Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2811/2025 27.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4300 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 63 manatın, cəmi 4363 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh onun iş yoldaşıdır. Onunla eyni idarədə, yəni Sumqayıt şəhəri, 22-ci Məhəllə ünvanında yerləşən "GEM" İdarəsində işləyirlər. Cavabdeh işdə olarkən süni mayalanma adı ilə ondan 2024-cü ilin yay aylarında 3700 manat borca pul istəmiş, aldığı borc pulu bir neçə aya qaytaracağına da söz vermişdir. Özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını Sumqayıt şəhəri, 13-cü Mikrorayonda yerləşən Lombarda girov kimi qoyub pul götürərək işdə olarkən 3700 manatı iş yoldaşlarının yanında cavabdehə vermişdir. Lombardın faizini cavabdeh ödəyərək bildirmişdir ki, narahat olmasın, kredit götürüb lombarda olan borcu bağlayacaqdır. Bir neçə ay bu cür davam etdikdən sonra cavabdeh tərəfindən lombarda olan ödənişlər dayandırılmış, 3700 manat lombarda olan borc bir neçə ay ödənilmədiyi üçün üzərinə faizlər gələrək borc 4300 manata qalxmışdır. Başqa krediti olduğu halda cavabdehin günahı üzündən lombard borcuna görə məcbur olub "xxxx" ASC-dən xx.xx.2025-ci il tarixdə kredit məbləğini artırmış, əlavə olaraq 4300 manat kredit götürmüşdür. Hal-hazırda da həmin kreditə görə aylıq ödənişlər edir. Cavabdeh tərəfindən borc qaytarılmadığı üçün həyat yoldaşı Nəriman Əliyev məcbur qalıb 04 may 2025-ci ildə Azərbaycan Respublikası DİN-nin 102 Qaynar Xəttinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi xx.xx.2025-ci il tarixli məktubu ilə həyat yoldaşına mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. Cavabdeh onun telefon zənglərinə çox zaman cavab vermir. Cavabdehin atası ilə danışarkən o, bildirmişdir ki, "qızı Reyhanın borcu tək sizə deyil, çox şəxslərə borcu vardır, gözləyin evini sata bilsə borcu qaytaracaqdır". Cavabdehdən borcu istədikdə o, özünü öldürəcəyi ilə hədələyir, "məhkəmə və polis orqanları nə edəcəklər, ən pis halda əmək haqqına yönələcək, əmək haqqına yönələcəyi təqdirdə banklara olan borc çoxdur, siz gözləyəsi olacaqsınız" deyir. Hesab edir ki, Cavabdeh 4300 manat və ödənilmiş 63 manat dövlət rüsumu tutularaq ona ödənilməlidir. Bu barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh ilə iş yoldaşıdırlar. 2024-cü ilin yay aylarında başqa bir iş yoldaşı ona Reyhana pul lazım olmasını, Reyhana pul verməsini demişdir. Qızıllarını lombarda qoyub Reyhana 3700 manat pul verdiyindən, Reyhan 4-5 ay lombardın aylıq pul ödənişlərini vermiş, sonra isə lombarda pul ödəməmiş, atasının maşınla adam vurduğunu bildirmiş, vəs. bəhanələr etmişdir. Cəmi olaraq Reyhana 3700 manat pul vermişdir. Bundan başqa Reyhan bir neçə dəfə də ondan pul istəmiş, müxtəlif səbəblər göstərmiş, və.s kimi bəhanələr gətirmişdir. Sonra Reyhan pulu ödəmədiyi üçün onun atası ilə əlaqə saxlamışlar, atası 1-2 ay vaxt istəmiş, bildirmişdir ki, narahat olmasınlar, evlərini satıb Reyhanın borclarını tam ödəyəcəklər. Sonradan yenə də Reyhan borclarını ödəməmiş, pulunu istədikdə isə Reyhan ona hədə-qorxu gəlməyə başlamış, telefon zənglərinə cavab verməmişdir. Bundan sonra polisə müraciət etmişlər, polis məsələnin mülki xarakterli olduğunu, məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bir daha bildirir ki, Reyhana pulu öz əli ilə Mənsurə və Arzunun yanında vermişdir, onlar bunu təsdiq edirlər. Lombardın pullarını Reyhan ödəmədiyi üçün bir neçə ay lombard faizlərini özü ödəmişdir. Lombarda qoyduğu qızılları batmasın deyə, həm də gecikmələr olduğu üçün Kapital Bankdan 4300 manat pul götürüb Reyhanın lombarda olan borcunu ödəmiş, qızıllarını lombarddan çıxarmışdır, hazırda da Kapital Banka aylıq pul ödəyir. Atası qızı Reyhanın 100.000 manat borclarının olmasını bildirir. Reyhandan pulunu istəyəndə onları hədələyir. DİN-nin 102 Xidmətinı zəng edəcəyi ilə onları hədələyir, onu narahat etməmələrini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul edib-etməməsi ilə bağlı ziddiyyətli izahatlar verdi, gah iddianı qəbul etmədiyini, gah da 3000 manat əsas borcunun qalmasını bildirdi. Göstərdi ki, məcburi köçkün kimi 60 manat çörək pulu alır. 2024-cü ilin aprel ayında ona pul lazım olmuş, bu barədə iş yoldaşlarına demişdir. Mənsurə adlı iş yoldaşı ona bildirmişdir ki, Şəlalə sələmlə pul verir. Şəlalə ilə razılaşmışlar, bundan sonra onun kartına Gülşən adlı iş yoldaşı Kapital kartı ilə 3000 manat, yəni faizi çıxmaqla 2700 manat pul atmışdır. 300 manatdan olmaqla 7 ay pul qaytarmışdır. Hesab edir ki, onun 1400 manat borcu qalır. Hazırkı İddiaçı əlbəəl pul almamışdır. Gülşənin kartına 3000 manata görə bir neçə ay hər ayda 300 manatdan olmaqla pullar atmış, 3000 manat əsas borcu isə qalmaqdadır. Şəlalə ona pul verəndə lombarda qızıl qoyması barədə heç nə deməmişdir. Heç kimin pulunu mənimsəmək fikri yoxdur. Nərimanı tanımır, ondan pul almamışdır. İmkanı olan kimi pulu qalan borcunu ödəyəcək. Şahid qismində izahat verən X2 göstərdi ki, 30 ildir ki, həmin idarədə çalışır, hər iki tərəf onun iş yoldaşlarıdır. Şəlalə xanım kollektivdə çox hörmətli bir əməkdaşdır. Cavabdeh Reyhanın uşağı olmadığı üçün ondan kömək istəmiş, süni mayalanma üçün pul lazım olmasını bildirmişdir. Reyhan dəfələrlə gəlib-gedib ondan pul istəmişdir. Şəlalə xanımla münasibətləri çox yaxın olduğu üçün ona Reyhana pul verməsini xahiş etmişdir. Şəlalə isə ona qızıllarını lombarda qoyub pul götürüb Reyhana verə biləcəyini demişdir. Bundan sonra Şəlalə 3700 manat Reyhana pul vermişdir. Reyhan bunun qarşılığında gəlib ona öz təşəkkürlərini də bildirmişdir. Reyhanın Şəlalənin guya faiz verməsinə dair göstərdikləri tam yalandır. Şəlalə onun təkidi ilə Reyhana pul vermişdir. Hətta Reyhana yazığı gəldiyi və əlavə xərclər olmasın deyə Şəlaləyə demişdir ki, pulu verərkən notariusa da getməsinlər ki, əlavə xərclər olmasın. Şəlalənin Reyhana pul verməsinin günahkarı özünü bilir. Reyhan dəfələrlə ona yalvararaq pul istəmiş, söz versə də sonradan sözünə əməl etməmiş, pulu qaytarmamışdır. Reyhan ilə dəfələrlə Şəlalənin pulu barədə söhbətlər etmişlər. Şəlalənin yanında xəcalətli qalıb. Şahid qismində məhkəmədə izahat verən X4 göstərdi ki, həmin idarədə çalışır, hər iki tərəf onun iş yoldaşlarıdır. Şəlalə ilə bir otaqda işləyirlər. Şəlalə ona Reyhanın pul istədiyini bildirmişdir. Şəlalə lombarddan pul götürmüş, ona demişdir ki, pulu aparıb Reyhana verəcək. 3700 manat Şəlalənin Reyhana pul verməsini bilir. Şahid qismində /sonradan nümayəndə qismində/ məhkəmə iclasında izahat verən X10 göstərdi ki, 2024-cü ilin yay aylarında həyat yoldaşı Şəlalə ona zəng edərək bildirmişdir ki, süni mayalanma üçün Reyhan adlı iş yoldaşları ondan pul istəyir, Reyhanın yaxşı adam olmasını bildirirlər, Reyhana pul vermək istəyir. Şəlaləyə Reyhana pul verməməsini demiş, buna etiraz etmiş, əgər vermək istəyirsə isə rəsmi qaydada borc müqaviləsi əsasında verməsini demişdir. Reyhana pul verməsinə razılaşmışlar. Bundan sonra Sumqayıt şəhərində özlərinə məxsus 40 qram çəkidə qızıllarını lombarda girov qoyub 3700 manat pul götürmüşlər. Reyhan onlardan pulu borc kimi 1-2 aylıq istəmişdir. Reyhan bir neçə ay lombardın aylıq pullarını ödəmiş, sonradan isə ödəməni dayandırmışdır. Lombardın borcu şişərək 4300 manat olmuşdur. X9 borcu ola-ola yenidən oradan 4300 manat pul götürüb lombardın borcunu ödəmişlər. Reyhanın boclarını qaytarmaq fikri olmadığını görüb onun atası ilə əlaqə saxlamışdır. Reyhanın atası qızının çoxlu sayda borclarının olmasını bildirmş, vaxt istəmişdir. Lakin sonradan atası da Reyhanın aldığı pulları qaytarmaqdan imtina etmiş, onlara hara istəyir şikayət etməsini demişdir. Sonra Reyhan telefon zənglərinə cavab verməmiş, dəfələrlə onları aldatmış, borcundan ayda 100 manat ödəcəyini bildirsə də bunu da etməmişdir. Beləliklə də Reyhanın 4300 manat Şəlaləyə borcu var. Daha sonralar isə Reyhan onları hədələmiş, bu günə kimi də onların pullarını qaytarmamışdır. Tərəflər bu günə təyin edilmiş məhkəmə iclasına gəlməmişlər, iddiaçı tərəf Bakı Şəhərində yaşadıqları üçün məhkəməyə gəlib-gedə bilmədiklərini bildirirlər, ərizələrinə onların iştirakı olmadan baxılmasını xahiş edirlər. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə tərəfləri və şahidləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, 26 may 2005-ci il tarixdən Sumqayıt şəhəri, məh.4, ev 16/31, mənzil 5-də qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən X6 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-ə ünvanladığı müraciətə baxılmış və ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. ”Kapital Bank” ASC-nin Ödəniş Cədvəlindən görünür ki, ASC ilə İddiaçı arasında bağlanmış GTKR3677157C299 saylı Kredit Müqaviləsinə əsasən ona 14 may 2025-ci il tarixdən hesablanılmaqla 59 ay müddətinə, illik 20,4 % dərəcəsi ilə 7153 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi VHATSAP yazışmalarından görünür ki, 2025-ci ilin fevral ayından başlayaraq iddiaçı tərəf cavabdehdən pullarını tələb etmiş, cavabdeh telefonlara cavab vermədiyi üçün ona etirazlarını bildirmiş, cavabdeh isə "xəstəxanadayam, burdan çıxım həll edəcəm", "ayın 1-2-sinə kimi həll edəcəm", "salam hər vaxtınız xeyir, siz mənə kart atın, ayın əvvəlindən hər ay 100 manat göndərəcəm", "məbləği artıracam", "yayda məzuniyyətim bitir, işə çıxım, ondan sonra artıracam" və s. kimi cavablar vermişdir. Məhkəmə iclasında hazırkı mübahisə tərəfləri aralarında olan səs yazıları da dinlənildi. Həmin səs yazılarında İddiaçı həyat yoldaşı Nərman Əliyev Cavabdeh "niyə məni aldadırsan", "hörmətsizlik edirsən", "100 dəfə zəng edirəm", "kart atıram sizə, 100 manat at eybi yox", "çekləri at mənə", "59 aylıq pul götürdüm Şəlalənin adına", "səni bazara kimi gözləyəcəm" kimi etirazlar bildirir, Cavabdeh isə "xəstəxanadayam", "problem deyil", "borc müqaviləsi bağlayarıq", "çıxım həll edəcəm", "mən sizi tanımıram", "kartıma pul köçürüblər, gəlsin atacam", "dedim də ayın əvvəli atacam", "dedim ayda 60 manatdan ödəyim, razı olmadınız", "qızılların mənə dəxli yoxdur, "verin məhkəməyə", "özümə xəsarət yetirəcəm", "gəlin öldürün" və s.kimi fikirlər bildirir. Cavabdeh özünə məxsus və məhkəməyə təqdim etdiyi Kapital Bankın kart çıxarışından görünür ki, onun həmin kartına 19 aprel 2024-cü il tarixdə 300 manat çıxılmaqla 2700 manat pul köçürülmüş, həmin ilin iyun ayında həmin kartdan 300 manat, iyul ayında 300 manat, avqust ayında 300 manat və oktyabr ayında 370 manat X1 ödəmələr edilmişdir. Cavabdeh 300 manatdan olan həmin ödənişləri İddiaçı aldığı borc pulun aylıq ödənişləri kimi verməsini məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh R.X3 kartına qeyd olunan həmin məbləğləri göndərməsi həmçinin LEOBANKa məxsus Gülşən Həsənlinin adına açılmış kart məlumatları ilə də təsdiq olunur /məlumatlar iş materiallarında/. ALTUN F.C MMC-nin məhkəməyə ünvanladığı məktubla bildirilir ki, 2024-cü il ərzində iddiaçının əri X8 tərəfndən 04 aprel 2024-cü il ərzində qızıl girov qoyularaq 750 AZN pul götürülmüş, 18 aprel 2024-cü il tarixdə isə qızıl girov qoyularaq 2800 manat pul götürülmüş və sonradan ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi Cavabdeh İddiaçı borc pul alması, aldığı borc məbləğinə görə 4-5 ay aylıq ödənişləri etməsi özünün qismən etirafları ilə yanaşı, şahidlərin ifadələri, ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən bank sənədləri və lombard arayışı ilə öz təsdiqini tapır. Cavabdeh məhkəmə iclasında borc məbləği ilə bağlı ziddiyyətli izahatlar verir, gah ümumiyyətlə borc pul almadığını bildirir, gah İddiaçı sələm qaydasında faizlə borc almasını bildirir, gah aldığı borclara görə bir neçə ay 300 manatdan aylıq məbləğləri ödəməsini etiraf edir, hazırda Şəlaləyə 1400 manat borcunun qalmasını, gah da 3000 manat olan əsas borcunun bütövlükdə qalmasını bildirir. Beləliklə Cavabdeh pulun məbləği ilə bağlı konkret fikir bildirməsə də, iddiaçıdan borc pul almasını dolayısı ilə etiraf edir, şahidlər onu iddiaçıdan 3700 manat pul borc almasını məhkəmə iclasında təsdiq edirlər, Cavabdeh şahidlərin bu məzmunlu ifadələrinə məhkəmə iclasında heç bir etiraz bildirmir. İşin materiallarına əlavə edilmiş lombard və bank sənədləri ilə, həmçinin iddiaçı və şahidlərin ifadələri ilə təsdiq olunur ki, İddiaçı tərəfindən cavabdehə lombarddan girov müqabilində götürülən 3700 manat pul verilmiş, cavabdeh ilkin lombard ödənişi olan 300 manatı ödəmiş, 4 ay ərzində isə 300 manatdan olmaqla ümumilikdə 1270 manat iddiaçıya ödənişlərini etmişdir. İddiaçı lombard ödənişləri üçün hər ay 300 manatdan pul ödəməsini bildirir, lakin onun göstərdikləri araşdırılmış sübutlarla təsdiq olunmur. Belə ki, İddiaçı lombarddan götürdüyü pul məbləğini 1 ay ərzində geri qaytarmışdır. İddiaçının təxminən 3700 manat civarında ALTUN F.C MMC lombard təşkilatından pul məbələğini götürməsi onun əri X6 verilmiş həmin MMC-nin arayışı ilə təsdiq olunur, lakn yuxarıda qeyd edildiyi kimi həmin məbləğ 1 ay müddətində qaytarılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh tərəfindən alınmış borc məbləği ilə bağlı İddiaçı 1270 manat pul ödənişləri edilmişdir. İddiaçı cavabdehin ona 4-5 ay ərzində həmin məbəğləri ödəməsini etiraf edir, bunu mübahisələndirmir, ancaq həmin məbləğlərin lombard faizləri üçün ödənildiyini bildirir. Lakin ALTUN F.C MMC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, iddiaçı tərəfin istinad etdiyi lombard məbləği qısa müddətləri əhatə edir, yəni iddiaçının əri Nəriman Əliyev tərəfindən lombarddan pul məbləği 18 aprel 2024-cü ildə götürülmüş, cəmi 1 ay sonra isə lombard borcları tamamilə ödənilmişdir. İddiaçı cavabdehə 3700 manat borc verməsini bildirir, lakin tələblərində 4300 manat tələb etsə də bunu təsdiq edən sübutları da məhkəməyə təqdim etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə adlıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 3700 manat məbləğdən onun iddiaçıya ödədiyi 1270 manat məbləğ çıxılmalı, iddia tələbi qismən təmin edilərək 2430 manat cavabdehdən iddiaçının xeyrinə pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin müddəaları baxımından iddia tələbləri qismən təmin edildiyindən Cavabdeh İddiaçı xeyrinə iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq 44.30 manat alınıb verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh – 2430 (iki min dörd yüz otuz) manat məbləğində pul və 44.30 /qırx dörd manat otuz qəpik/ manat dövlət rüsumu kimi ödənilmiş məbləğ, cəmi 2474,30 (iki min dörd yüz yetmiş dörd manat otuz qəpik/ manat məbləğində pul alınıb İddiaçı xeyrinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2811/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2811/2025
27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver