Məhkəmə qərarları › İş №2(013)-2906/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2906/2025

23.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2906/2025 23.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3 yaşınadək uşağa qulluğa görə aliment verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində saxlanılma xərci tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə 11 fevral 2022-ci ildə rəsmi olaraq ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqları olduğunu, ailə münasibətlərinin pozulduğundan məhkəmə qətnaməsi ilə nikahın pozulduğunu, qətnamə ilə birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağın onun himayəsində saxlanması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin onun xeyirinə tutulmasının qət edildiyini, həmin vaxt uşağın 3 yaşına çatanadək saxlanması üçün baxım pulunu tələb etsədə, ona əvvəlcə mediyasiya, sonra isə birinci instansiya məhkəməsinə müraciət etməli olduğunu izah etdiklərini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, onun cəmi 670 manat maaş aldığını, İddiaçı ilə birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X2 adlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsinə əsasən qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin təyin edildiyini, təyin olunmuş alimenti vaxtlı-vaxtında ödədiyini, iddiaçı tərəfin övladına baxa bilmədiyi təqdirdə özünün baxa biləcəyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəməyə 01 sentyabr 2025ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment qeyd edilən vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 03 yaşına çatanadək Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulmasına 01 sentyabr 2025-ci il tarixdən başlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 03 may 2023-cü il təvəllüdlü X1 03 (üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasına 01 sentyabr 2025-ci il tarixdən başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar