Məhkəmə qərarları › İş №2(013)-2907/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2907/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2907/2025 03.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 03 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 5700 manat, əldən çıxmış faydaya görə 3000 manat, 5400 manat dəbbə pulu, mənəvi zərərə görə 600 manat– cəmi 14700 (on dörd min yeddi yüz) manat 10 (qəpik) və ödənilmiş dövlət rüsumu əvəzində 134,10 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin sonlarından cavabdehi tanıyır. Onunla tanışlığı avtomobilinin satışı ilə bağlı olmuşdur. 2024-cü ilin təxminən yanvar ayından başlayaraq 2-3 ay ərzində cavabdeh iddiaçıdan 2200+300=2500 manat borc almışdır. Yenə də əlavə olaraq sonradan cavabdeh iddiaçıdan 2200 manat, cəmi 7500 (yeddi min beş yüz) manat borc almışdır. Cavabdeh aldığı borcu qısa müddətdə qaytaracağına söz vermişdir. Lakin cavabdeh aldığı pulu vəd etdiyi müddətdə iddiaçıya qaytarmamışdır. Cavabdeh sonradan iddiaçıya borcunu etiraf etdiyini bildirərək borcun etiraf olunması barədə saziş imzalamışdır. Həmçinin cavabdehin etirafı ilə bağlı video çəkiliş var. Həmin video çəkiliş və saziş iddia ərizəsinə əlavə olunmuşdur. Bundan sonra cavabdeh iddiaçıya cəmi 6 ay müddətində 1800 manat pul qaytarmışdır. Lakin sonradan cavabdeh müəyyən bəhanələr uyduraraq qalan borcunu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya 5700 (beş min yeddi yüz) manat borcu qalmışdır. Bu məsələ ilə əlaqədar həmin pulunun əlində olmaması səbəbindən iddiaçı əldə edə biləcəyi xeyli məbləğdə gəlirindən və faydadan məhrum olmuş və buna görə də əsəb gərginliyi, stress keçirərək səhhəti korlanmışdır. Nəticə etibarı ilə maddi zərərə və mənəvi ziyana məruz qalmışdır. Belə ki, iddiaçı həmin 5700 manat puluna bu müddət ərzində istənilən mal alqısatqısı, meyvə-tərəvəz satışı ilə məşğul olsaydı, minimum 3000 manat gəlir əldə edəcəkdir. Mənəvi ziyanını isə 600 manat hesab edir. Eləcə də həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdehin hər gecikdirilən günə görə 30 manat məbləğində dəbbə pulu ödəyəcəyini nəzərə alaraq: 180 x 30 = 5400 manat məbləğində pul da iddiaçıya ödənilməlidir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 7500 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulun 5700 manat hissəsini qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı 7500 manat borc almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh aldığı vəsaiti ən geci xx.xx.2026-cı il tarixə qədər qaytarmağı öhdəsinə götürür. Belə olan halda İddiaçı tələbinin əldən çıxmış faydaya görə 3000 manat və 5400 manat dəbbə pulu hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsində göstərilmişdir ki: 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsind əsasən: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. İddianın mənəvi zərərə görə 600 manat tələbinə dair hissəsi ilə əlaqədar olaraq məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsi mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını aşağıdakı qaydada özündə ehtiva etmişdir: Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyi, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yuxarıda qeyd edilən Qərarın 4-cü bəndinin 1-ci abzasında nəzərdə tutulmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətinin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və s. maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bütün yuxarıda qeyd olunlardan göründüyü kimi qanunvericilik mülki hüquq məsuliyyəti daşımaq üçün mülki hüquq pozuntusu (delikt) törədilməsini mütləq və əsas amil kimi nəzərdə tutmuşdur. Lakin İddiaçı iddiasına baxılarkən məlum olmuşdur ki, cavabdeh ona qarşı hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik etməmişdir. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi hansı mənəvi sarsıntı və iztirablar keçirməsi məhkəmədə sübut olunmamışdır. Həmin səbəbdən iddianın mənəvi zərərə görə 600 manat tələbinə dair hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 134,10 manat məbləğində dövlət rüsumu əvəzində iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq, yəni 77 manat cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 77 (yetmiş yeddi) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan əldən çıxmış faydaya görə 3000 manat, 5400 manat dəbbə pulu, mənəvi zərərə görə 600 manat və ödənilmiş dövlət rüsumu əvəzində 57,10 manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar