Məhkəmə qərarları › İş №2(013)-2630/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2630/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2630/2024 31.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 9030 manatın, 113 manat dövlət rüsumu kimi ödədiyi məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, tanışı Cavabdeh 2019-cu ildə «KapitalBank»dan kredit götürmək istəmişdir. Lakin bu kreditin verilməsi üçün ona rəsmiyyətdə zamin lazım idi. Buna görə də Cavabdeh ona müraciət edərək bu kreditin götürülməsində zamin durmağı xahiş etmiş, həmçinin bu zaminlik müqaviləsinin yalnız rəsmiyyət xatirinə bağlandığını və bununla əlaqədar heç bir öhdəliyinin və probleminin olmayacağını bildirmişdir. Cavabdehə inanaraq kredit müqaviləsinin bağlanmasına və həmçinin onunla "xxxx" arasında zaminlik müqaviləsinin bağlanmasına razılıq vermişdir. Həmin vaxt Cavabdeh xx.xx.2019-cu il tarixində "xxxx" ASC-dən 5669 manat məbləğində 5 il müddətinə kredit götürmüşdür. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh onun etibarından sui-istifadə edərək bu müqavilənin bağlanmasına nail olmuş və bank qarşısında olan öhdəliklərini yerinə yetirmədiyi üçün həmin pul ondan tutulmuşdur. Eyni zamanda bildirmək istəyir ki, Cavabdeh bundan başqa bir kredit müqaviləsində də onu zamin kimi yazdırmış və həmin müqavilə üzrə də öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar ondan hər ay pul tutulmuş və bu vaxtadək onun tərəfindən Cavabdeh götürdüyü kreditlərə görə 9300 manat məbləğində pul ödənmişdir. Bununla əlaqədar dəfələrlə həmin pulu qaytarmağı cavabdehdən tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub hal-hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı bundan əvvəlki məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh bankda olarkən təsadüfi tanımışdır, 10 ildir ki, Nadirin bankdan bir neçə dəfə götürdüyü pullara görə ona zamin olmuşdur. Belə ki, özünə pul lazım olmuş, bankda tanışı İsmayıl adlı şəxs ona bildirmişdir ki, Nadirə zamin dursa ona pul tapacaq. İsmayılın sözü ilə Nadirə zamin olmuş, Nadir onun zaminliyi ilə bankdan pul götürmüşdür. Nadir sonra pulu ödəməmiş, Kapital Bank onları məhkəməyə vermiş, məhkəmə əmri ilə, həmçinin restrukturizasiyadan sonra onlardan müştərək olaraq 5669.13 manatın tutulması qərara alınmışdır. Bundan sonra da Nadir pulu ödəməmiş, pulun tutulması onun pensiyasına yönəldilmişdir. Nadir bir dəfə 120 manat borcundan ödəyib, bir dəfə də ona 200 manat pul göndərib. Hər ay pensiya kartından 240-246 manat arası pul tutulmuşdur. Dəfələrlə Nadirə zəng etmiş, borclarını özü ödəməsini ondan xahiş etmiş, lakin Nadir borclu olduğu məbləği ödəməmişdir. Nadir onun və qızının kartlarına cəmi 320 manat civarında pullar ödəyib, bundan başqa Nadir nə ona, nə də banka pul ödəməyib. Beləliklə də Nadirin borcları üçün onun pensiya kartından 9030 manat pul tutulmuşdur. Bu barədə Kapital Bankdan müvafiq arayış alıb, ərizəsinə əlavə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yaşlı, təqaüdçü adamdır, məhkəməyə gəlib gedə bilmir, 10 ildir ki, Nadir onu aldadır, borclarını ödəmir. İddia tələbinin təmin edilməsini istəyir. İddiaçı məhkəməyə teleqram vurmuş, həmçinin zəng edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etməyəcəyini, işin baxılmasını xahiş etmiş, əlavə olaraq maddi və mənəvi zərər əvəzi olaraq cavabdehdən 3000 manat pul tələb etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, İddiaçı keçmiş polis əməkdaşıdır, tanışlıqları olub. Özü 2014-cü ildə 7235 manat kredit götürmüş, bir müddət ödənişlər etmiş, sonra imkanı olmadığından ödənişləri davam etdirə bilməmişdir. 2019cu ildə Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından sonra götürdüyü məbləğ restrukturizasiya olunmuş, 5669 manat qalmışdır ki, həmini məbləğin də 1115 manatını ödəyib. Hazırda iddiaçıya onun 4100 manat borcu qalır. İddiaçının tələb etdiyi məbləği ödəmək imkanı yoxdur, heç olmasa restrukturizasiyadan sonrakı qalmış 5669 manatı ödəməyə razılaşa bilər. Ona görə də məhkəmədən ədalətli, borc məbləğlərinə uyğun qərar qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə zəng etmiş, məhkəməyə gələ bilməyəcəyini bildirmiş, məhkəmənin qərar qəbul etməsinə etirazı olmamasını bildirmişdir. Məhkəmə işin baxılmasını mümkün bilir. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən 07 dekabr 2009-cu il tarixdə verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1958-ci il il təvəllüdlüdür, Bakı Şəhər sakinidir. xx.xx.2019-cu il tarixli, Z-PFRK0265731A102 saylı Zaminlik Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin X1 Nadir Vəli oğluna 60 ay müddətinə 5669,13 manat məbləğində kredit verilmiş, zamin İddiaçı həmin müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Ərizəyə əlavə edilmiş "xxxx"ın X2 22 avqust 2024-cü il tarixli Çıxarışından görünür ki, həmin Çıxarış 01 yanvar 2015-ci il tarixdən 22 avqust 2024-cü il tarixədək olan dövrü əhatə edir, İddiaçı bankın xeyrinə 9003.32 manat pul tutulmuşdur. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Ağdam Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli Məhkəmə Əmrindən görünür ki, Cavabdeh Kapital Bank ASC ilə bağladığı 16 oktyabr 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən ona 8292 manat kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, məhkəmə əmri ilə Cavabdeh və hazırkı İddiaçı /zamindir/ ümumilikdə 7176.85 manatın tutulması qərara alınmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi cavabdehlə olan 2022-ci, 2023-cü və 2024-cü illləri əhatə edən telefon /VATSHAP/ yazışmalarından görünür ki, iddiaçı həmin yazışmalarda cavabdehdən banka olan borclarının ödənilməsini tələb edir, cavabdeh isə "səhər həll edəcəm", "yığacam", " ayın 12-si tamamilə səninlə qurtaracam", "səbr elə həll edəcəm", "axşama kimi pulunu verəcəm", "sözümüz sözdür", "sabah karta pul vuracam", "sıxıntım var həll edəcəm", "pul gələn kimi vuracam", "Şəmkirdəyəm, sabah pul veriləcək" və sair kimi bəhanələrlə ona cavablar yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-cü maddəsində göstərilmişdir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminin hüquqlarını nəzərdə tutan 475.1-ci maddəsi qeyd edir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddə nəzərdə tutur ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh həqiqətən də hələ 2014-cü ildən Kapital Bankdan kredit götürmüş, həmin borc üzrə hazırkı İddiaçı onun bağladığı müqavilə üzrə zamin olmuş, sonradan borclu Cavabdeh borclarını ödəməmiş, 2015-2016-cı illərdə İddiaçı həmin borc məbləğləri tutulmuş, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də borc məbləği üzrə restrukturizasiya aparılmış, borc məbləği 5669.13 manat müəyyən edilmiş, borclu Cavabdeh öhdəliyini yenə də icra etmədiyindən 2019-cu ilin iyul ayından başlayaraq ardıcıl olaraq 2024-cü ilin avqust ayınadək İddiaçı kartından ümumilikdə 9003.32 manat pul məbləği tutulmuşdur. Cavabdeh 1115 manat ödəməsini bildirir, məhkəməyə ödəniş qəbzlərini təqdim edərək məbləğlərin bir qismini özünün ödəməsini bildirir, lakin qəbzlər nəzərdən keçirilərkən müəyyən edilir ki, həmin məbləğlər ardıcıllıqla deyil, gecikmələrlə edilmiş, bu səbəbdən də bank tərəfindən aparılan tutulmalar gecikmələr də daxil olmaqla hazırkı İddiaçı tutulmuşdur. Bununla belə Cavabdeh məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, iddiaçının banka ödəmələr etdiyinin əvəzinə o, İddiaçı kartına 170 manat və qızının kartına isə 200 manat, ümumilikdə 370 manat pul göndərmişdir. İddiaçı cavabdehin göndərdiyi pulların 320 manat olmasını xatırladığını bildirir, lakin qəbzlərdən görünür ki, həmin məbləğ ümümilikdə 370 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabehin iddiaçı və qızına göndərdiyi həmin 370 manat məbləğ tələb olunan ümumi məbləğdən çıxılmalıdır ona görə ki, həmin ödəniş məbləğləri cavabdeh tərəfindən iddiaçıya qarşılanmışdır. Beləliklə məhkəmə hesablama apardıqda sonra müəyyən edir ki, cavabehin kredit ödənişləri üçün iddiaçının kartından ümumilikdə 9003.32 manat pul tutulmuş, həmin məbləğlərin 370 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini qismən təmin edir, hesab edir ki, Cavabdeh 8633.32 manat manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 113 manat pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb İddiaçı xeyrinə verilməlidir. İddiaçı mənəvi zərər olaraq teleqramında cavabdehdən 3000 manat pul tutulmasını tələb edir, lakin iddia ərizəsi təqdim etmir, bununla bağlı aidiyyəti sənədləri təqdim etmir, iddia tələbinin verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin tələblərinə əməl etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh - 8633.32 /səkkiz min altı yüz otuz üç manat otuz iki qəpik/ və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 113 /bir yüz on üç/ manat, ümumilikdə 8746.32 /səkkiz min yeddi yüz qırx altı manat otuz iki qəpik/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar