Məhkəmə qərarları › İş №2(013)-2840/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2840/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2840/2024 12.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1170 (bir minbir yüz yetmiş) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 32 (otuz iki) manat məbləğində pul vəsaitinin alınb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Cavabdeh tanıdığını, belə ki, Cavabdeh mebel təmiri ilə məşğul olduğunu üçün ona divan təmir etdirmək niyyəti ilə 330 manat, bir neçə gün keçdikdən sonra isə kuxna mebeli düzəltdirmək üçün 1170 manat pul verdiyini, lakin aradan xeyli müddət keçsədə, nə mebelləri düzəldib təhfil verdiyini, nə də aldığı pulu geri qaytarmaq istəmədiyini, bininla bağlı Ağdam RPŞ-yə şikayət ərizəsi ilə müraciət etdiyini, yalnız bundan sonra Cavabdeh 330 manat pulu qaytardığını, lakin 1170 manat pulu nə qədər tələb etsədə qaytarmaqdan imtina etdiyini, bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirərək cavabdehdən 1170 manat pulun alınaraq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, 2024-cü ilin təxminən iyun ayında İddiaçı ona divan düldirmək istədiyini söylədiyini, onunla 550 manat muqabilində divanın düzəldəcəyini razılaşdığını, İddiaçı ona 330 manat pul vermiş, qalan 220 manat pulu isə divan düzələndən sonra verəcəyini dediyini, həmin divanın düzəlməsi üçün bəzi avadanlıqların olmadığı üçün görüləsi iş biraz gecikdiyini, İddiaçı isə ondan Ağdam RPŞ-ya şikayət etdiyini, İddiaçıla mətbəx mebeli düzəldirmək ilə bağlı heç bir razılaşma və söhbət olmadığını, bunların uydurma olduğunu, mətbəx mebelinə görə İddiaçı pul almadığını, divana görə aldığı 330 manat pulu isə İddiaçı qaytardığını bildirdi və İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasın tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar (Mülki Məcəllənin 14-cü maddəsində müəyyən edilən) nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinin tələbinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Beləliklə, məhkəmə tərəfindən iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı X1 Cavabdeh 1170 (bir minbir yüz yetmiş) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 32 (otuz iki) manat məbləğində pul vəsaitinin alınb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar