Məhkəmə qərarları › İş №2(013)-2752/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2752/2025

29.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2752/2025 29.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdam Rayon Dövlət Notariat Ofisinə qarşı icra qeyninin ləğv edilməsi tələbi barədə mülki işə 29 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Ağdam Rayon Dövlət Notariat Ofisinə qarşı rayon məhkəməsində iddia qaldıraraq xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat məbləğində borcun ondan tutulmasına dair Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 oktyabr 2021-ci ildə Əsədov Əmirxan Hüseyn oğlu ilə kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsi üzrə Əsədov Əmirxan Hüseyn oğlundan 25 noyabr 2021-ci il tərixidək 7000 manat məbləğində borc almışdır. Ağdam Rayon Dövlət Notarius Ofisinin 06 may 2025-ci il tarixli icra qeydində iddiaçıdan 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat borc tutulması göstərilmişdir. Ərizəyə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı qeyd edilən kredit müqaviləsi üzrə Əsədov Əmirxan Hüseyn oğluna məxsus kart hesabına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə hər ay ödənişlər etmiş və 7000 manat borc məbləğindən artıq, yəni 13500 manatdan artıq pul ödəmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Ağdam Rayon Dövlət Notariat Ofisinin nümayəndələsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı və cavabdeh Ağdam Rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı 7000 manat Əsədov Əmirxan Hüseyn oğlunun xeyrinə tutulmalıdır. xx.xx.2021-ci ildə Bərdə Regional «ASAN Xidmət» Mərkəzi notariat ofisində təsdiq edilmiş krdit müqaviləsinin surətindən görünür ki, İddiaçı Əsədov Əmirxan Hüseyn oğlundan 7000 manat borc almış, İddiaçı aldığı məbləği xx.xx.2021-ci il tarixə qədər qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanunverici orqan tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Həmin Qərarda qeyd olunmuşdur ki, müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun yaranma əsasını, məbləğini və s.) isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə mübahisələndirə bilər. Bu, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. İş materiallarından göründüyü kimi Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin verilməsindən 10 gündən artıq müddət keçmişdir. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün bunlarla yanaşı məhkəmə iddiaçıya izah edir ki, İddiaçı Əsədov Əmirxan Hüseyn oğluna kredit müqaviləsindən nəzərdə tutulandan artıq ödədiyi məbləği geri tələb etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilən qaydada Əmirxan Əsədova qarşı iddia qaldırmaq hüququ var. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdeh Ağdam Rayon Dövlət Notariat Ofisinə qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat məbləğində borcun ondan tutulmasına dair Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar