Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2915/2025 03.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 03 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 iştirakçisı olmaqla “N” saylı hərbi hissədə N ildən artıqdır xidmət edir. Cavabdeh qəsəbə sakinidir, neçə ildir iddiaçı onu tanıyır. xx.xx.2025-ci il tarixli ikitərəfli aktdan göründüyü kimi iddiaçı cavabdehlə akt bağlamış və həmin aktla cavabdeh özünə məxsus «VAZ 2109» markalı 10RV294 nömrə nişanlı maşını iddiaçıya 3000 manat məbləğində kreditlə satmışdır. Həmin akt üzrə ilkin olaraq 500 manat, qalan 2500 manat pulun 10 ay müddətinə hər ay 250 manat məbləğində ödəmək barədə razılıq olmuşdur. xx.xx.2025-ci il tarixli 329837 nömrəli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamədən göründüyü kimi Cavabdeh xx.xx.2033-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı cavabdehə 2025-ci ilin iyun ayınadək 1450 manat məbləğində pul vermişdir. İddiaçının arvadı vəfat etdikdən sonra maddi imkanı olmadığı üçün 2 ay müddətində pulu ödəyə bilməmişdir. Bundan sonra cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməni ləğv etmişdir. Belə olduqda iddiaçı cavabdehə ödədiyi 1450 manat məbləğində pulu qaytarmasını sonuncudan tələb etmiş, lakin Cavabdeh öhdəliyini yerinə yetirməyərək 1450 manat məbləğinində pulun qaytarmaqdan əsassız olaraq imtina edir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək, əlavə olaraq VAZ 2109» markalı 10RV294 dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə qaytardığını qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından Cavabdeh İddiaçı satmaq istədiyi «VAZ 2109» markalı 10RV294 dövlət qeydiyyat nişanlı avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olmaqla alqı-satqı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, avtomobilə sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Lakin mülki işin məhkəmə araşdırmasında məlum olmuşdur ki, Cavabdeh avtomobili İddiaçı mülkiyyətinə verməmiş, avtomobilin İddiaçı sahiblik, istifadə və mülkiyyətinə verilməsinə dair notariat qaydasında hər hansı bir əqd təsdiqlənməmişdir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin tələblərinə zidd olaraq rəsmi reyestrdə qeydə alınan daşınar əşyanın alqı-satqısına dair əqd bağlanmışdır. Ona görə də həmin əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə olan halda İddiaçı avtomobili almaq üçün Cavabdeh verdiyi 1450 manat məbləği geri tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınar əmlakın dövlət reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rrezidentinin 11 aprel 2007-ci il tarixli fərmanından (əlavə 2) görünür ki, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarım qoşquları rəsmi reysterləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsində göstərilmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 146.1-ci məddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 648.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsində qeyd olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadəyə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarında olan aktdan görünür ki, iddiaçı avtomobil almaq üçün cavabdehə 1450 manat vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının hazırki tələbi irəli sürərkən ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində cavabdehdən 34,50 manat alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 34 (otuz dörd) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2915/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2915/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver