Məhkəmə qərarları › İş №2(013)-3362/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3362/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3362/2024 13.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 02 oktyabr 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, Ağdam Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(013)-708/2014 saylı Qətnaməsi ilə nikah pozulmuş, nikah pozulduqdan sonra 2 uşaqlarının saxlanılması üçün aliment qət edilmiş, sonradan aliment məbləği artırılmış, hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment qət edilmiş, alimentlə bağlı icra sənədinə əsasən cavabdehin ona 2800 manat aliment borcu yaranmış, hazırda həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələblərini müdafiə etdi. Göstərdi ki, borclu Cavabdeh uşaqların saxlanılması üçün aliment tutulub, lakin uşaqların 18 yaşları tamam olduqdan sonra alimentin tutulması dayandırılıb. Cavabdeh hazırda pensiya alır, həmçinin işləyir, əmək haqqı alır. Hazırda cavabdehin ona olan borcu 2800 manatdır. Məhkəmə icraçıları onun xeyrinə pul tutulmasını dayandırıblar. Ona görə də tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan Ağdam Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(013)- 708/2014 saylı və 30 may 2019-ci il tarixli, 2(013)-946/2019 saylı Qətnamələrindən görünür ki, Cavabdeh usaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulmalı, aliment məbləği üzrə hazırkı borc 2800 manat təşkil edir. İddiaçının izahatından və iş materiallarından aydın olur ki, iddianın predmeti olan 2800 manat pul Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnamələrinin icrası ilə əlaqədar yaranan aliment borclarıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin predmeti, yəni qanuni qüvvəsini almış yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranan 2800 manat aliment borcudur, qətnamə müvafiq icra qrumu tərəfindən məcburi icra tədbirləri çərçivəsində icra edilməlidir, həmin məbləğ borcludan tutularaq tələbkara verilməlidir, bu səbəbdən həmin iddia tələbinə məhkəmədə baxılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya iş üzrə icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir, /maddə 262.1/ iş üzrə xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş hallar iddia ərizəsinə əsasən başlanmış iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 263-264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi əsasında yaranmış borc kimi 2800 manat pul tələbinə dair iddia ərizəsinə əsasən başlanmış hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar