Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2945/2023 13.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 13 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X3 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas, 4861,86 manat faiz, 326,68 manat cərimə - cəmi 35188,54 manat borcun və 195,57 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən M.M.Seyidov iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdeh İ.H.Ağayevə İddiaçı ASC tərəfindən 120 ay müddətinə, illik 30 faizlə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanılmış, cavabdeh İ.H.Ağayev öhdəliklərini icra etməyəcəyi təqdirdə onun bank qarşısında olan öhdəliklərin tamamilə icra edilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz üzərlərnə götürmüşlər. İddiaçı ASC ilə cavabdeh İ.H.Ağayev arasında xx.xx.2022-ci il tarixdə onlayn qaydada kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən mobil telefonla, SMS vasitəsi ilə cavabdeh İ.H.Ağayevə İddiaçı ASC tərəfindən 30 ay müddətinə, illik 21 faizlə 30000 manat kredit verilmişdir. Cavabdeh İ.H.Ağayev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh İ.H.Ağayev ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə 30000 manat əsas, 4861,86 manat faiz borcu qalmışdır. Bundan əlavə müqavilə tələblərinə uyğun olaraq cavabdeh İ.H.Ağayevə 326,68 manat cərimə hesablanmışdır. Həmin borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edilməsinə baxmayaraq onların öhdəliyi icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdeh İ.H.Ağayevə 120 ay müddətinə, illik 30 faizlə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktubdan görünür ki, mobil telefonla, SMS vasitəsi ilə İddiaçı ASC tərəfindən cavabdeh İ.H.Ağayevə 30 ay müddətinə, illik 21 faizlə 30000 manat kredit verilmişdir. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İ.H.Ağayev öhdəliklərini icra etməyəcəyi təqdirdə onun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh1 öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İ.H.Ağayev öhdəliklərini icra etməyəcəyi təqdirdə onun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh İ.H.Ağayevə 30 ay müddətinə, illik 21 faizlə 30000 manat kredit verilmiş və həmin müqavilə üzrə onun 30000 manat əsas, 4861,86 manat faiz, 1306,72 manat cərimə borcu qalmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh İ.H.Ağayevə 30 ay müddətinə, illik 21 faizlə 30000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Cavabdeh İ.H.Ağayev isə vəfat etmiş, onun iddiaçıya olan 30000 manat əsas, 4861,86 manat faiz borcu qalmaqla öhdəlik icra olunmamışdır. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, sonuncular İ.H.Ağayevin bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan alınmış pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, cavabdeh İ.H.Ağayev iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə cavabdeh İ.H.Ağayev arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcu ödəməyi üzərinə götürmüşdür. İ.H.Ağayeva kredit müqaviləsi üzrə 326,68 manat cərimə borcu hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat əsas, 4861,86 manat faiz, 10 manat cərimə - cəmi 34871 (otuz dörd min səkkiz yüz yetmiş bir) manat 86 (səksən altı) qəpik və 195,57 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın cərimə borcu tələbinin qalan 316,68 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2945/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2945/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver