Azərbaycan Respublikası adından Qətnamə Ağdam rayon İş № 2(013)-3976/2025 31.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSI Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi – «Pro Bono» Vəkil Bürosunun vəkili Rzazadə İqbal Kamil oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbi barədə mülki işə 31 mart 2026cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Cavabdeh 20400 (iyirmi min dörd yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən «xxxx Holding» nəzdində fəaliyyət göstərən «xxxx» MMC-nin «Duru yağ» sahəsində işlədiyi vaxtdan tanıyır. Cavabdehlə iddiaçının münasibətləri həmişə normal olmuş, bu səbəbdən cavabdeh daimi oğlundan söhbət açaraq, polisdə işlədiyini, normal maaşı olmadığı üçün X9 getdiyini, orada «taksi» fəaliyyəti ilə məşğul olaraq hər ay 5-6 min ABŞ dolları məbləğində pul qazandığını vurğulamışdır. Bundan sonra iddiaçı ABŞ-yə gedib pul qazanmaq niyyətinə düşmüşdür. ABŞ-yə getmək üçün çəkiləcək xərcin 20000-30000 manat pul lazım olduğunu bildirərək, bu işdə iddiaçıya yardımçı olacağına cavabdeh söz vermişdir. Bundan sonra iddiaçı bankdan 20400 (iyirmi min dörd yüz) manat pul götürmüş və cavabdehin yaşadığı Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən «Bravo» marketlə üzbəüz ünvanda yerləşən binanın qarşısında ## ###### 2024-cü il tarixdə görüşərək 7000 (yeddi min) ABŞ dollarını Azərbaycan manatına dəyişərək 11900 (on bir min doqquz yüz) manat məbləği cavabdehə vermişdir. Təxminən 10-15 gün sonra yenidən cavabdeh iddiaçıya zəng edərək 3400 (üç min dörd yüz) ABŞ dolları lazım olduğunu bildirmiş və həmin pulu iddiaçının yaşadığı ünvana yaxın «Tayqa» marketin yanında görüşüb iddiaçı cavabdehə vermişdir. ## ####### 2024-cü il tarixdə 1600 (min altı yüz) ABŞ dolları ümumivətəndaş pasportunun alınması üçün iddiaçı cavabdehə Sumqayıt şəhərində vermişdir. ##.##.2024-cü il tarixdə onlayn bilet alaraq, iddiaçı Bakı şəhərindən Əbudabi şəhərinə getmiş və 10 gün orada qalmışdır. Hoteldə qalmaq, yemək pulu iddiaçının vəsaiti hesabına başa gəlmiş və 500 ABŞ dolları xərci çıxmışdır. Daha sonra cavabdehin oğlu Pərvizin aldığı biletlə iddiaçı Serbiya Respublikasına getmiş, günü 80 avro olmaqla iki Azərbaycan vətəndaşları olan Fərhad və Xaliq adlı şəxslərlə Serbiya Respublikasında ev tutub 1680 avro, yəni 3191 manat pul xərcləmişdir. 21 gün orada qaldıqdan sonra Pərviz iddiaçıya Kolumbiya Respublikasına bilet aldıqdan sonra X10 getmiş, 41 gün hoteldə qalmış, bütün xərcləri özü çəkərək 2400 (iki min dörd yüz) manat xərcləmişdir. X2 Amerikanın Manaqua şəhərinə bilet aldıqdan sonra iddiaçı ora uçmuş, vizaya 160 (yüz altmış) ABŞ dolları vermiş, oradan Honduras və Qvatamela şəhərinə getmişdir. Pərviz onları həmin əraziyə buraxan şəxslərin pulunu ödəmədiyi ucbatından iddiaçı 18 gün orada qalmışdır. Meksikanın otellərində 4 ay qaldığı zaman iddiaçı 12000 (on iki min) manat xərcləmiş, artıq pulu tükənmiş, cavabdehin oğlu Pərviz əlini üstündən tam götürmüşdür. Həmin pulları iddiaçıya Bakıdan qohum-əqraba borc göndərmişlər. İddiaçı cavabdehin və sonuncunun oğlunun qurduğu «tələyə» düşmüş, artıq ABŞ-yə keçmək qeyri mümkün olmuş və Azərbaycana qayıtmışdır. Cavabdeh və sonuncunun oğlu iddiaçını bu yolla aldadaraq ilkin olaraq 20400 (iyirmi min dörd yüz) manat pul almışlar. Biletləri Pərviz almış, qalma, otel xərcləri, yemək pulunun hamısı iddiaçının hesabına görülmüşdür. Geri qayıtdıqdan sonra iddiaçı cavabdehə verdiyi pulların qaytarılmasını xahiş etmiş, lakin cavabdeh pulun tam xərcləndiyini bildirərək pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin iddiaçıya qarşı hərəkəti, yəni etibarından sui istifadə edərək aldatması artıq faktdır, guya oğlu Pərviz Amerikada yaşayır, istənilən şəxsə ABŞ-yə getmək üçün köməklik etmiş, bu adla iddiaçını və qeyrilərini aldatmışdır. İddiaçı cavabdehə əlbəəl 20400 (iyirmi min dörd yüz) manat vermiş, nəticəsi isə göz qabağındadır. Cavabdeh vəd verərək ABŞ-yə tam keçmək niyyəti ilə həmin pulu almış, halbuki bu yolla oğlu ilə birləşərək iddiaçını aldatmış və dələduzluq etmişdir. Bu barədə iddiaçı Sumqayıt Şəhər Polis Şöbəsinə müraciət etmiş, orada əsassız və qanunsuz qərar verilmişdir. Cavabdehin nümayəndəsi İ.K.Rzazadə məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddianın təmin olunması üçün hər hansı hüquqi əsas yoxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq işin faktiki və hüquqi halları qismində aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk əvvəl məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsi cavabdehin düzgün müəyyənləşdirilməsi baxımından əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdeh heç kimi ABŞ-yə aparmaq və yaxud keçirmək barədə öhdəlik götürməmişdir. Cavabdeh «xxxx» MMC-nin Qida-Yağ Fabrikində fəhlə olaraq çalışır. Arzunun polis bölməsində verdiyi izahatından da görünür ki, cavabdehlə iddiaçının ABŞ-yə getmək istəməsi barədə aralarında hər hansı danışıq olmamışdır. İddiaçı özü iş yoldaşı Rüfətin vasitəsi ilə cavabdehin oğlu Pərvizlə danışmışdır. İddiaçı iddia ərizəsində yazdıqlarının heç bir həqiqəti əks etdirmir. İşin faktiki halı aşağıdakı kimidir: cavabdehin oğlu Hüseynbəyli Pərvizin 2024-cü ilin may ayında ABŞ-na getmək istədiyi zaman qəbul olunmadığı üçün təxminən 2 həftədən sonra Ekvador Respublikasından geri qayıtmışdır. Bundan sonra cavabdehin oğlu ABŞ-də yaşayan tələbə yoldaşı X3 zəng edərək, ona kömək etməsini xahiş etmişdir. Tələbə yoldaşı Zaur Abdullayevin köməkliyi ilə Pərviz Meksikaya gedərək orada işləmişdir. Oğlu cavabdehə zəng edərək, iş yoldaşı Rüfətin ona zəng etdiyini, digər iş yoldaşı Elvinin ABŞ-yə getmək istədiyini bildirmiş, sonra isə oğlu bu barədə Zaur Abdullayevə zəng edərək kömək etməsini xahiş etmişdir. Zaur Abdullayev də cavabdehin oğlunun xahişini qəbul edərək kömək edəcəyini bildirmiş və Elvinin 12000 ABŞ dolları xərcinin çıxacağını qeyd etmişdir. Elvin cavabdehə Zaura çatdırmaq üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 12000 ABŞ dolları vermiş, o, da həmin pulu Zaura göndərmişdir. Daha sonra həmin pul vəsaiti ilə Zaurun iddiaçıya aldığı biletlə Dubaya getmiş, oradan da ABŞ-yə getməli idi. Pərviz də Meksikada olduğu zaman ABŞ-də hakimiyyət dəyişkənliyi olduğu üçün proqram bağlanmış ABŞ-yə getmələri mümkün olmamışdır. Yəni, Elvinin ABŞ-yə çata bilməməsi Zaurun təqsirindən baş verməmiş, yeni prezident seçildikdən sonra ABŞ-yə keçid üçün olan ZBP proqramı bağlanmışdır. Pərviz Meksikada qalıb işləmiş, Elvin isə orada qalmaqdan imtina etmiş, bu barədə Zaura heç bir məlumat vermədən geri qayıtmışdır. Cavabdeh iddiaçıya ABŞ-yə getməsini təklif etməmiş, oğlunun ABŞ-də olmasını bildirməmişdir. İddiaçı özü iş yoldaşı Rüfətin vasitəsi ilə Pərvizə zəng edərək ABŞ-yə getmək istədiyini bildirdiyi üçün övladı X4 vasitəsi ilə Elvinə köməklik etmək istədiyini bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zaur Abdullayevlə əlaqə saxlanılmış, bu zamam həmin şəxs 12000 ABŞ dollarının Pərviz Hüseynbəylinin ona göndərməsini, həmin pulu İddiaçı bilet və otel xərclərinə xərclədiyini, Meksikada Elvinin ondan xəbərsiz Azərbaycan Respublikasına qayıtmasını bildirmişdir. Ümumiyyətlə hazırki tələbə münasibətdə Zaur Abdullayevlə əlaqə saxlanılan zaman sonuncu Elvinlə aralarındakı danışığın yalnız ABŞ sərhədinə kimi getmək üçün kömək etməsi ilə bağlı olduğunu, sərhəddə olduğu zaman isə proqram vasitəsi ilə sərhədi keçməli olduğunu bildirmişdir. Zaur da sərhədə kimi köməklik göstərmiş, Elvin ABŞ-nin sərhədinə çatmışdır. Sərhəddə olan zaman ZBP proqramı vasitəsi ilə Elvin özü keçməli olmuş, lakin proqram bağlandığından keçid edə bilməmişdir. Elvin qaçaq yolla keçməyi Zaura təklif etmiş, Zaur isə məsləhət görməmişdir. Nora və Arif adlı şəxslər Elvin, Xalid və Fərhadı ABŞ sərhədinə kimi çatdırmışlar. Sərhədə kimi olan xərclər alınmış aviabiletlər, otel xərcləri, habelə onları sərhədə kimi gətirən Nora və Arifə ödənilməli olan pul vəsaitləri Zaur tərəfindən ödənilmişdir. Həmçinin Zaurun göstərdiyi köməklə özlərinin getdikləri yol xərcləri, yemək xərcləri də Zaur tərəfindən qarşılanmışdır. Sərhəddə proqram bağlandıqdan sonra Elvin əlaqəni kəsərək geri qayıtmışdır. Sonradan isə Elvin müxtəlif şəxslər vasitəsi ilə hədə-qorxu gələrək başına oyun açacağını və s. ifadələrlə hədələmişdir. Hazırda da iddiaçı özü də pulu Zaur Abdullayevə verdiyini bilə-bilə hazırki tələblə Cavabdeh qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar;.54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə uyğun olaraq İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırki iş üzrə cavabdehin iddiaçı qarşısında ümumiyyətlə hər hansı öhdəliyi olmamışdır. İddiaçının iş yoldaşı Rüfət vasitəsi ilə, daha sonra birbaşa özü Zaur Abdullayevə zəng edərək, ondan kömək istəməsi, onunla hər hansı danışıq aparması, aralarında hər hansı öhdəlik münasibətlərinin yaranması hazırki iş üzrə cavabdeh üçün öhdəlik yaratmır. İddiaçı ilə Zaur Abdullayev arasında olan danışıq zamanı aralarındakı razılaşmaya uyğun pul vəsaitinin Zaura çatdırılması üçün cavabdehə verilməsi hazırki iddianın qaldırılması üçün əsas deyil. Zaur Abdullayevə çatıdırlması üçün iddiaçı tərəfindən Cavabdeh verilmiş pul vəsaiti iddiaçının tələbi əsasında Zaur Abdullayevə çatdırılmışdır. Hazırki iş üzrə cavabdeh Cavabdeh verilmiş pul vəsaitinin Zaur Abdulleyəvə çatdırılmasını öhdəlik kimi götürdükdə həmin öhdəlikdə tam şəkildə icra olunmuşdur. Bu hal da iş materialları ilə tam təsdiq olunur. Pul vəsaiti hər hansı ödəniş aparatı vasitəsi ilə Zaur Abdullayevə çatdırılsa idi, iddiaçı həmin aparatın məxsus olduğu şəxsi məhkəməyə verəcəkdi. Göründüyü kimi hazırki iddia tələbi düzgün olmayan cavabdeə qarşı qaldırılmışdır. Hazırki iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qaldırıldığı, habelə Zaur Abdullayevə verilmiş pul vəsaitinin iddiaçının özünə sərf edildiyini nəzərə alaraq İddiaçı tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, Cavabdeh 20400 manat pul vermişdir. Arzu həmin puldan ona Bakı-Abudabi, Abudabi-Belqrada bilet almışdır. Arzunun aldığı Belqrad-Amsterdam-Kartoqena bileti 4000 ABŞ dollarına deyil, 1700-2000 manat dəyərində olmuşdur. Arzu ona Yapon vizası açdırarkən təxminən 250-500 manat arası xərc çəkmişdir. Bundan başqa Arzu və başqa şəxslər ona hər hansı bir məbləğ verməmiş, onun xaricdə qalması üçün xərc çəkməmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi qismində məhkəmədə izahat verən İ.K.Rzazadə iddianı etiraf etməyərək göstərmişdir ki, Cavabdeh İddiaçı işləmək üçün xarici ölkəyə getməsinə vasitəçilik etmişdir. Elvin Arzuya 20400 manat pul vermiş, sonuncu isə həmin məbləği Zaur Abdullayevə vermişdir. X5 işləmək üçün xarici ölkəyə aparmaqdan ötrü həmin məbləği almışdır. 20400 manat məbləğdən Elvinə 222,68 manata Bakı-Abudabi, 607,75 manata Abudabi-Belqrad bileti, 6800 manata Belqrad-Amsterdam-Kartoqena bileti alınmışdır. 222,68 manata alınmış Bakı- Abudabi və 607,75 manata alınmış Abudabi-Belqrad biletlərinin qəbzini məhkəməyə təqdim etmişdir. Belqrad-Amsterdam-Kartoqena biletinin qəbzini saxlamamışlar. Bundan başqa Elvinə Yapon vizası açdırmaq üçün 1000 manat xərc çəkilmiş, lakin qəbz saxlanılmamışdır. Elvinlə birlikdə xarici ölkədə qalmış Fərhadın kartına Zaur Abdullayev 1953,16 manat, Xalidin kartına isə 1264,02 manat göndərmişdir. Elvinin işi ilə əlaqədar olaraq Nora adlı şəxsə 2000 ABŞ dolları, Arif adlı şəxsə isə əvvəl 2800 manat, sonra isə 1500 ABŞ dolları verilmişdir. Elvinin Meksikada 90 gün qalması üçün Zaur hər gününə 20 ABŞ dolları olmaqla 1800 ABŞ dolları,Kolumbiyada qalması üçün 45 gün ərzində 900 ABŞ dolları xərc çəkmişdir. Arzunun alıb Zaura verdiyi 20400 manat məbləğdən artıq Elvin üçün xərc çəkmişlər. Lakin Elvinin düşdüyü vəziyyətə görə Zaur 3000-5000 manat qaytarmağa etiraz etmir. Zaurdan asılı olmayan səbəbə görə X7 Ştatlarına gedə bilmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunduğu kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında 20400 manat məbləğin borc verilməsinə dair yazılı formada müqavilə bağlanmadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəaları tətbiq edilməlidir. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 17069 (on yeddi min altmış doqquz) manat 57 (əlli yeddi) qəpik məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 17069 (on yeddi min altmış doqquz) manat 57 (əlli yeddi) qəpik məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı X6 HK-*/*** saylı material üzrə qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh şikayət edərək 20400 manat pulunu ala bilməməsini göstərmiş və cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt Sumqayıt Şəhər Polis İdarəsinə izahat verən Cavabdeh İddiaçı 20400 manat aldığını etiraf etmişdir. Cavabdeh tərəf iddiçıya 222,68 manata Bakı-Abudabi, 607,75 manata Abudabi-Belqrada bileti aldığına dair məhkəməyə qəbzlər təqdim etmiş, lakin 6800 manata Belqrad-Amsterdam-Kartoqena bileti alınmasına, Yapon vizası açdırmaq üçün 1000 manat xərc çəkildiyinə dair sübutlar təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddiaçı ilə birlikdə xarici ölkədə qalmış Fərhadın kartına Zaur Abdullayevin 1953,16 manat, Xalidin kartına isə 1264,02 manat göndərdiyini bildirmiş, lakin bu hal təsdiq olunmamış, təsdiq olunsa belə iddiaçıya heç bir aidiyyəti olmamışdır. Cavabdeh həmçinin iddiaçının Meksikada 90 gün qalması üçün hər gününə 20 ABŞ dolları olmaqla 1800 ABŞ dolları, Kolumbiyada qalması üçün 45 gün ərzində 900 ABŞ dolları xərc çəkildiyini sübut edə bilməmişdir. İddiaçı məhkəmədə izahat verərkən ona Belqrad-Amsterdam-Kartoqena biletinin 2000 manata alındığını, Yapon vizası açdırmq üçün təxminən 250-500 manat arası xərc çəkildiyini bildirmişdir. Bu səbəblərdən məhkəmə cavabdehin iddiaçıdan aldığı məbləğdən 3330 (üç min üç yüz otuz) manat 43 (qırx üç) qəpik məbləği qaytardığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq 141,23 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 17069 (on yeddi min altmış doqquz) manat 57 (əlli yeddi) qəpik alınaraq İddiaçı verilsin. Cavabdeh 141 (yüz qırx bir) manat 57 (əlli yeddi) dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan –3330 (üç min üç yüz otuz) manat 43 (qırx üç) qəpik tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3976/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3976/2025
31.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver