Məhkəmə qərarları › İş №2(013)-4048/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-4048/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-4048/2025 04.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Midir oğluna qarşı pul tələbi barədə mülki işə 04 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 2500 manat, həmin məbləği qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 100 manat - cəmi 2600 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərüffatı işləri ilə məşğul olur, ailənin məşğuliyyəti iri buynuzlu mal-qara saxlayıb ondan gəlir götütrməkdir. İddiaçının atası xəstə olduğu üçün Bərdə mal bazarına saxladıqları iri buynuzlu malqaradan aparıb satıb atasını müalicə etdirmək istəmişlər. .İddiaçı Bərdə mal bazarında Ağdam rayon sakini Cavabdehla rastlaşmışdır. Bəhruz iddiaçıya məxsus iri buynuzlu mal qaranı almaq niyyətində olduğunu bildirmişdir. İddiaçıya özünə məxsus mal-qaranı 11500 manata razılaşmışlar. Cavabdeh həmin məbləğin 9500 manatını nağd ödəniş etmiş, 2500 manatı borclu qalmışdır. Bir xeyli müddətdir ki, iddiaçı cavabdehdən 2500 manat pulu ala bilmir, cavabdeh iddiaçının zənglərini açmır. İddiaçı Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi onların hər ikisindən izahat almış və cavabdeh olanları təsdiq etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ətizəsində göstərilənləri təsdqləyərək, cavabdehin ona 9000 manat ödədiyini, lakin texniki səhv olaraq iddia ərizəsində 9500 manat yazıldığını qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh B.M.Mədətova məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh 11500 manat dəyərində əşya (iri buynuzlu mal-qara) verməklə üzərinə düşən öhdəliyi icra etmiş, Cavabdeh isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyərək 2500 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan Cavabdeh Bərdə Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2025ci il tarixli izahatının surətindən görünür ki, Cavabdeh İddiaçı 11500 manat dəyərində heyvan aldığını, 9000 manat ödəyərək 2500 manat borclu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı cavabdehin ona məxsus olan 2500 manat məbləği qaytarmaqdan boyun qaçırdığını, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağı sübut edə bilmədiyindən İddiaçı tələbinin 100 manat hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 45 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Midir oğlundan 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət tüsumu əvəzində 46 manat - cəmi 2546 (iki min beş yüz qırx altı) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh Midir oğluna qarşı olan iddiasının qalan 100 (yüz) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar