Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3983/2025 18.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 18 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3900 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin sentyabr ayında ümumi tanışlarının vasitəsi ilə cavabdehlə tanış olmuşdur. Cavabdeh özünə iş qurmaq istədiyini, lakin pulunun olmadığını iddiaçıya deyərək sonuncudan borc istəmişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanaraq "xxxx" ASC-nin «birbank» tətbiqi vasitəsi ilə cavabdehin kartına xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1880 manat, xx.xx.2024-cü ildə 900 manat, Aygün adlı anasının kart hesabına isə xx.xx.2024-cü ildə 120 manat köçürmüşdür. Cavabdeh iddiaçıdan aldığı 3900 manat pulu 2024-cü ilin oktyabr ayının axırına qədər iddiaçıya qaytaracağını söz vermişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən iddiaçı ağır maddi duruma düşmüşdür. İddiaçı məhkəməyə ərizə üvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Elvinin arvadı Nərminə ilə birlikdə lotoreya oynamışlar. Ona faizə 500 manat lazım olmuş və həmin pulu Nərmindən almışdır. Bundan sonra Nərmin əri Elvindən fazilə pul istəməyi və pul istəyərkən müəllimə olduğunu, Nərmini tanımadığını, Nərminlə münasibətinin olması barədə Elvinə bildirməməsini ona demişdir. Bundan sonra müxtəlif vaxtlardan Elvindən 1000 manat, 1880 manat, 900 manat pul almışdır. Elvin həmin pulları onun kartına göndərmişdir. Bundan əlavə Nərmin ona məxsus 120 manat lotoreya pulunu Elvinin kartı ilə göndərmişdir. Lotoreyadan 2000 manat pul almalı olmuşdur. Həmin məbləğin 1880 manat və 120 manat hissəsi ona kartla göndərilmişdir. Elvindən birinci dəfə aldığı 1000 manat məbləğin 500 manat hissəsini sonuncunun arvadı Nərminə vermişdir. Aldığı pulları Elvinə qaytarmışdır. Hazırda Elvinə 200-300 manat borcunun qaldığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunduğu kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında 3900 manat məbləğin borc verilməsinə dair yazılı formada müqavilə bağlanmadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəaları tətbiq edilməlidir. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 3900 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 3900 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmədə elan olunmuş «MPay» vasitəsi ilə həyata keçirilmiş ödəniş qəbzlərinin kserosurətindən görünür ki, "xxxx" ASC-nin «birbank» tətbiqi vasitəsi ilə cavabdehin istifadəsində olan karta xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1880 manat, xx.xx.2024-cü ildə 900 manat, digər hesaba isə xx.xx.2024-cü ildə 120 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının kartı ilə onun kartına 3900 manat göndərdiyini etiraf etmiş, həmin pulun bir hissəsinin ona çatası lotoreya məbləği olduğunu, bir hissəsini isə İddiaçı qaytardığını bildirsə də, bu halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində Cavabdeh 59 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 3900 manat və ödənilmiş dövlət rüsumu əvəzində 59 manat – cəmi 3959 (üç min doqquz yüz əlli doqquz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3983/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3983/2025
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver