onun aldığı pulları tələb edirlər. Hətta xəstəxananın baş həkimi X5 Məmmədovanı baş həkimin otağına dəvət edib bu barədə söhbət etmişlər. Baş həkim Cavabdeh2 bildirmişdir ki, aldığı 3000 manat pulu sahibinə qaytarsın, Cavabdeh2 orada da pulu qaytaracağına vəd vermişdir. Baş həkim bu barədə hətta TƏBİBə də rəsmi məlumat vermiş, Cavabdeh2 ilə aralarında pul mübahisəsinin olmasını TƏBİBə də bildirmişdir. Sonradan eşitmişdir ki, Cavabdeh2 ondan borc pul aldığını etiraf etməyəcəyini /danacağını/ demişdir. Cavabdeh2 pulu Cavabdeh1 sözü ilə verib, yoxsa ona pul verməzdi. Hesab edir ki, cavabdehlərdən pulları alınmalıdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərinə münasibət bildirərək qeyd etdi ki, xəstəxanada bağban işləyir. Həkimlər İddiaçı və Cavabdeh2 iş yoldaşları kimi tanıyır, xəstəxanada bir ailə kimi yaşayırlar. Cavabdeh2 İddiaçı 3000 manat aldığını bilir, ancaq pulun alınıb-verilməsində iştirak etməyib, özü heç kimdən pul almayıb. İddiaçı Cavabdeh2 həmin pulu vermək istəməmişdir, İddiaçı ondan Cavabdeh2 pulu vermək üçün məsləhət alanda bildirmişdir ki, pulu versin, yazıq və ərsiz qadındır. İddiaçı özü pul almamışdır, pulu Cavabdeh2 alıb, hazırkı vaxtadək də qaytarmayıb. Özü də Cavabdeh2 bir neçə dəfə borclu olduğu pulu İddiaçı qaytarmaq lazım olduğunu demiş, 3 dəfə Cavabdeh2 yanına gedib pulların qaytarılmasını istəmiş, Cavabdeh2 əvvəl borclu olduğunu etiraf edib pulu qaytaracağını bildirmiş, sonradan isə onu rədd etmiş, bu işlərə qarışmamasını ondan tələb etmişdir. Lakin Cavabdeh2 pulları qaytarmamış, yalnız vəd vermişdir. Hesab edir ki, özünün bu işdə təqsiri, cavabdehliyi yoxdur. İddia tələbinin ona münasibətdə təmin edilməməsini xahiş edir. Məhkəmə hazırlıq və baxış iclasları barədə SMS-lə, məhkəmə bildirişi ilə məlumatlandırılmış Cavabdeh2 iclaslara gəlməmiş, SMS məlumatı onun telefon nömrəsinə çatmış, poçt xidməti ilə məhkəmədən əlaqə saxlanılmış, poçtalyon məhkəmə bildirişinin də Cavabdeh2 şəxsən verilməsini bildirmişdir. Məhkəmədən edilən telefon zənglərinə Cavabdeh2 cavab verməmiş, iddia tələblərinə heç bir münasibət bildirməmişdir. Məhkəmə işə cavabdehlərdən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Məhkəmə İddiaçı və cavabdehlərdən Cavabdeh1 dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim edilmiş sənədlərə baxıb hesab edir ki, iddia tələbi qismən, cavabdehlərdən Cavabdeh2 münasibətdə təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1971-ci il təvəllüdlüdür, qeydiyyat ünvanı Şuşa Rayonu Xəlfəli kəndidir. Ərizəyə əlavə edilmiş İddiaçı tərəfindən Ağdam Rayon Prokuroru V.Süleymanova ünvanlanmış ərizədən görünür ki, o, 2022-ci iln iyun ayında xəstəxanada birlikdə işlədiyi Cavabdeh2 3.000 manat pul vermiş və Cavabdeh2 pulu sentyabr ayınadək qaytarmağı vəd etmiş, həmin pulları qızının dişlərinin düzəltdirməsi üçün toplamışdır. Pulu tibb bacısı Aygün Əliyevanın yanında vermiş, ancaq bu günə qədər Cavabdeh2 pulu geri qaytarılmamış, sentyabr ayında Bakıya gedərək pulu geri istəmiş, lakin Cavabdeh2 pulunun olmadığını deyərək Bakıdan qayıtdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Dəfələrlə özü və tibb bacısı Aygünü də göndərərək pulunu istəyərkən Cavabdeh2 hər dəfə Bakıda evi olduğunu və onu sataraq pulu qaytaracağını deyərək onu aldatmış, xəstəxananın vərəm şöbəsində fəhlə işləyən Cavabdeh1 da ona borc pul verməsinə şahiddir. Cavabdeh2 hər dəfə pulu geri istədikdə müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan boyun qaçırır. X1 görünür ki, cavabdehlərdən Cavabdeh1 Ağdam Rayon Eyvazlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, cavabdehlərdən Cavabdeh2 1968-ci il təvəllüdlüdür. İddiaçının məhkəməyə təqdim etdiyi telefon danışıqlarına dair diskdə olan tərəflərin danışığından görünür ki, cavabdehlərdən Cavabdeh2 İddiaçı 3000 manat aldığını etiraf edir və həmin məbləği bütünlüklə qaytaracağını vəd edir. İddiaçı məhkəməyə təqdim etdiyi, Ağdam Rayon Mərkəzi X4 X2 Ftiziatrik Kabinetinin tibb bacısı X3 məhkəməyə ünvanladığı izahatında o, göstərmişdir ki, kabinetin müdiri İddiaçı /hazırkı iddiaçı/ onu yanına çağıraraq bildirmişdir ki, kabinetin həkimi Cavabdeh2 /cavabdeh/ ondan borc istəyir. İddiaçı onun yanında 3000 manat pulu sayaraq Cavabdeh2 verəcəyini bildirmiş və onun otağına getmişdir. Rahilə həkim Səadət həkimin in pulu ona sentyabr ayında qaytaracağını bildirmişdir. Sentyabr-oktyabr ayında Rahilə həkim onu Səadət həkimin otağına göndərərək ondan pulu istədiyini bildirməsini demiş, 2-3 dəfə Səadət həkimin yanına gedib Rahilə həkimin verdiyi pulu istədiyini ona demiş, Səadət həkim isə pulu qaytarmaq üçün ona vaxt verilməsini istəmişdir. Bundan sonra Səadət həkim pulu qaytarmadığı üçün bir daha onun otağına getməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər, /14.2.8/ fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanılmalıdır. "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 avqust 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə mübahisəli borc məbləği 3000 manat olduğundan hazırkı tərəflərin mübahisəsi də borc mənasında araşdırılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, 2023-ci ilin iyun tarixində İddiaçı tərəfindən Cavabdeh2 digər Cavabdeh1 deməsi ilə borc kimi 3.000 manat verilmiş, lakin Cavabdeh2 həmin məbləği qaytarmamışdır. Göründüyü kimi cavabdehlərdən Cavabdeh1 pul məbləğini İddiaçı almamış, İddiaçı Cavabdeh2 iş yoldaşı kimi pul verməsini sadəcə tövsiyyə etmişdir. Cavabdeh1 İddiaçı heç bir pul məbləği almamış, iddiaçı özü də Cavabdeh1 pul vermədiyini, yalnız onun tövsiyyəsi ilə digər Cavabdeh2 3000 manat borc pul verməsini bildirir. Ona görə də məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə təmin etmir. İddiaçının məhkəməyə təqdim etdiyi cavabdehin səs yazısındakı etirafı ilə, həmçinin digər cavabdeh kimi qoyulmuş Cavabdeh1 izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği İddiaçı tərəfindən digər Cavabdeh2 verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 3.000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin səs yazısı ilə və işin digər halları ilə həmin məbləğin İddiaçı tərəfindən cavabdehlərdən Cavabdeh2 verilməsi təsdiq olunur. Həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq danışıqları əks etdirir, həmin sübuta güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər. Azərbaycan Respublikasının MPM-nin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi, aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-nin 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddia tələbləri Cavabdeh2 münasibətdə əsaslıdır və hazırda tələb olunan həcmdə təmin edilməlidir. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasına gəlmir, iddia tələblərinin təkzib edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmir, cavabdehlik daşıdığı mülki mübahisə ilə maraqlanmır, telefon zənglərinə cavab vermir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini qismən təmin edir, hesab edir ki, cavabdehlərdən Cavabdeh2 3000 manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 50 manat pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb İddiaçı oğlunun xeyrinə verilməli, iddia tələbi digər Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən, cavabdehlərdən Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 - 3000 /üç min/ manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 50 /əlli/ manat, ümumilikdə 3050 /üç min əlli/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. İddia tələbi digər Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar