Məhkəmə qərarları › İş №2(013)-370/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-370/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-370/2024 24.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 24 aprel 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X2 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı MasterCard Gold Beynəlxalq ödəniş sisteminin kredit kartlarından istifadə etməklə 12 ay müddətinə illik 25 faizlə 6370 ABŞ dolları məbləğində kredit xətti açmaqla kredit vermişdir. Cavabdeh öhdəlikləri yerinə yetirmədiyindən əsas borcdan və faizdən borcu yarandığını qeyd etməklə Cavabdeh 6309,66 ABŞ dolları əsas, 3059,54 ABŞ dolları faiz – cəmi 9369,20 ABŞ dolları borcun və ödənilmiş 137,28 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən Q.R.Məhərrəmov iddianı müdafiə edərək və Cavabdeh kredit borcu üzrə sonuncu dəfə xx.xx.2020-ci ildə ödəniş etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 17 aprel 2024-cü ildə keçirilmiş məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı etiraf etnməyərək göstərmişdir ki, 2015-ci ildə bankdan kredit götürərək iş yoldaşına vermiş və həmin şəxs krediti ödəyəcəyini ona demişdir. Kredit məbləğini ödəmədiyini, öhdəliyin son icra müddətinin xx.xx.2016-cı il olduğunu, iddia müddətinin xx.xx.2019-cu ildə bitdiyini qeyd etməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MasterCard Gold Beynəlxalq ödəniş sisteminin kredit kartlarından istifadə etməklə 12 ay müddətinə illik 25 faizlə 6370 ABŞ dolları məbləğində kredit xətti açmaqla kredit verilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişdən görünür ki, öhdəliklərin icra edilməsi üçün ona xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh banka olan əsas borcu 6309,66 ABŞ dolları əsas, 3059,54 ABŞ dolları faiz təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müqaviləyə əsasən 12 ay müddətinə illik 25 faizlə 6370 ABŞ dolları məbləğində kredit xətti açmaqla kredit verərərk üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 6309,66 ABŞ dolları əsas, 3059,54 ABŞ dolları faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin mülki işin məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 12 ay müddətinə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini buraxdıqdan sonra hazırki tələblə məhkəməyə müraciət etmiş və Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Cavabdeh kredit borcu üzrə sonuncu dəfə xx.xx.2020-ci ildə ödəniş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü ildə imzalanmış və xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş, iddia müddəti isə xx.xx.2019cu ildə bitmişdir. Odur ki, tələb iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı 6309,66 ABŞ dolları əsas, 3059,54 ABŞ dolları faiz – cəmi 9369,20 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu əvəzində 137,28 manat tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar