Məhkəmə qərarları › İş №2(013)-2666/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2666/2025

11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2666/2025 11.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən Ağdam Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(013)-774/2024 saylı Qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat müəyyən edilmiş aliementin miqdarının artırılaraq hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və mediasiya xidməti üçün ödədiyi 60 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, onların birgə nikahlarından 2019-cu il təvəllüdlü Nihat və 2022-ci il təvəllüdlü Davud adlı uşaqları anadan olmuşlar. Nikahları Ağdam Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(013)-774/2024 saylı Qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat aliment qət edilmişdir. Məlum faktdır ki, müəyyən edilmiş alimentin miqdarı uşağın müasir tələbatını ödəməyə kifayət etmir. Uşaqlar böyümüş, onların gündəlik təlabatları da artmışdır. Belə ki, uşaqlardan Nihat bu il məktəbə, Davud isə bağçaya gedir. Onlar üçün dərs və hazırlıq üçün ləvəzimatlar alınması zərurəti vardır. Cavabdeh çayxana işlədir. Bundan əlavə Rusiyaya gedib mövsümi işləyir. Qazancı kifayət qədərdir. Ancaq cavabdeh könüllü olaraq onlara maddi kömək köstərməkdən imtina edir. Ona görə də hesab edir ki, ərizəsi təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, hazırda anası ilə Ağcabədi rayon Hacılar kəndində yaşayır. Atası yaxın vaxtlarda vəfat edib. Özü və anası işləmirlər. Uşaqlar 3, 6 yaşlarındadırlar. Cavabdeh alimenti ödəyir. Ancaq həmin məbləğ uşaqların saxlanılmasına yetmir. Cavabdeh fəhləliklə məşğuldur, Ağcabədi rayonunda yaşayır. Uşaqlar kiçik yaşlarında olduqlarından özü işləyə bilmir. Ona görə də hər uşaq üçün 246 manatdan olmaqla aliment verilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh iştirak etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Uşaqların alimentini ödəyir. Maddi vəziyyəti aşağıdır. Ona görə də göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfləri dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş, AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1997-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş X2 surətlərindən görünür ki, hazırkı tərəflərin birgə nikahlarından 2019cu il təvəllüdlü Nihat və 2022-ci il təvəllüdlü Davud adlı 2 uşaqları anadan olmuşlar. Ərizəyə əlavə edilmiş X6 Şəhadətnamənin surətindən görünür ki, hazırki tərəflərin nikahları 02 avqust 2024-cü il tarixdə, 131 say ilə pozulmuşdur. Ərizəyə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında Bərdə Regional ASAN XİDMƏT X3 25 avqust 2018-ci il tarixdə bağlanmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş Nihat və Davud analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin atadan tutulması qət edilmişdir. X4 X7 xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamıdıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndi nəzərdə tutur ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. İddiaçı iddia ərizəsi ilə aliment məbləğinin artırılmasını, bundan əvvəl məhkəmə tərəfindən hər uşaq üçün müəyyən edilmiş 150 manat aliment məbləğinin azlığını qeyd edir, həmçinin alimentin məbləğinin 2025-ci ilə görə uşaqlar üçün müəyyən edilmiş 246 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə münasibətini, iddiaçının himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin iddia tərəfinin 2 uşağın saxlanılması ilə bağlı maddi çətinlikləri ilə əlaqədar göstərdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hazırki tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması ilə bağlı tutulan alimentin məbləği qismən artırılmalı, atadan hər ay 200 manat olmaqla, yəni ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 0.50 misli məbləğində müəyyən edilməli, həmin məbləğ tutulub İddiaçı xeyrinə verilməlidir. "X9" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 68 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməli, həmçinin mediasiya xərci üçün ödənilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - Ağdam Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(013)-774/2024 saylı Qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 məqsədi ilə hər ay hər uşaq üçün tutulan alimentin məbləği qismən artırılaraq sonrakı artımlar nəzərə alınmaqla və hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanılmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin hər uşaq üçün 0.50 misli həddində müəyyən edilsin, həmin məbləğ tutulub İddiaçı xeyrinə ödənilsin. Mediasiya ximəti üçün ödənilmiş 60 /altmış/ manat pul Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 68 /altmış səkkiz/ manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ tutularaq dövlət nəfinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar