Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2408/2023 18.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı Aliakbarghazi Saeidin iştirakı ilə, İddiaçı Aliakbarghazi Saeidin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 18 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Aliakbarghazi Saeid rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 22000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən Aliakbarghazi Saeid iddianı müdafiə edərək bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olmaqla Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 74, M 14 m 3-də müvəqqəti qeydiyyata alınmaqla yaşayır. Cavabdeh «Sədərək» Ticarət Mərkəzində tanımışdır. Həmin yerdə İran qaz sobalarının satışı ilə məşğuldur. Əsəd daimi ondan nisyə olaraq İran sobalarını almış və bir müddət sonra pulunu ödəmişdir. Əsəd sonuncu dəfə 2021-ci ildə ondan 22000 manat dəyərində İran sobalarını almış və pulunu 08 dekabr 2021-ci ildə ödəyəcəyinə söz versə də buna əməl etməmişdir. Əsəd ona borclu olması barədə qəbz yazaraq vermişdir. Əsədin barəsində polisə şikayət etmiş, Əsəd izahat verərkən ona 22000 manat borcunun olduğunu etiraf etmişdir. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyini icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 22000 manat dəyərində nisyə olaraq qaz soblarını verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam olaraq ödəməmiş və 22000 manat borclu qalmaqla öhdəliklərini icra etməmişdir. Beləliklə Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Ə.R.X1 götürdüyü qaz sobalarına görə 22025 manat borcunun olduğunu etiraf etmiş və 2021-ci ilədək borcunu bağlayacağını bildirmişdir. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı X2 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Aliakbarghazi Saeid Cavabdeh 22020 manat pul tələb etmiş, Cavabdeh izahat verərkən Aliakbarghazi Saeidə 22000 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi 156 manat məbləğində dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq Aliakbarghazi Saeidə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 156 (yüz altmış) manat alınaraq Aliakbarghazi Saeidə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2408/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2408/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver