Məhkəmə qərarları › İş №2(013)-2369/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2369/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2369/2024 07.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli, 12-Y-1-0-2062-21 saylı Kredit Müqaviləsinə əsasən 7400,41 AZN əsas, 570,36 AZN faiz, 123,45 AZN cərimə borcu olmaqla, cəmi 8094,22 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 100,94 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kreditin verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 % dərəcəsi ilə 48 ay müddətinə 12.600 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq boc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 may 2024-cü il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 7400,41 AZN əsas, 570,36 AZN faiz borcu, 246,9 AZN cərmə borcu olmaqla, cəmi 8217,67 AZN borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 69,58 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 123,45 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Mirumud Seyidov məhkəmə iclasında iddia tələblərinə uyğun izahat verdi, iddia tələblərinin təmin edilməsini xahiş etdi. Cavabdeh borcunu etiraf etdi, göstərdi ki, digər borcları olduğundan hazırkı borcunu ödəyə bilməmişdir. Hazırda müəllim işləyir, 1000 manat civarında əmək haqqı alır. Digər 3 bankdan da kredit götürüb və digər 2 bankdan da sair şəxslərin adına kredit götürüb. Təsərrüfatla da məşğul olur. İmkanı olan kimi borclarını ödəyəcək. Həmçinin hesablanmış cərimə və faiz borcunun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 12-Y-1-0- 2062-21 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə 12.600 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 7400,41 AZN əsas, 570,36 AZN faiz borcu, 123.45 AZN cərmə borcu olmaqla, cəmi 8217,67 AZN borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 30 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi ilə tələb olunan 123.45 manat məbləğində cərimə pulu hissəsində tələb qismən təmin edilməli, həmin məbləğ 10 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 12-Y-1-0-2062-21 kredit müqaviləsinə əsasən 7400,41 AZN əsas, 570,36 AZN faiz borcu, 10 AZN cərimə borcu olmaqla, cəmi 7980.77 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 100,94 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2021-ci il tarixli, 12-Y-1-0-2062-21 saylı kredit müqaviləsinə əsasən 7400,41 AZN əsas, 570,36 AZN faiz borcu, 10 AZN cərimə borcu olmaqla, cəmi 7980,77 (yeddi min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 100,94 (bir yüz manat doxsan dörd qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar