Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3588/2025 06.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsinə 06 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2008-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş, xx.xx.2010-cu ildə Heyran və xx.xx.2013-cü ildə Namiq adlı uşaqları olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(054)-575/2023 saylı qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, uşaqları onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa grə 130 manat olmaqla cəmi 260 manat alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Müəyyən edilmiş alimentin miqdarı uşağın müasir tələbatını ödəməyə kifayət etmir. Uşaqlar böyümüş, onların gündəlik tələbatları da artmışdır. Namiq adlı uşaq ümumi orta təhsil alır, hazırlıqlara gedir, həmçinin onun görmə problemi olmaqla gözlərində 4 faiz görmə qabiliyyəti var. Heyran 10-cu sinifdə oxuyur, beş fənnən hazırlığa gedir. Uşaqların hazırlığına iddiaçı ayda 500 manat ödəyir. Uşaqlara dərs və hazırlıq üçün ləvazimatlar alınması zərurəti var. Cavabdeh əvvəllər ticarətlə məşğul olmuş, bundan əlavə Rusiyaya gedib mövsümü işləyir. Cavabdehin qazancı kifayət qədərdir, lakin sonuncu könüllü olaraq maddi kömək göstərməkdən imtina edir. Qeyd edilənlərə əsasən Heyran və Namiq adlı uşaqlarının saxlanılması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(054)-575/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment, həmçinin mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli və əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Belə ki, «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il № 15 saylı Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 mislİ həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia qaldırarkən Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(054)-575/2023 saylı qətnaməsi qəbul olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı uşaqlarının tələbatının artmasını bildirərək alimentin mqiidarının dəyişdirilməsini xahiş etmişdir. Hazırki vəziyyətdə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il № 15 saylı Qərarınına əsasən İddiaçı alimentin miqdarının artırılması ilə bağlı iddia tələbinə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçı alimentin indeksasiya edilməsi ilə məhkəməyə müraciət etmək hüququ izah var. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi qəbul edilməkdən imtina edilsin və əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3588/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3588/2025
06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver