Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3157/2024 06.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 1993-cü ildən yaşadığı Ağdam rayonu Maqsudlu kəndinin işğalından sonra ailə üzvləri ilə birlikdə rayonun Bənövşələr Qəsəbəsində 42 saylı evdə məskunlaşmışdır. 2024-cü il iyun-iyul aylarında “Tiktok” kanalı ilə Ağdam rayonunda torpaq sahəsi satılması ilə baglı elan yerləşdirilmişdir. Bununla baglı həmin ünvana gedərək orada tanımadığı rayonun Xındırıstan kəndində yaşayan Cavabdeh ilə görüşmüş, həmin torpaq sahəsi 3500 manata qiymətləndirilmiş, lakin sənədləşirdikdən sonra ona 3000 manata satacağını bildirmişdir. Cavabdeh ilk öncə ilkin sənədləşdirmə aparılması üçün 500 manat, 03 gün keçdikdən sonra 300 manat, 800 manat və yekünda 200 manat pul vermişdir. Müəyyən müddət keçdiyinə baxmayaraq sənədləşdirmə işləri aparılmamış, Cavabdeh üzərinə götürdüyü öhdəliyi bu vaxta qədər müxtəlif bəhanələrlə icra etməkdən boyun qaçırmış, üzbəüz və ya çoxsaylı telefon danışığıqları zamanı hər dəfə tezliklə torpagın sənədləşmə işlərinin aparılmasını bildirsə də yenə də onu aldatmışdır. Bundan başqa ona məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini sənədləşdirmək üçün digər şəxsdən də 500 manat almışdır. Göründüyü kimi Cavabdeh ondan aldığı 1800 manat borc məbləğini qaytarmaqdan əsassız olaraq imtina edir. Ona görə də müvafiq tədbir görülməsi üçün Ağdam Rayon Polis Şöbəsinə müracət etmiş, müraciəti əsasında araşdırma aparılmış və göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Borcun ödənilməsi ilə bağlı çox saylı müraciətləri heç bir nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh 1800 manat borc məbləği alınıb ona verilməlidir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi, əlavə olaraq göstərdi ki, sosial kanalda torpaq sahəsi satılmasını bilmiş, Bəxtiyar adlı qonşu torpaq sahibi onu cavabdeh Siracəddin ilə tanış etmişdir. Torpaq Siracəddinin atasına məxsus olmuş, Siracəddin ilə torpağı 3000 manata alacağı barədə razılaşmışlar. Siracəddin torpağın sənədlərini düzəltmək üçün ondan ilkin olaraq 500 manat almışdır. Sonra Siracəddin sənədələşmə etməmiş, işləri ləngitmiş, ondan yenə də pul istəmiş, Sonra Siracəddinə 300 manat, 800 manat və yekünda 200 manat pul vermişdir. Sənədləşdirmə işləri aparılmadığından Siracəddin müxtəlif bəhanələr etmiş, Siracəddindən pullarını tələb etmiş, ya da torpağın sənədləşmə işlərinin yekunlaşdırmasını istəmiş, lakin Siracəddin müxtəlif bəhanələr etmişdir. Sonra ona məlum olmuşdur ki, Siracəddin torpağı Firdovsi adlı başqa şəxsə də satıb. Ona görə məhkəməyə müraciət edib. Məhkəməyə müraciət edəndən sonra Siracəddin ona zəng edib, bildirib ki, ərizəni məhkəmədən geri götürsün, hər ay borcundan 150 manat verəcək, Siracəddinlə razılaşmayıb, pulunu bütövlükdə tələb edib. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini etiraf etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi, iddiaçıdan 1800 manat pul almasını etiraf etdi. Məhkəmə tərəfləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1983-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 03 may 2015-ci il tarixdə verilmiş AA 289671 seriyalı X2 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Şəxsiyyət Vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh 1985-ci il təvəllüdlüdür, Ağdam rayonunun Əhmədağalı Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Kolqışlaq kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı məcburi köçkün olduğundan qanunla dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş həcminə müvafiq olaraq, yəni 38 manat məbləğində pul MPM-nin 119-cu maddəsinin tələbləri baxımından cavabdehdən alınıb dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 1.800 /bir min səkkiz yüz/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Dövlət rüsumu kimi ödənilməli olan 38 /otuz səkkiz/ manat pul Cavabdeh tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-3157/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3157/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver