Məhkəmə qərarları › İş №2(013)-2690/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2690/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2690/2025 29.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, X1, İddiaçılar İddiaçı1 və Rızvı Syed X14, İddiaçı1 nümayəndəsi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh nümayəndəsi – atası X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və Rızvı Syed X14in Cavabdeh qarşı pul tələbi barədə mülki işə 29 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 və Rızvı Syed X14in nümayəndəsi Vəkil rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat – cəmi 20150 (iyirmi min yüz əlli) manat alınaraq İddiaçı1 və Rızvı Syed X14ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və qohumu X20 Hasnaın Akhter 2024-cü ildə Azərbaycan Respublikasında yaxşı iş imkanlarının olduğunu eşidərək Azərbaycana gəlmişlər. Onlar xx.xx.2024-cü ildə bolt taksisi ilə Şirvan şəhərinə gedəndə, taksi sürücüsü Cavabdeh ilə tanış olmuşlar. Həmin vaxtı Cavabdeh Azərbaycanda hansı sahəyə investisiya qoyarsa gəlir əldə edə biləcəklərini soruşduqda, Xəlil onlara şirkət açıb maşınlar alıb icarə müqaviləsi ilə 3-cü şəxslərə versələr aya 2000 manat gəlir əldə edə biləcəklərini demişdir. X11 2024-cü ilin oktyabr ayında Azərbaycanda şirkət açmışdır. Hassan Muhammad və qohumu Rızvı Syed şirkət açdıqdan sonra Pakistana qayıdaraq oradan pul vəsaiti götürərək xx.xx.2024-cü il tarixdə Azərbaycana geri dönmüşlər. Bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Xəlil ilə birlikdə maşın almaq üçün Yasamal rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarına getmişlər. Hassan Muhammad və Rızvi Syed «Toyota Aqua» markalı **-UD-*** nömrəli avtomobili bəyənmişlər. Cavabdeh maşının sahibi Aley Şamilova pakistanlıların Azərbaycandakı səlahiyyətli nümayəndəsi olduğunu və bu maşını almaq istədiklərini bildirmişdir. (Aley Şamilovun iddiaçıya verdiyi izahatda bu fakt təsdiq olunur). Daha sonra Cavabdeh onlar xarici vətəndaş olduğundan öz adına etibarnamə verilməsini tələb etmiş, xarici dil bilməyən Aley Şamilov da Cavabdeh söylədiklərinə inanmış, ilk öncə Badamdarda yerləşən notariusda Xəlilin adına etibarnamə vermiş, amma Xəlilə tam güvənmədiyindən etibarnamənin əslini Hassan Muhammada təqdim etmiş, qarşılığında Hassan Muhammaddan 20000 manat dəyərində pul vəsaitini (həm dollar, həm manat olaraq) almışdır. X21 Azərbaycanda etdikləri ilk investisiya olduğundan Aley Şamilov ilə xatirə şəkili çəkdirmişdir. Xəlil onlara etibarnamə adlı sənədin maşın bazarına girib-çıxdığına dair sənəd olduğunu bildirmişdir. Daha sonra onlar maşını adlarına keçirtmək üçün Xəlil ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə getmiş, lakin Xəlil onlar xarici vətəndaş olduqlarından onların adına keçirilmədiyini bildirmişdir. Daha sonra pakistan vətəndaşları planlarına sadiq qalaraq Cavabdeh maşını icarəyə vermişlər (həmin icarə müqaviləsi məhkəməyə təqdim edilmişdir). Daha sonra onlar Cavabdeh şirkətlərinin adına maşın keçirilmənin mümkün olduğunu öyrəndiklərini və maşını şirkətlərinin adına keçirtməsini tələb etsə də, Cavabdehla əlaqələri kəsilmiş və Cavabdeh maşını 3-cü şəxsə satmışdır. Bu iş üzrə iddiaçı tərəfi polis oqanına müraciət etmiş və Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 30 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə əməldə mülki hüquqi xarakterli hüquqpozma olmasına əsaslanaraq cinayət işi başlanmasından imtina edilmişdir. İş materiallarında avtomobilin alınması üçün iddiaçı tərəfindən 20000 manat pulun avtomobilin satıcısna verildiyi və iddiaçının tələbi ilə cavabdehə nəqliyyat vasitəsinə sərəncam etibarnaməsi verildiyi həm cavabdeh, həm də avtomobilin satıcsı tərəfindən təsdiq edilmişdir. Cavabdeh izahatında əlavə olaraq bu 20000 manatın 10000 manatını öncədən iddiaçıya verdiyini söyləsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir.Bununla da MPM-in 106.3-cü maddəsinin tələbinə görə iddiaçının 20000 manata aldığı avtomobilin cavabdehə verilməsi təsdiqini tapmışdır. Bundan başqa, verilmiş müvafiq baş etibarnamənin yalan əqd olması, yəni faktiki alqı satqı müqaviləsini pərdələmək habelə vergi və rüsumlardan yayınmaq məqsədi ilə bağlanması şahid O.Xəlilov və şahid A.Şamilovun (satıcı) izahatlarındakı «…Pakistanlı şəxs bizə pulu verdi və baş etibarnaməni Cavabdeh (cavabdehə) verməyimizi istədi…» hissəsi ilə tam təsdiqini tapır. İddiaçıda isə bu istək, özünün xarici vətəndaş olması səbəbindən etibarnamə ilə avtomobilə sahib ola bilməmək fikrinin mövcudluğundan irəli gəlir hansı ki, bu fikirdə cavbdeh tərəfindən iddiaçıda formalaşmışdır,belə ki,bu fakt şahid R.S.M. Akhterin polisdəki izahatı ilə tam təsdiq edilir. Bundan başqa iddiaçı və cavbadeh arasında olan vatsapp yazışmalarından görünür ki, iddiaçı cavabdehə «20000 manatlıq avtomobili sizə güvənərk vermişik lakin siz icarə haqqını vermir, zənglərimizə çıxmırsız məzmununda mesaj yazmış cavabdeh isə «hər şey yaxşıdır, maşına görə narahat olma (everything is good,you are don't worried about car) məzmununda cavab yazmışdır. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus 20000 manatlıq avtomobili ələ keçirməsi və sonra yalan əqddən istifadə edərək satması bununlada iddiaçıya ziyan dəyməsi tam sübuta yetir. Konstitusiya Məhkəməsinin Plenumun 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərarıda oxşar mübahisə üzrə çıxarılmışdır və buradada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsiz olması barədə qərar verilmişdir. Bundan başqa iş üzrə polisə və hal-hazırda sizə təqdim etdiyimiz 03 nəfər şəxsin əks olunduğu fotoşəkil birdaha təsdiq edir ki, 20.000 manat pul vəsaiti iddiaçılar tərəfindən satıcıya ödənilmiş, elə bu səbəblə də onlar pulun verildiyi an, verildiyi yerdə həmin pul vəsaiti ilə birlikdə özlərinin də olduğu xatirə şəkli çəkdirmişdirlər. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, Rızvı X2 qohumu olmaqla bir evdə yaşayırlar və bir-birlərinə qardaş deyirlər. Cavabdeh taksi sürücüsü kimi tanımış və Xəlil ona avtomobil alıb icarəyə verməyi təklif etmişdir. Xəlilin təklifi ilə razılaşmışdır. Xəlil və Rızvı Syed X14in avtomobil alqı-satqısı bazarına gedərək oradan 20000 manata avtomobil almışlar. Etibarnamə Xəlilin adına yazılmışdır. Rızvı Syed X14 avtomobil satana bazarda 1000 manat ödəmiş, sonra avtomobili satan, satanın dostu və Rızvı X2 yaşadığı evə gəlmişlər. X23 X14 yataq otağından 11180 ABŞ dolları dəyərində manatı götürərək avtomobilin sahibinə vermişdir. Avtomobilin alınması üçün verilmiş 20000 manat Rızvı Syed X14ə məxsus olmuşdur. Ona məxsus şirkət olduğundan və Xəlillə avtomobil icarəsi müqaviləsi bağladığından iddia ərizəsini Rızvı Syed X14lə bərabər o, da imzalamışdır. Avtomobili Xəlilə verdikdən bir həftə sonra bir daha görməmişdir. Xəlil avtomobili sataraq pulunu mənsimsəmişdir. Qeyd edilənlərə əsasən iddanın təmin olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən Rızvı Syed X14 iddia ərizəsində göstərilənləri və İddiaçı1 izahatını təsdiqləyərək əlavə olaraq avtomobilin alınması üçün verilmiş 20000 manat məbləğin ona məxsus olduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən X8 iddianı qismən, yəni 10000 manat həcmdə etiraf edərək göstərmişdir ki, oğlu Xəlil Pakistan vətəndaşları ilə birlikdə 20000 manata avtomobil almışdır. Xəlil avtomobilin alınması üçün 10000 manat ödədiyini ona demişdir. Hazırda Cavabdeh Azərbaycan Respublikasında olmadığını qeyd etməklə iddianın 10000 manat hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, İddiaçı1 iddiası rədd, Rızvı Syed X14in iddiası isə təmin olunmalıdır. Mülki işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh iddiaçı Rızvı Syed X14ə məxsus 20000 manat dəyərində əmlakı heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 20000 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh iddiaçı Rızvı Syed X14ə məxsus 20000 manat dəyərində əmlakı heç bir hüquqi əsas olmadan əldə etməsi iddiaçılar İddiaçı1 və Rızvı Syed X14in izahatları və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X3 qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunmuşdur. Mülki işə baxılarkən məlum olmuşdur ki, İddiaçı1 xx.xx.2025-ci ildə Yasamal Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Cavabdeh ondan «Toyota Aqua» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avomobili icarəyə götürməsi, lakin sonuncunun onu aldadaraq bu güna kimi icarə pulunu ödəməməsi va avtomobili geri qaytarmamasını bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə araşdırma aparıldıqdan sonra toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tərkib əlaməti olmadığından Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X7 xx.xx.2025-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Polis idarəsində izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, halhazırda taksi fəaliyyəti ilə məşğuldur. 2024-cü ilin avqust ayında İddiaçı1 taksi sifariş etmiş və həmin vaxt sifarişi o, qəbul etmişdir. X12 Abulun qardaşı ilə münasibəti yaranmış və İddiaçı1 qardaşı ona Azərbaycanda bizneslə məşğul olmaq istdədiyini bildirmişdir. O, taksi qiymətləri ilə və avtomobil alqı-satqısı ilə maraqlanmağa başlamışdır. X12 Abulun qardaşı ona iş qurmağı təklif etmiş və o da bununla razılaşmışdır. Təxminən 10 gündən sonra İddiaçı1 qardaşı onunla əlaqə saxlamış və görüş təyin etmişdir. Onlar görüşmüş, İddiaçı1 qardaşı İddiaçı1la işlərini gördükdən sonra onunla birlikdə Nəsimi rayonunda yerləşən kafelərin birində çörək yeməyi təklif etmişdir. Sonradan isə o, İddiaçı1 və onun qardaşını Şirvan şəhərinə aparmış və Bakıya geri qaytarmışdır. 2024-cü ilin dekabr ayında o, İddiaçı1 ilə birlikde Badamdar qəsəbəsində yerləşən maşın bazarından 2017-ci «Toyota Aqua» markalı avtomobil almışlar. Həmin avtomobili 20000 manata almışlar. 20000 manat pulun 10000 manat olan hissəsini o, öz hesabına vermişdir. İddiaçı1 qardaşı yaxın bir zamanda 10000 manat pulu ona geri qaytaracağını bildirmişdir. İddiaçı1 qardaşı həmin avtomobili onun adına qeydə aldırmışdır. O, məbləğin yarısını verdiyi üçün bu qərara gəlmişlər. Sonradan o, İddiaçı1la icarə müqaviləsi bağlamışdır ki, İddiaçı1 miqrasiya xidmətindən oturum ala bilsin. Daha sonra o, İddiaçı1 10000 manat pulu avtomobilin onun adına keçirməsi məqsədi ilə istəmişdir. X18 Abul ondan bir müddət gözləməyi xahiş etmiş və pulu qardaşının verəcəyini bildirmişdir. Lakin o, gözləməmiş və avtomobili lizinq şirkətinə öz borclarını ödəməsi üçün satmışdır. İddiaçı1 və sonuncunun qardaşını aldatmamışdır. Onlar özləri bizneslə məsğul olmağı ona təkilif etmişlər. Bundan başqa avtomobili İddiaçı1 qardaşı ilə birlikdə almış və onun qardaşı ilə görüşmək istəmişdir. Material üzrə izahatı alınmış X13 bildirmişdir ki, xx.xx.2024-cü ildə Badamdar qəsəbəsində yerləşən maşın bazarında dostu Oqtaya məxsus olan «Toyota Aqua» markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili satışa qoymuşlar. Həmin zaman onlara adını bilmədiyi Pakistan İslam Respublikasının vətəndaşı və adını sonradan bildiyi Xəlil adlı şəxs yaxınlaşmışlar. Həmin şəxslər avtomobillə maraqlanmış və onu almaq qərarına gəlmişlər. Onlar razılığa gəlmiş və avtomobili 20000 manat məbləğində satmışlar. Bazarda olan zaman pakistanlı şəxs ona baş etibarnaməni Xəlilə verməsini xahiş etmişdir. O, xahişi yerinə yetirərək Xəlilə baş etibarnamə vermişdir. Daha sonra bazardan çıxmış və pakistanlıların yaşadığı ünvana getmişlər. Həmin ünvana getməkdə məqsəd avtomobilin pulunu əldə etmək olmuşdur. Onlar ünvan 1 ünvanında yerləşən evə daxil olmuş və oturaq otağa keçmişlər. Həmin evdə o, dostu Oqtay, pakistanlı və sonuncunun qardaşı olmuşdur. Bu zaman pakistanlı yataq otağına keçmiş və oradan 20000 manat pul gətirmişdir. O, pulu saymış və götürdükdən sonra təsdiq üçün şəkil çəkdirmişdir. Sonra isə o, dostu Oqtayla həmin ünvanı terk etmişdir. Material üzrə izahatı alınmış X9 bildirmişdir ki, xx.xx.2024-cü ildə Badamdar qəsəbəsində yerləşən maşın bazarında ona məxsus olan «Toyota Aqua» markalı **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobili dostu Aleylə birlikdə satışa qoymuşdur. Həmin zaman onlara adını bilmədiyi Pakistan İslam Respublikasının vətəndaşı və adını sonradan bildiyi Xəlil adlı şəxs yaxınlaşmışlar. Həmin şəxslər avtomobillə maraqlanmış və onu almaq qərarına gəlmişlər. Onlar razılığa gəlmiş və avtomobili 20000 manat məbləğində satmışlar. Bazarda olan zaman pakistanlı şəxs ona baş etibarnaməni Xəlilə verməsini xahiş etmişdir. Xəlilə baş etibarnamə vermişdir. Daha sonra bazardan çıxmış və pakistanlıların yaşadığı ünvana getmişlər. Həmin ünvana getməkdə məqsəd avtomobilin pulunu əldə etmək olmuşdur. Onlar ünvan 1 ünvanında yerləşən evə daxil olmuş və oturaq otağa keçmişlər. Həmin evdə o, dostu Aley, pakistanlı və onun qardaşı olmuşdur. Bu zaman pakistanlı yataq otağına keçmiş və oradan 20000 manat pul gətirmişdir. O, pulu saymış və götürdükdən sonra təsdiq üçün şəkil çəkdirmişdir. Sonra isə o, dostu Aleylə həmin ünvanı tərk etmişdir. Cavabdeh polis idarəsində və nümayəndəsi X8 məhkəmədə verdikləri izahatlarda Cavabdeh Pakistan vətəndaşları ilə birlikdə 20000 manata avtomobil aldığını, avtomobilin alınması üçün 10000 manat ödədiyini bildirsələr də, bu halı, yəni Xəlilin 10000 manat ödəməsi faktını təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçıların hazırki tələbi irəli sürərkən ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 150 manat alınaraq Rızvı Syed X14ə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Rızvı Syed X14in iddiası təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat – cəmi 20150 (iyirmi min yüz əlli) manat alınaraq Rızvı Syed X14ə verilsin. İddiaçı1 Cavabdeh 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat – cəmi 20150 (iyirmi min yüz əlli) manat alınaraq ona verilməsi barədə tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar