Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3201/2024 05.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6340 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 24 dekabr 2022-ci il tarixdə Cavabdeh ondan 6340 manat borc almış, Cavabdeh aldığı borc məbləğini 2023-cü ilin fevral ayından etibarən çörək pulu kartı ilə hər ay 180 manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, Cavabdeh ondan 6340 manat pulu borc almasına dair öz xətti ilə qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Cavabdeh borc olaraq ondan aldığı 6340 manatı tezliklə qaytaracağına söz versə də sözünə əməl etməmiş, borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Bir müddət onun pulu gətirib ödəyəcəyini gözləmiş, ancaq ondan heç bir xəbər çıxmadığı üçün dəfələrlə ona zəng etmiş, borcunu ödəməsini xahiş etmişdir. Cavabdeh yenə də onu aldadarq borcunu qaytaracağına söz versə də bu günə qədər müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh aldığı 6340 manat borc məbləğini qaytarmaqdan əsassız olaraq imtina etmiş, belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh 6340 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh ondan ayrı-ayrı vaxtlarda 2 dəfə, bir dəfə 3000 manat, bir dəfə isə 3340 manat borc kimi pul götürüb. Cavabdeh pul götürdüyü vaxtlarda Ucar Rayonunda Broyler Sexində mühafizəçi işləmişdir. Cavabdeh ilk dəfə ondan pul götürmüş, qaytarmamış, sonra iş yerində problem olmasını bildirib yenidən ondan pul istəmiş, çörək pulu kartını ona verəcəyini bildirmiş, lakin onu aldatmış, kartını verməmişdir. Cavabdehlə 5-10 gün bundan əvvəl telefon əlaqəsi yaratmış, cavabdeh bildirmişdir ki, məhkəməyə getmək lazım deyil, gəlsin özləri razılaşsınlar, barışsınlar. Lakin cavabdeh onu dəfələrlə aldatdığından mübahisənin baxılmasını məhkəməyə vermişdir. Həmin pulu binanın həyətində, arvadının yanında verib. Cavabdeh bu barədə öz xətti ilə qəbz də yazıb və imzalayıb. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə bildirişi və SMS məlumatla /mobil № -51-241-26-00/ məlumatlandırılmış, həmin nömrə ilə onunla məhkəmə iclas katibi tərəfindən telefon əlaqəsi yaradılmış, məhkəmə icraatı barədə ona məlumat verilmiş, məhkəmənin iclas günü isə o, telefonlara cavab verməmişdir, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasından Cavabdeh yaşadığı ərazi üzrə poçt xidmətinin Fazil adlı əməkdaşının ***- ***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlanıldı, həmin əməkdaş məhkəmə bildirişinin cavabdehə xidmətin Raisə adlı əməkdaşı tərəfindən mütləq çatdırıldığını bildirdi. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 göstərdi ki, Cavabdeh onun əri Nazimdən pul borc alıb, pulu gəlib evdən aparıb, Nazim ondan pul götürüb Cavabdeh verib. Cavabdeh pulu götürəndə çörək pulu kartını verəcəyini bildirmiş, lakin kartı verməmişdir. Hazırda Cavabdeh onun əri Nazimə 6340 manat borcu var. 10-15 gün bundan əvvəl əri Nazim Cavabdehlə danışmışdır. Məhkəmə tərəfi və şahidi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 01 may 2024-cü il tarixdə verilmiş AA 502833 seriyalı X2 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş hazırkı Cavabdeh tərəfindən yazılmış sadə yazılı QƏBZdən görünür ki, o, İddiaçı 6340 manat pul almış, 2023-cü ilin fevral ayından etibarən çörək pulu kartı ilə hər ay 180 manat ödəməyinə söz vermişdir. AZE 16275828 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1991-ci il təvəllüdlüdür, rayonun Bağbanlar kəndindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı tələblərində israrlıdır, tələbinin əsası kimi istinad etdiyi, cavabdeh tərəfindən 6340 manat borcun alınması ilə bağlı yazılmış qəbzi məhkəməyə təqdim edir. Cavabdeh məhkəmə iclasına gəlmir, iddia tələblərinin təkzib edilməsi ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etmir, məhkəmə icraatından məlumatlı olsa da məhkəmə mübahisəsinə münasibət bildirmir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 6340 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı məcburi köçkün olduğundan qanunla dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş həcminə müvafiq olaraq, yəni 83.40 manat məbləğində pul MPM-nin 119-cu maddəsinin tələbləri baxımından cavabdehdən alınıb dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 6340 /altı min üç yüz qırx/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh – dövlət rüsumu kimi ödənilməli olan 83.40 /səksən üç manat qırx qəpik/ manat pul tutularaq dövlət xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-3201/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3201/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver