Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2341/2024 16.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat pulun və dövlət rüsumu kimi ödədiyi 35 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla aralarında yaxşı münasibətləri olmuşdur. Cavabdeh ondan 2500 manat pul almış, aldığı pulun 1000 manatını qaytarmış və 1500 manatını qaytarmamışdır. Cavabdehin ondan borc almasını təsdiq edən səs yazıları da vardır. Cavabdeh borcunu etiraf edərək qaytaracağına söz versə də sözünə əməl etmir. Cavabdeh tərəfindən aldadıldığını görərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehdən 1500 manat pul və dövlət rüsumu kimi ödədiyi 35 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Əfqanıstan müharibəsinin veteranıdır, hazırda xəstədir, açıq ürək əməliyyatı keçirib, məhkəməyə çətinliklə gəlir. Cavabdeh onun oğlu ilə birlikdə hərbiçi kimi xidmətdə olublar. Ramil namaz qılan bir şəxs kimi tanımışdır. Oğlu 2016-cı ilin aprel döyüşlərində vuruşduğu üçün Ramil bildirmişdir ki, oğluna pensiya düzəldə biləcək. 2021-ci ilin dekabr ayında Cavabdeh bu məqsədlə 2500 manat pul vermişdir. Həmin məbləği ailəsinin yanında vermişdir. Məbləğdən 1000 manatını Ramil onun pensiya kartına qaytarmış, lakin 1500 manat pulu isə qaytarmamışdır. Cavabdeh pul aldığını inkar etmir, gah vaxt istəyir, gah həftənin 5-ci günü verəcəyini bildirir, gah da 3-5 günə pulu qaytaracağını bildirir. Bildiyinə görə cavabdeh hazırda şəxsi maşını ilə Quzanlı Qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. Dəfələrlə apardığı söhbətlər nəticə verməyib. Məcbur olub məhkəməyə müraciət edib. İddia tələbinin təmin edilməsini istəyir. Cavabdeh məhkəmə hazırlıq və baxış iclası barədə məhkəmə bildirişi ilə, SMS bildirişlə məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Onun telefon nömrəsi ilə də əlaqə saxlanılmış, telefonu oğlu açmış, atasının yanında olmadığını bildirmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən X1 göstərdi ki, iddiaçı onun əridir. Cavabdeh onun oğlu ilə birlikdə hərbi xidmətdə olmuşlar. Əri İddiaçı uzun illərdir ki, xəstədir, açıq ürək əməliyyatı keçirib. Təxminən 2021-ci ilin yanvar ayında Ramilə oğluna pensiya düzəltmək məqsədi ilə əri Yaşasın 2500 manat pul verib. X2 gətirib Ramilə veriblər, özü də pulun verilməsində şəxsən iştirak edib. Ramil sənədləri də götürüb, pulu da götürüb bildirmişdir ki, yaxın vaxtlarda işlər öz həllini tapacaq. Lakin bir müddət sonra Ramil işləri həll etməmiş, Ramildən pullarını geri tələb etmişlər. Dəfələrlə Ramilin evində də olublar. Ramilin həyat yoldaşı müəllimədir. Uzun danışıqlardan sonra Ramil pulun 1000 manatını Yaşasının kartına atmış, lakin uzun müddətdir ki, 1500 manatı qaytarmır. Hər dəfə Ramil onları aldadır, bu gün-sabah pulu verəcəyini bildirir, yaxud onları müəyyən yerə çağırır, özü isə gəlmir. Ramillə dəfələrlə özü də telefon əlaqəsi saxlayıb. Son vaxtlar isə Ramil deyir ki, pulu verməyəcək, ona heç nə etməyəcəklər. Məhkəmə tərəfi və şahidi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1962-ci il təvəllüdlüdür. AZE ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı il təvəllüdlüdür, Ağdam Rayon Əhmədağalı kəndində anadan olub, həmin kəndin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Qeyd olunan Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı məhkəmə iclasında Cavabdeh ilə hazırkı tələbləri ilə əlaqədar apardığı telefon danışığının səs yazısını da təqdim etmiş, cavabdeh pulu qaytaracağına vəd etmiş, ona vaxt verilməsini istəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 avqust 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli Qərarda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. "Məhkəmə Qətnaməsi Haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Göründüyü kimi hazırkı mübahisə tərəfləri aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı oğlunun pensiya məsələsinin həlli üçün Cavabdeh 2500 manat pul vermiş, pulun 1000 manatını cavabdeh qaytarmış, 1500 manat pulu isə qaytarmamış, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da cavabdehin səs yazısı, şahid ifadəsi həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən sassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki prosessual qanunvericiliyin sübutlara verdiyi tərifə görə tərəflərin tələb və etirazlarını əsaslandıran hallarınvə işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyənedilir. Cavabdeh məhkəmə iclaslarına gəlmir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə sübut təqdim etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 35 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 1500 manat əsas məbləğ olaraq, 35 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 1500 /bir min beş yüz/ manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 35 /otuz beş/ manat, cəmi 1535 /bir min beş yüz otuz beş/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2341/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2341/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver