Məhkəmə qərarları › İş №2(013)-271/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-271/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-271/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi əməllərlə, İddiaçı QSC-nin əmlakın pulun mənimsədiyinə və israf edildiyinə görə vurulmuş maddi ziyana görə ondan 17536.82 manat,əlavə olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, toplam 23 ay üçün əldən çıxmış fayda, maddi zərərə görə 4635.9 manat, Mərkəzi bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7.25 faizlə hesablanmaqla ödənilməsi və ödənilmiş 156.52 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 izahatında iddianı müdafiə edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləsi ilə onun satış təmsilçisi kimi işə qəbul edilməklə «X5» haqqında müqavilə imzalanmasını, cavabdehin şirkətə zərər verərək QSC-nin əmlaklarını mənimsəmə və israf etdiyinə görə əmək qanunvericiliyinin tələblərini pozduğuna görə işdən azad edilmədən öncə yoxlama, araşdırma aparıldığını, tərəflərin və şahidlərin ifadələrinin alındığını, dəyən maddi zərərin miqdarının araşdırılması üçün "xxxx" MMC şirkətinə müracət edildiyini və həmin şirkətin apardığı audit yoxlama nəticəsində Cavabdeh öhdəsində 17536.82 manat məbləğində çatışmamazlığın olduğunun aşkar edildiyini, bundan başqa onun işçi mənimsəmə və israf etmə əməlləri törədərək şirkətə maddi zərər vurduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğunu, CM-nin 179-cu maddəsinə əsasən cavabdehin faktiki yaşadığı Bərdə rayon Prokurorluğuna müraciət edilsədə, cinayət işinin icraatına xitam verildiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 175ç saylı əmrdən görünür ki, Cavabdeh ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70. “ç” maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 336 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin xx.xx.2022-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən təqdim olunmuş, "xxxx" MMC tərəfindən aparılmış müstəqil auditor rəyindən görünür ki, Cavabdeh öhdəsində 17536.82 manat məbləğində çatışmamazlıq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X3rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17536.82 manat məbləğində pul vəsaiti İddiaçı QSC– nin xeyrinə tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 156.52 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulan maddi ziyan qismində 17536.82 (on yeddi min beş yüz otuz altı manat səksən iki qəpik) manat məbləğində pul və ödənilmiş 156.52 (bir yüz əlli altı manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar