Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2391/2023 20.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 20 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, əvvəllər Cavabdeh tanımamışdır. Etibarnamə əsasında özünə məxsus «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobili satmaq üçün 2023-cü ilin yanvar ayında «Turbo.az» saytında elan yerləşdirmişdir. Bundan sonra Elməddin mobil telefonla ona zəng edərək avtomobili almaq istədiyini ona demiş və onlar 2023-cü ilin fevralında görüşmüşlər. Elməddin 2023-cü ilin fevral ayında onun yaşadığı Xırdalan şəhəri Quşçuluq massivində yerləşən ünvana gələrək «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobilə baxmış və 24120 manat qiymətə alqı-satqı barədə razılıq əldə etmişlər. Elməddin ilkin olaraq 2000 manat nağd ödəməli, sonra isə 28 ay müddətində hər ayın 16-da 790 manat ödəniş etməli olmuşdur. Elməddinə ödəniş bitənə qədər «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobili idarə etmək üçün etibarnamə vermişdir. xx.xx.2023-cü ildə Binəqədi rayonunda notariat ofisində Elməddinə etibarnamə vermiş, sonuncu isə ona 2000 manat ödəmişdir. Bir müddət sonra bankda olan krediti ilə bağlı çətinliyi yaranmışdır. Bu səbəbdən Elməddinə «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobil üzərində sərəncam hüququ verən etibarnamə vermişdir. Elməddin ona bundan sonra 1300 manat ödəmiş və beləliklə cəmi ödəniş 3300 manat təşkil etmişdir. Cavabdehlə aralarında notarial qaydada təsdiqlənmiş və ya başqa yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır. Elməddindən pulunu ala bilmədiyindən Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edildiyini qeyd etməklə Cavabdeh 20820 (iyirmi min səkkiz yüz iyirmi) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək və işə mahiyyəti üzrə baxılmasını tələb edərək göstərmişdir ki, İddiaçı saytda «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobili satmaq barədə elan yerləşdirmiş və bundan sonra Məzahirlə danışaraq avtomaşını 13500 manat qiymətə alqı-satqı etmək barədə razılşmışlar. Razılaşmaya əsasən Məzahirə beh kimi 2000 manat vermişdir. Məzahir «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobili idarə etmək üçün onun adına 15 günlük etibarnamə vermişdir. Bundan 15-20 gün sonra Məzahirə 11500 manat ödəmiş və Məzahir ona avtomobil üzərində sərəncam vermək barədə etibarnamə vermişdir. Avtomobilin təkərləri xarab olduğundan dəyişdirmək istəmiş, Məzahir etibarnamə verərkən tanışından 6500 manata 4 ədəd təkər alıb ona verəcəyinə söz vermişdir. Avtomobilin alqı-satqısına dair Məzahirlə arasında yazılı müqavilə bağlanmamışdır. Təkər almaq üçün Məzahirə hissə-hissə 3200 manat göndərmişdir. Bundan sonra Məzahirlə arasında avtomobil üstündə mübahisə yaranmış və Məzahir ona təkər almamış, həmçinin 3200 manat məbləğində pulunu qaytarmamışdır. Sonradan «Kamaz 5320» yük markalı ** BJ *** nömrəli avtomobili başqa şəxsə satdığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:10-a təyin edilib keçirilərək məhkəmə baxışı xx.xx.2023-cü il tarixə saat 10:30-a təyin edilmiş və məhkəmə prosesləri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə prosesinə gəlmədiyindən işin baxılması xx.xx.2023-cü il tarixə saat 12:00-a təxirə salınmış və o, həmin iclasa da gəlmədiyindən məhkəmə baxışı təkrarən xx.xx.2023cü il tarixə saat 11:30-a təxirə salınmışdır. İddiaçı məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə iddiaçının iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X2 təhqiqatçısı X3 xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində şikayət etmiş, araşdırma aparıldıqdan sonra cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından İddiaçı Cavabdeh satmaq istədiyi «Kamaz 5320» yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olmaqla alqı-satqı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, avtomobilə sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Lakin mülki işin məhkəmə araşdırmasında məlum olmuşdur ki, İddiaçı «Kamaz 5320» yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh mülkiyyətinə verməmiş, avtomobilin Cavabdeh sahiblik, istifadə və mülkiyyətinə verilməsinə dair notariat qaydasında hər hansı bir əqd təsdiqlənməmişdir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin tələblərinə zidd olaraq rəsmi reyestrdə qeydə alınan daşınar əşyanın alqı-satqısına dair əqd bağlanmışdır. İş materiallarında olmaqla məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X9 Polisi Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, «Kamaz 5320» yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qeydiyyat şəhadətnaməsi ilə İmişli rayonu Əliqulular kənd sakini X4 adında, xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək qeydiyyat şəhadətnaməsi ilə İmişli rayonu Əliqulular kənd sakini X5 adında olmuş, xx.xx.2023-cü ildə X7 avtomobili baş etibarnamə ilə İddiaçı vermişdir. Sözügedən avtomobili İddiaçı xx.xx.2023-cü ildən baş etibarnamə ilə Cavabdeh vermişdir. Cavabdeh həmin avtomobili xx.xx.2023-cü ildən baş etibarnamə ilə Ağdam rayonu Göytəpə kənd sakini X1 vermişdir. xx.xx.2023-cü ildə «Kamaz 5320» yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi «Kamaz 5320» yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt İddiaçı mülkiyyətində olmamışdır. İddiaçı mülkiyyətçisi olmadığı «Kamaz 5320» yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyətçi adından şəxsən özü barəsində əqd bağlaya bilməzdi. Belə olan halda İddiaçı həmçinin hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınar əmlakın dövlət reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rrezidentinin 11 aprel 2007-ci il tarixli fərmanından (əlavə 2) görünür ki, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarım qoşquları rəsmi reysterləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsində göstərilmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 146.1-ci məddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 648.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsində qeyd olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadəyə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsində göstərilmişdir ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin müddəti bitdikdə onun qüvvəsinə xitam verilir. Həmin Məcəlllənin 366.1-ci maddəsində göstərilmişdir ki, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəlllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin Məcəlllənin 366.3-cü maddəsində göstərilmişdir ki, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Həmin Məcəlllənin 366.4-cü maddəyə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 20820 (iyirmi min səkkiz yüz iyirmi) manat tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2391/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2391/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver