Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2453/2024 27.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Şahbərəd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Şahbərəd oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şahbərəd oğlundan 1300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh Şahbərəd oğlu onun qardaşı oğludur. 2023-cü ildə Cavabdeh onun yanına gələrək ehtiyacı olduğu üçün 1300 manat pulu 2 aylıq ona borc verməsini xahiş etmiş, qardaşı oğlu olduğu üçün heç nədən şübhələnmədən razılaşmış, Bakı Şəhəri Qaradağ Rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində həmin 1300 manat pulu oğlu Şahsuvar və cavabdehin qardaşı X1 yanında Elgünə vermişdir. 2 ay keçməsinə baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliyi bu vaxta qədər müxtəlif bəhanələrlə icra etməkdən boyun qaçırmış, üzbə-üz və ya çox saylı telefon danışıqları zamanı hər dəfə tezliklə borcunun qaytaracağını bildirmiş, lakin yenə də onu aldatmışdır. Artıq borcun alınmasından 01 il 03 ay vaxt keçmiş, ancaq borc qaytarılmayıbdır. Göründüyü kimi Cavabdeh aldığı 1300 manat borc məbləğini qaytarmaqdan əsassız olaraq imtina etdir. Belə olan halda Azərbaycan Respublikası DİN-nin 102 Qynar Xəttinə şikayət etmiş və ərizəsi əsasında Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır. Borcun ödənilməsi ilə bağlı çoxsaylı müraciətləri heç bir nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehdən 1300 manat borc məbləği alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi, göstərdi ki, 44 günlük Vətən Müharibəsinin veteranıdır, 3-cü qrup müharibə əlilidir. Cavabdeh onun qardaşı oğludur. Bir də Elgün yanına gəlmiş, 1000 ondan pul istəmiş, 2 ay ərzində tez qaytaracağını bildirmiş, həm də 1000 manat deyil, 1300 manat qaytaracağını bildirmişdir. Özünün müalicə pulu olan 1000 manatı Elgünə vermişdir. Pulu böyük oğlu Elmidarın yanında verib. Lakin 1 ildən çoxdur ki, Elgün pulu qaytarmır. Elgünə zəng etdikdə isə ağzına-üzünə söyür. Elgün hazırda Bakı Şəhərində Sulu Təpədə yaşayır, Sədərək bazarında taksi işlədir. Azərbaycan Respublikası DİN-nin 102 Qynar Xəttinə bu barədə şikayət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh Şahbərəd oğlu məhkəmə iclasında iddia tələblərini qəbul etdi. Göstərdi ki, həqiqətən də İddiaçı onun oğlu Elmidar vasitəsi ilə 1000 manat məbləğində borc pul almış və borcunu ödəməsinə söz vermiş, lakin maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. Bakı Şəhərində yaşayır, icarəyə götürdüyü maşınla taksi fəaliyyəti ilə məşğul olur. İşləri zəif olduğundan borcu ödəməmişdir. Həmçinin qeyd edir ki, iddiaçının Elvin adlı oğlunun da onun anasına 400 manat borcu var. İddiaçıya 1300 manat deyil, 1000 manat borcu var, imkanı olanda ödəyəcək. Şahid qismində izahat verən X2 göstərdi ki, Cavabdeh borcu olduğunu bildirib onlardan borc pul istəmiş, o, isə atasından aldığı 1000 manatı Elgünə vermişdir. Elgün pulu tezliklə, 2 ay müddətində qaytaracağına vəd etmiş, lakin hazırkı vaxtadək pulu qaytarmamışdar. Elgünə pulu istəməsi ilə bağlı Elgün pulunun olmadığını bildirmişdir. Məhkəmə tərəfləri və şahidi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AA******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1969-cu il təvəllüdlüdür. Ağdam RİH Başçısının Birinci Baharlı Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 216 saylı, 16 avqust 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı rayonun X5 Qəsəbəsində 299 saylı evdə yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh 1984-cü il təvəllüdlüdür, Ağdam Rayon Şıxbabalı Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Muğanlı kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin yaranması əsaslarından biri kimi təsbit edilmişdir. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci - maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh borcunu qismən etiraf edir, borcunun 1000 manat olmasını və imkanı olan kimi borcu ödəyəcəyini bildirir. İddia tərəfi həqiqətən cavabdehə 1000 manat pul verməsini bildirir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh Şahbərəd oğlundan 1000 manat məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olduğu üçün dövlət rüsumu kimi ödənilməli olan 30 manat cavabdehdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şahbərəd oğlundan – 1000 /bir min/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh Şahbərəd oğlundan - dövlət rüsumu kimi ödənilməli olan 30 /otuz/ manat alınıb dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2453/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2453/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver