Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3411/2025 25.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı İsabala oğlunun iştirakı ilə, İddiaçı İsabala oğlunun Cavabdeh Rafiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İsabala oğlu Cavabdeh Rafiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafiq oğlundan ona olan ümumilikdə 1610 manat borcunun və dövlət rüsumu olaraq ödədiyi 37 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Rafiq oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı İsabala oğlu izahatında iddianı müdafiə etdiyini, Cavabdeh Rafiq oğlunu tanıdığını, onunla aralarında heç bir ədavət, düşmənçilik və ya qohumluq əlaqələrinin olmadığını, yaxın tanışlıq münasibətlərinin olduğunu, bu səbəbdən də 2025-ci ilin may ayının 15-də kafel almaq üçün ona 1970 manat pul verdiyini, lakin Cavabdeh yalnış 360 manatlıq kafel aldığını, qalan məbləği isə öz şəxsi ehtiyacları üçün xərclədiyini, cavabdehin ona borcu olduğunu etiraf etdiyini və borcunu tez bir zamanda qaytaracağına söz verdiyini, lakin həmin vaxtdan xeyli müddətin keçməsinə və cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq borcundan onun qardaşı tərəfindən cəmi 200 manat məbləğində pul qaytarıldığını, qalan məbləğin isə müxtəlif bəhanələr gətirərək qaytarmaqdan əsassız olaraq imtina etdiyini, özünün bununla bağlı Ağcabədi RPŞ-yə şikayət etdiyini və cavabdehin ona borclu olmasının sübuta yetirildiyini, lakin işdə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edildiyini, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiətində qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağcabədi RPŞ-nin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, İddiaçı İsabala oğlunun Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, kafel sifariş verib 1970 manat ödədiyini və 360 manat dəyərində kafelin gətirilməsi və qalan pulun geri ödənilməməsi səbəbindən Cavabdeh Rafiq oğlundan şikayətçi olduğu, aparılan araşdırma zamanı İddiaçı İsabala oğlunun xx.xx.2025-ci il tarixdə Quzanlı qəsəbəsinə gedərək, evinin həyətinə kafel almaq üçün öncə beh olaraq 370 manat məbləğində pulu Cavabdeh kartına göndərmiş və 370 manat dəyərində kafel alınmış, geri qalan 1610 manat dəyərində kafelin isə sonradan alınaraq gələcəyi bildirilsədə, sonradan alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1410 manat məbləğində pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 37 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Rafiq oğlundan 1410 manat məbləğində pul vəsaiti və 37 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İsabala oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3411/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3411/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver