Məhkəmə qərarları › İş №2(013)-3156/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3156/2025

29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3156/2025 29.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı cavabdeh X1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmənin binasında mülki işin materiallarını məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı uşaqlarımın saxlanılması üçün əvvəl təyin olunmuş alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün ayda 490 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən və qanunvericiliyin həmin tələbinə riayət edilməsinə dair məlumatı ərizədə göstərmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irləi gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazır ki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisələrə aidir. Ona görə də hazır ki iş üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan əlavə iddia ərizəsində cavabdeh X1 aid Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci madəsində göstərilən məlumatlar tam göstərilməmişdir. O, cümlədən cavabdehə aid eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi FİN) göstərilməmişdir. Ona görə də cavabdeh X2 “Azemis” elektron məhkəmə informasiya sistemində görünmür. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunna uyğun olaraq tərəfinlərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh X1 qarşı cavabdehdən azyaşlı uşaqlarımın saxlanılması üçün əvvəl təyin olunmuş alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün ayda 490 manat tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar