Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2449/2024 08.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh /nümayəndəsi (vəkil) X2/ iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 162 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Cavabdeh ondan 24.000 manat borc almış, Cavabdeh həmin borcu alması haqqında yazılı qəbz də vermişdir. Cavabdeh borcu pensiya kartı vasitəsi ilə ödəməsi barədə öhdəlik götürmüş və pensiya kartını ona vermişdir. Kartı ona verdikdən dərhal sonra isə Cavabdeh kartdan pul çıxarılmasına əngəl olmaq üçün ona verdiyi pensiya kartının qarşısını bağlatdırmışdır. Ancaq cavabdeh kartın qabağını bağlatmayacağı və ya ödənişdə problem yaranarsa məsuliyyət daşıması barədə yazdığı qəbzdə qeyd etmişdir. Cavabdeh borcunun etiraf edərək qaytaracağına söz vermiş, lakin sözünə əməl etməmişdir. Cavabdeh tərəfindən aldadıldığını görərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehdən 24.000 manat pul və dövlət rüsumu kimi ödədiyi 162 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh onun baldızıdır. Özünə məxsus nənə-babasından qadan qızılları satmışdır. Səidə onun qızıllar satdığını və onda pul olduğunu bildiyi üçün 4-5 ay bundan əvvəl gəlib ehtiyacı olduğunu bildirib ondan borc pul istəmişdir. Bir dəfə Səidəyə 12.000, 10-15 gün keçmiş bir dəfə isə 15.000 manat pul vermişdir. Səidə birinci dəfə pul alandan sonra gəlib yenə pul istəyərkən vermək istəməmiş, Səidə onu dilə tutmuş, dünyanın axırı olmadığını bildirmiş, pulları tezliklə qaytaracağını bildirmiş, pulları gəlib evdən aparmış, həmin vaxt yanlarında Səidənin əri və öz əri olublar. Səidə pulları götürmüş və əri Amidə vermişdir, Amid pulları saymışdır. Səidə bu barədə öz xətti ilə yazılı qəbz də verib, yazıb ki, pulun ödənişində heç bir problem olmayacaq. Pulu aldıqdan sonra Səidə ona 540 manatlıq pensiya kartını vermiş və bildirmişdir ki, ayda 300 manat kartdan götürsün, qalan 240 manatı da ona qənd-çay pulu kimi versin. Qeyd edir ki, cavabdeh ailənin maşınları, təxminən 10 baş mal-qaraları da var. Lakin Səidə kartı verdikdən 10 gün sonra kartın qarşısını bağlatmışdır. Onu da qeyd edir ki, Səidə pulu aldığını etiraf edir, pulu verəcəyini bildirir, lakin Səidənin əri pulun qaytarılmasına imkan vermir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etmədi. Göstərdi ki, İddiaçı onun qardaşı Sədinin arvadıdır. Oğlu onların xəbəri olmadan Aynurun uşağını vurmuşdur. Aynur uşağının vəziyyətinin yaxşı olmadığını bildirib onlardan zəng edib 2000 manat pul istəmiş, borc tapıb həmin məbləği Aynura vermişlər. Sonra Aynur yenə də onlardan pul tələb etmiş, bu dəfə kartını Aynura vermiş, Aynur da 6000 manat pul götürmüşdür. Daha sonra Aynur ondan yenə də pullar tələb etmiş, 10.000 manat pul istəmişdir. Aralarında olan bu mübahisəni nizamlamaq üçün polisə müraciət etmiş, polis ona bildirmişdir ki, Aynura verdiyi kartı geri alsın. Sonra Aynur onu aldadaraq bildirmişdir ki, 24.000 manat borclu olması barədə qəbz yazsın. Həmin qəbzi yazıb Aynura vermişdir. Qəbzi özü, öz xətti ilə yazıb, ancaq həmin qəbzi niyə yazdığını bilmir. Yenə də bildirir ki, Aynurdan pul almayıb. Ona görə də iddia tələbini rədd edir. Şahid qismində məhkəmə iclasında izahat verən iddiaçının əri X1 göstərdi ki, Səidə onun yeganə bacısıdır. 5-6 ay bundan əvvəl özlərinə məxsus qızılları satmışlar. Səidə və əri Amid onların qızıl satdıqlarını, pulları olduğunu bilib onlardan pul istəmişlər. Səidə əri ilə onlara gəlmiş, bir dəfə 15.000 manat, bir dəfə isə 12.000 manat pulu borc olaraq götürüb aparmışlar. Səidəyə pulu evdə arvadı Aynur verib. Səidə və əri Amid pulu sayıb götürmüşlər. Səidə bu barədə öz xətti ilə qəbz də yazıb verib, kartını da qəbzə əlavə edib. Səidə sonradan kartın qarşısını bağladıb. Hazırda isə pulu qaytarmaq istəmirlər. Şahid qismində məhkəmə iclasında izahat verən cavabdehin qaynatası X5 göstərdi ki, 5 kitabın müəlifidir. Səidə onun gəlinidir. Sədi və arvadı Aynur böyük-kiçik saymırlar, halbuki onlara həmişə köməklik etmişdir. Bu məsələ onların öz aralarında olan haqq-hesabdır. Gəlini Səidə xəstədir, yaddaşı yoxdur. Səidə həmin qəbzi ondan xəbərsiz yazıb. Hər iki ailənin özlərinin borcları var. Səidənin Aynurdan pul borc almasını bilmir və inanmır ki, Səidə həmin məbləğdə borc alsın. Bu işin arxasında qara qüvvələr durur. Məsələni müzakirə etmək üçün Aynurun atası İsa Əliyevlə də telefonla danışmış, lakin heç bir faydası olmamışdır. Şahid qismində məhkəmə iclasında izahat verən cavabdehin əri X4 göstərdi ki, Səidə onun arvadıdır. Aynurun borc tələbi yalandır, Aynur onları şantaj edir. Aynurun uşağı xəstə olduğu üçün borc tapıb onlara maddi köməklik də edib. Aynurun 24.000 manatı haradandır ki, kimə isə borc versin. Bunlar hamısı yalandır. Təsərrüfatında saxladığı inəyini satıb 3000 manat kömək üçün Aynura verib. Şahid qismində izahat verən X6 göstərdi ki, Aynurun atasıdır. Aynur yaşadığı ev köhnə vəziyyətdə olduğundan oranı təmir etmək istəmiş, bu məqsə ilə təxminən 50000 manatlıq qızıllarını satmışdır. Lakin Səidə bunu bilib Aynurdan borc pul almışdır. Aynurun Səidəyə pul verməsini sonradan bilmişdir. Belə ki, Aynur Səidənin pulu qaytarmamasından sonra ona bildirmişdir ki, Səidə gəlib xahiş edərək ondan borc pul almış, hazırda isə qaytarmır. Bundan sonra səidənin qaynatası Cümşüd Ağayevlə danışmış, məsələni yoluna qoymalarını müzakirə etmişlər. Lakin danışıqları heç bir nəticə verməmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən X3 göstərdi ki, Səidənin əri Amid dayısı oğludur. 2024-cü ilin iyun ayının 20-də Sədinin anası ona zəng edərək eəvəsinin vəziyyətinin yaxşı olmamasını bildirib ondan 1000 manat pul tapmasını xahiş etmişdir. Lakin 1000 manatı olmamış, 500 manat Sədinin kartına pul atmışdır. Məhkəmə tərəfləri və şahidləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 05 mart 2016-cı il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1990-cı il təvəllüdlüdür, rayonun Evoğlu kəndinin qeydiyyatındadır. Ərizəyə əlavə edilmiş hazırkı Cavabdeh tərəfindən yazılmış sadə yazılı qəbzdən görünür ki, o, Ağdam rayonu Evoğlu kəndində 1991-ci ildə anadan olmuş, İddiaçı 24.000 manat nağd pul almış, həmin məbləğin geri qaytarılması üçün pensiya kartını A.Məmmədoyava vermiş, 24.000 manat nağd pulu tam ödənilməmiş kartın qabağı bağlanarsa və ya hər hansı bir ödənişdə problem yaranarsa məsuliyyəti özü daşıyacağını qeyd etmişdir. Həmin qəbzə həmiçinin 6768 6753 3412 4953 saylı əmək haqqı kartı əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin yaranması əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Cavabdeh borcunu etiraf etmir, iddiaçıdan pul almadığını bildirir. İddiaçı tərəf pulu cavabdehə verməsini bildirir, məhkəməyə cavabdehin şəxsən özü tərəfindən yazılmış qəbzi təqdim edir. Cavabdeh pul almadığını bildirsə də iddiaçıdan 24.000 manat pul alması barədə qəbzi özü, öz xətti ilə yazdığını etiraf edir. Cavabdeh məhkəmənin qəbzi nə üçün yazması barədə suallarına isə ağlabatmayan cavablar verir, gah xəstə olmasını, gah ona hədə-qorxu gəlindiyi barədə fikirlər bildirməklə həmin məsələni öz mülahizələri ilə əsaslandırmağa çalışır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Cavabdeh və iddia tərəfi məhkəməyə şahidlər dəvət etsələr də, məhkəmə iclasında müəyyən oldu ki, həmin şahidlər hazırkı tərəflər aralarında olan borc münasibətlərinin yaranmasında iştirak etməmişlər, yalnız məsələdən məlumatlıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Göründüyü kimi sübutlar baxımından iddia tərəfi cavabdehdən üstün mövqedə olmaqla məhkəməyə cavabdehin yazdığı sadə yazılı qəbzi və cavabdehin ona təqdim etdiyi pensiya kartınının özünü təqdim edir, cavabdeh tərəf isə 24.000 manat pulu almadığını bildirir, lakin həmin məzmunda iddiaçıya yazıb verdiyi qəbzi və həmçinin özünə məxsus kartını iddiaçıya təqdim etməsinin səbəblərini əsaslandırmır, məhkəməyə digər mötəbər sübutlar təqdim etmir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini əsaslandırır, məhkəməyə cavabdehin ondan borc almasını təsdiq edən qəbzi və kartı təqdim etdiyindən iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd olunan Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 162 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 24.000 manat əsas borc olaraq, 162 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 24.000 /iyirmi dörd min/ manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 162 /bir yüz altmış iki/ manat, cəmi 24.162 /iyirmi dörd min bir yüz altmış iki/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2449/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2449/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver