Məhkəmə qərarları › İş №2(013)-3157/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3157/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3157/2025 25.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 25 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 14600 (on dörd min altı yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 15000 manat borc almış, pulu vaxtında qaytarmamış, iddiaçı cavabdehdən Bərdə Rayon Polis Şöbəsinə ərizə vermişdir. Cavabdeh izahatında 7300 manat borcunun olduğunu göstərmiş, lakin öz xətti ilə 15000 manat borcunun olduğunu yazmışdır. Guya 2025-ci ilin yanvar ayının 10-na kimi 5000 manat verəcək, ondan sonra hər ay da 1000 manatdan az olmayaraq ödəyəcək. Göründüyü kimi 2025-ci ilin senyabr ayına kimi cəmi 400 manat pul ödəmişdir. Ona görə də iddiaçı də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı etiraf etmir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçını tanıyır, iddiaçı cavabdehin anası ilə qonşudur. İddiaçı sələmə pul verməklə məşğuldur. Cavabdehin ərinin əmisi gəlini X1 övladının diplomunu almaq üçün cavabdehdən 5000 manat borc istəmiş, cavabdeh də pulunun olmadığını bildirmişdir. Ülviyyə sələmə pul verən tanıyıb-tanımdığını cavabdehdən soruşmuş, cavabdeh də Tərtərdə yaşayan İddiaçı sələmə pul verdiyini demişdir. Ülviyyə şəxsiyyət vəsiqəsini və əmək haqqı kartını cavabdehə verərək İddiaçı ona sələmə pul götürüb verməsini demişdir. Cavabdeh iddiaçıya müraciət etdikdə sonuncu Fəxriyyəyə 4500 manat verə biləcəyini bildirmişdir. Cavabdeh Ülviyyənin əmək haqqı kartını iddiaçıya verib, sonuncudan 4500 manat sələmə pul götürüb Ülviyyəyə vermişdir. Sonradan cavabdeh özünə pul lazım olduğu üçün müxtəlif vaxtlarda cəmi 2800 manat İddiaçı sələmə pul götürmüş və həmin pula görə cavabdeh iddiaçıya 22550 manat sələm ödəmişdir. Həmin pulları cavabdeh qardaşı Anar Əliyev və «Milliön» aparatı vasitəsi ilə ödəmişdir. Cavabdeh iddiaçıdan cəmi 7300 manat sələmə pul götürmüş və ona 22550 manat sələm ödəmişdir. İddiaçı cavabdehə hədə qorxu gələrək sonuncudan yazılı qəbz almışdır. Həmin qəbzin məzmununda 7300 manatı həyacanlı olduğu üçün cavabdeh qeyd etməmişdir. Qəbzdə göstərilən məbləğ 7300 manat olmalıdır. Cavabdeh qəbzə əsasən birinci dəfə beş min manatdan az olmayaraq, qalan borcu isə 1000 manatdan az olmayaraq ödəyəcəyini qeyd etmişdir. Cavabdeh iddiaçının hədə qorxusuna görə iddiaçıya əl çəkməsinə görə sentyabr və oktyabr aylarında cəmi 550 manat pul ödəmişdir. Pulu ödəməkdə məqsədi iddiaçının ondan əl çəkməsi və onu sakit buraxması olmuşdur. Cavabdehin iddiaçıdan 7300 manat sələmə pul götürməsini və buna görə 22550 manat sələm ödəməsini X7, X8 və X9 da təsdiq edə bilərlər. Ona görə də iddia rədd edilməlidir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Fəxriyyənin anası ilə 30 ildən artıqdır qonşu olmaqla aralarında normal münasibət olmuşdur. 2023-cü ildə Fəxriyyə kollecə işçi düzəldə biləcəyini ona demişdir. Özünün gəlinini işə düzəltmək üçün Fəxriyyəyə 15000 manat vermişdir. Fəxriyyə onun pulunu qaytarmamışdır. Bu səbəbdən Fəxriyyənin barəsində polisə şikayət etmişdir. Fəxriyyə polisdə ona 10000 manat borclu olmasını etiraf etmiş, cinayət işi başlanması rədd edilmişdir. Bundan sonra onun Fəxriyyə Əlizamin adlı şəxsin yanında qəbz yazaraq ondan 15000 manat aldığını etiraf etmişdir. Fəxriyyə qəbzdə 15000 manat əvəzində 15 manat yazmışdır. Cavabdehin ona cəmi 550 manat qaytardığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X4 bildirmişdir ki, Güldanə ona etibarnamə vermişdir. Fəxriyyə onun yanına gələrək Güldanəyə 15000 manat borclu olması, 2025-ci ilin yanvar ayının 10-na kimi 5000 manat verəcəyi, ondan sonra hər ay da 1000 manatdan az olmayaraq qalan pulu ödəyəcəyi barədə qəbz yazmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunduğu kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında 15000 manat məbləğin borc verilməsinə dair yazılı formada müqavilə bağlanmadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəaları tətbiq edilməlidir. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 15000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmiş, sonradan isə 550 manat qaytarmışdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 14450 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan Bərdə Rayon Polis X2 təhqiqatçısı X5 HK-1/2759 saylı material üzrə qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli və baş təhqiqatçı X3 qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarlarının surətindən görünür ki, İddiaçı Cavabdeh şikayət edərək 15000 manat pulunu ala bilməməsini göstərmiş və cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt Bərdə Rayon Polis Şöbəsinə izahat verən Cavabdeh İddiaçı 10000 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı məhkəməyə qəbz təqdim edərək cavabdehin ona 15000 manat borclu olduğunu qeyd etdiyini bildirmişdir. Sözügedən qəbzdə cavabdeh iddiaçıdan 15000 manat deyil, 15 manat aldığını bildirmişdir. Lakin qəbzin məzmunundan görünür ki, caabdeh iddiaçıya 2025-ci ilin yanvar ayının 10-na kimi 5000 manat verəcəyini, ondan sonra hər ay 1000 manatdan az olmayaraq qalan pulu ödəyəcəyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 133,35 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14450 (on dörd min dörd yüz əll) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 133 (yüz otuz üç) manat 35 (otuz beş) qəpik dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan –150 (yüz əlli) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar