Məhkəmə qərarları › İş №2(013)-3953/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3953/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3953/2025 25.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 25 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 5950 manat əsas borc və 4950 manat faiz borcunun, ümumilikdə 10900 (on min doqquz yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tanışı və həmyerlisidir. Təxminən 2016-cı ilin ortalarında ehtiyacı olduğu üçün cavabdeh iddiaçıdan 500 manat borc pul almışdır, Daha sonra anasının xəstə olduğu adı ilə cavabdeh iddiaçıdan daha 4500 manat borc pul istəmiş və anasının əməliyyat olunmalı olduğunu demişdir. Daha sonra cavabdeh iddiaçıya zəng edib Tünzalə müəllimə 1000 manat borcunu istədiyini, verməsə anasının baş daşını sökəcəyini demişdir. İddiaçının cavabdehə yazığı gəlmiş və 1000 manat da tapıb cavabdehə vermişdir. Beləliklə, cavabdehin borcu 6000 manat olmuş, cavabdeh pulu birdəfəlik qaytaracağını, birdəfəlik qaytara bilməsə, ayda 400 manat qaytaracağını demişdir. Hətta, belə bir öhdəliyin götürülməsi barədə cavabdeh yazılı iltizam da vermişdir. Lakin hal-hazıradək həmin puldan xx.xx.2025-ci ildə cəmi 50 manat poçt vasitəsilə göndərmişdir Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot dərəcəsi 7,25 %-dir. 2 faiz də üzərinə gəlsək edər 9,25%. 2016-cı ildən 9 il keçmişdir. 5950 manatın 9 ildə faizi 4950 manat (5950 manatın 9,25%-i 550 manat, 550 manat x 9=4.950). Beləliklə, cavabdehdən tutulmalı məbləğ 5950+4950=10900 manat təşkil edir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, əvvəllər təhsil şöbəsində işləmiş, cavabdeh isə müəllim olmuşdur. 2016-cı ildə Aidəyə 500 manat, sonra 4500 manat vermiş, daha sonra isə Aidənin rəfiqəsi Tünzalə vasitəsi ilə Aidəyə 1000 manat vermişdir. Aidə ona 4500 manat borclu olması barədə qəbz yazıb vermişdir. Tələb etməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən, yəni 1000 manat hissədə etiraf edərək göstərmişdir ki, Həmzədən 4500 manat alaraq qəbz yazmış, lakin Həmzə onun dondurulmuş əmək haqqını almışdır. Hazırda Həmzəyə 1000 manat borcununqaldğını qeyd etməklə iddianın həmin hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə hissə-hissə olmaqla 4500 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı pulu qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdeh iddiaçıdan cəmi 4500 manat borc aldığını etiraf etmiş, qaytardığını sübut edə bilməmişdir. Həmçinin iddiaçı cavabdehin ona faizlər ödəməli olduğunu sübut edə bilməmişdir. İddiaçı isə öz növbəsində cavabdehə 5950 manat borc verdiyini iddia etsə də, bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində Cavabdeh 65 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 65 (altmış beş) manat dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı iddiasının qalan – 6400 (altı min dörd yüz) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar