Məhkəmə qərarları › İş №2(013)-2717/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2717/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2717/2025 20.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 20 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh nisyə meyvə alqı-satqısına görə yaranmış 10150 (on min yüz əlli) manat, ödənilmiş dövlət rüsumu əvəzində 121,50 manat, hüquqi yardıma görə vəkilə ödənilən 150 (bir yüz əlli) manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə təxminən 4-5 il bundan əvvəl bazarda ticarət ilə məşğul olan mərhum anasının vasitəsi ilə tanış olmuşdur. Belə ki, iddiaçı quru meyvələrin alqı-satqısı ilə məşğul olmuş və əvvəl Yevlax bazarında Səfanın anası ilə ticarət əlaqələri quraraq ona Qəbələ rayonundan satmaq üçün quru meyvələr (qoz, findıq, şabalıd və s.) gətirərək nisyə satmış, növbəti dəfə meyvə gətirdikdə isə pulunu alaraq, yenidən quru meyvə vermişdir. Cavabdehin anası vəfat etdikdə iddiaçıya 2840 manat nisyə satılmış mala görə borcu yaranmış, vəfat etdiyinə görə iddiaçı tələb etməmişdir. İddiaçı razılaşmaya əsasən cavabdehə də Qəbələ rayonundan satmaq üçün quru meyvələr gətirərək nisyə satmış və yeni mal gətirdikdə əvvəlki borcu almış, lakin həmişə də cavabdeh borclu qaldığı pulu tam şəkildə ödəməmişdir. Malı verdiyi zaman iddiaçı və cavabdeh qaimə fakturalara imza atmışlar. Cavabdeh şəxsin quru meyvə alqısatısına görə hazırda iddiaçıya 10150 (8581+225+843+246+255) manat borcu yaranmış (3380951 nömrəli qaimə fakturada imzalarımızla qeyd olunmuşdur) və ödənilməmişdir. İddiaçı borcunu tələb etdikdə isə cavabdeh hər ay 100 manat pul ödəyə biləcəyini demişdir. Artıq məlum oldu ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. İddiaçı məcbur olaraq Yevlax Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək cavabdehdən borclu olduğu pulun alınıb verilməsini xahiş etmiş, araşdırma aparıldıqdan sonra muvafiq qərar çıxararaq şikayətdə göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi iddiaçıya bildirilmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək əlavə olaraq bildirmişdir ki, cavabdehə malları 2023cü ildən satmışdır. Cavabdehin anası ilə də alver etmiş və sonuncunun ona 2800 borcu qalmış, lakin vəfat etdiyindən pulu bağışlamışdır. Cavabdehə hər dəfə mal verərkən qaimə tərtib etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh qiyməti nisyə mal verməklə üzərinə düşən öhdəliyi icra etmiş, Cavabdeh isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğinin (qiymətin) 10150 manat hissəsini ödəməyərək öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə elan olunmuş qaimələrdən görünür ki, cavabdeh iddiaçıya 10150 manat borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 121,50 manat alınaraq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı hüquqi yardıma görə 150 manat xərc çəkmişdir. Məhkəmə sözügedən məbləği ağlabatan hesab etdiyindən iddianın həmin hissəsinin də təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh nisyə alqı-satqıya görə 10150 (on min yüz əlli) manat, ödənilmiş dövlət rüsumu əvəzində 121 (yüz iyirmi bir) manat 50 (əlli) qəpik, hüquqi yardım üçün çəkilmiş xərclərə görə 150 (bir yüz əlli) manat – cəmi 10421 (on min dörd yüz iyirmi bir) manat 50 (əlli) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar