Məhkəmə qərarları › İş №2(013)-2349/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2349/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2349/2024 16.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3740 manat pulun və dövlət rüsumu kimi ödədiyi 57,40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəldən tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Mülkiyyətində olan torpaq sahəsində soğan, kartof əkib satmaqla məşğul olur. Əkdiyi məhsulu tanış adamlar olduqda nisyə də verir. Cavabdeh Ağdam Rayonu Xındırıstan Kəndi ərazisində mağazası olmuş, cavabdeh 2022-ci ilin yanvar ayının 23-də ona kartof lazım olduğunu bildirmiş və buna görə də 5840 manat dəyərində cavabdehə nisyə kartof vermişdir. Cavabdeh kartofun pulunu 1 ay ərzində ödəyəcəyini bildirmiş, sonra nisyə götürdüyü kartofun pulundan 2100 manat pul ödəmiş və aralarında 3740 manat pul ödənilməmiş qalmışdır. Ancaq xeyli müddət keçməsinə baxmayaraq cavabdeh kartofun qalan pulunu ödəməkdən yayınmış, borcunun olmasını etiraf etsə də pulu ödəməmişdir. Cavabdeh ilə aralarında olan danışıqlarla bağlı səs yazıları vardır. Artıq uzun müddət keçmişdir. Cavabdeh ondan nisyə kartof götürməsini və ona 3740 manat borclu olmasını şahid, rayonun Baharlı kəndində yaşayan X1 da təsdiq edə bilər. Başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehdən 3740 manat pul və dövlət rüsumu kimi ödədiyi 57,40 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh tanıyır, cavabdeh ondan nisyə kartof alıb. Cavabdehə 5840 manat dəyərində nisyə kartof vermiş, 1 ay ərzində cavabdeh pulunu verməli idi. Həmin puldan 2100 manat cavabdeh tərəfindən ödənilib, 3740 manat pul ödənilməmiş qalır. Cavabdehə kartof verərkən Mehman Sadıqov da yanında olub. Cavabdeh borcunu etiraf edir, lakin pulu vermir. Cavabdeh hazırda Xındırıstan kəndində olur, həmçinin Qarabağ Marketi işlədir, ailəlidir, həmin kənddə yaşayır. Marketdə cavabdehin satıcıları və işçiləri var. Cavabdehə nisyə mal verərkən Mehman adlı tanışı da yanında olub. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, həqiqətən də İddiaçı ilə aralarında dəfələrlə alış-veriş olub. İddiaçı ona təxminən 25.000 manatlıq mal vermiş, həmin malları 2000, 3000, 5000 və s. dəfərlərdə olmuşdur. Mal verdiyi şəxslər pulları gecikdirdiyi üçün Musaya olan borclarını aradabir gecikdirmişdir. Musa həmin malların pullarını müxtəlif vaxtlarda almışdır. Musaya sonuncu dəfə təxminən 9000 manat borcu qalıb ki, həmin məbləği də Musa hissə-hissə alıb. Hazırda Musaya təxminən 800 manat borcu qalır. Hətta Musa mağazalara kartofu 5.80 manata verdiyi ona 6.50 manata verib. Bir dəfə də Musanın ona verdiyi kartof yararsız olub. Səs yazılarında olan danışıqlarda borclu olduğunu Musaya etiraf etsə də Musaya 3740 manat deyil, təxminən 800 manat borcludur. Ona görə də özünü qismən borclu bilir. Şahid qismində izahat verən X1 göstərdi ki, hazırkı tərəflərin pul mübahisəsindən məlumatlıdır. Belə ki, İddiaçı tapşırığı ilə təxminən 1 il bundan əvvəl Cavabdeh yanına gedərək ondan Musaya çatası bir dəfə 300 manat və bir dəfə 100 manat pul götürmüş və Musaya çatdırmışdır. Dəfələrlə Musa onun yanında Elmaza zəng edib ondan pullarını istəmiş, həmçinin Musanı pularını istəmək üçün öz maşını ilə Elmazın işlədiyi mağazaya aparmışdır. Məhkəmə tərəfləri və şahidi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1980-ci il təvəllüdlüdür. İddiaçı həmçinin Cavabdehla dəfələrlə apardığı söhbətlərin səs yazısını özündə əks etdirən audio diski də məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən danışıqlar dinlənilmiş, onların danışıqlarından müəyyən edilmişdir ki, həmin danışıqlar hazırkı mübahisə tərəfləri aralarında 2024cü ilin mart, aprel, may, iyun aylarında aparılır, həmin səs yazılarında Cavabdeh İddiaçı borcunun olmasını və borcu qaytaracağını dəfələrlə etiraf edir, ancaq hər dəfə müxtəlif bəhanələr gətirir /xəstəliyini, kimi isə bıçaqlamasını, digər borclarının olmasını, kredit götərəcəyini, yaxud gələn ay, yaxud yaxın günlərdə pulları qaytaracağını, 100.000 manat borcunun olmasını bildirir, evini ipotekya qoyub pul götürəcəyini, bundan sonra borcunu qaytaracağını və s. kimi fikirlər bildirir/, vəd verir, ona vaxt verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında borcunun guya 800 manat olmasını bildirsə də, səs yazılarında İddiaçı ondan heç olmazsa 1000 manat verməsi ilə bağlı xahişinə də heç bir etiraz etmir, Musaya borcunun 800 manat olması barədə səs yazılarında bir dəfə də olsun fikir bildirmir, etiraz etmir. Şəxsiyyət Vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh 1979-cu il tarixdə Ağdam Rayon Xındırıstan kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 avqust 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, hazırkı İddiaçı Cavabdeh 2022-ci ilin yanvar ayında dəyəri 5840 manat olan kartof məhsulunu nisyə olaraq vermiş, həmin məbləğdən cavabdeh 2100 manatını qaytarmış, qalan 3740 manat məbləği isə qaytarmamışdır. Tərəflər arasında kartofun nisyə olaraq verilməsi ilə bağlı yazılı müqavilə olmasa da, işin həmin halı iddiaçının və şahidin göstərdikləri ilə, həmçinin cavabdehin qismən etirafları ilə, tərəflərin aralarında olan səs yazısı ilə, iddiaçının iddia tələbləri ilə bağlı inamlı ifadələri ilə, cavabdehin məhkəmə iclasındakı ziddiyyətli ifadələri və işin digər halları ilə iddia tələbinin əsaslı olması barədə məhkəmədə inam yaradır. Həmin səs yazısı iki şəxs arasında, yəni hazırkı iddiaçı və cavabdeh aralarında olan danışıqları əks etdirir, dəfələrlə aparılmış və məhkəmə iddiaçının təqdim etdiyi həmin sübuta güvənir. Azərbaycan Respublikasının MPM-nin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Azərbaycan Respublikasının MPM-nin 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi, aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-nin 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-nin 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır. Göründüyü kimi Cavabdeh borcunu qismən etiraf edir, borcunun 800 manat olmasını, İddiaçı onun verdiyi malların pullarını qaytardığını bildirir, lakin məhkəməyə bu barədə hər hansı sübutlar təqdim etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 57,40 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 3740 manat əsas borc olaraq, 57.40 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 3740 /üç min yeddi yüz qırx/ manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 57.40 /əlli yeddi manat qırx qəpik/ manat, cəmi 3797,40 /üç min yeddi yüz doxsan yeddi manat qırx qəpik/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar